Biri cəzanın azaldılmasını, digəri artırılmasını istəyir

biri-cezanin-azaldilmasini-digeri-artirilmasini-isteyir
Oxunma sayı: 1734

Aptekdə güclü təsiredici zərərli maddələri qanunsuz satmaqda təqsirləndirilən İlkin Məmmədov və Günel İslamovanın barəsindəki hökmdən hər iki tərəf narazı qalıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hər iki şəxs qanunsuz olaraq narkotik vasitələr və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən dərmanların satışı ilə məşğul olublar. Onlar Cinayət Məcəlləsinin 240.2.2-ci (narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma, təkrarən törədildikdə) maddəsi ilə ittiham edilib.

Sabunçu rayonu Maştağa qəsəbəsində fəaliyyət göstərən aptekin sahibi İlkin Məmmədov və satıcı Günel İslamova şəhər prokurorluğunun əməkdaşları tərəfindən saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 1 il müddətinə azadlıqdan məhrum edillib, G.İslamovaya isə şərti cəza seçilib və o, azadlıqda qalıb.

Cəza alan şəxslər də, cəza tələb edən prokurorluq da hakimin hökmü ilə razılaşmayıb. Təqsirləndirilən İ.Məmmədov cəzanın yüngülləşdirilməsini, Baş Prokurorluq isə daha ağır cəza verilməsini istəyib. Bu məqsədlə hər iki tərəf Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. İşə hakim Əmir Bayramovun sədrliyi ilə baxılır.

Murad Əhməd