“Biri deyir oğlumu görməyə gedirəm, o biri deyir gəzməyə...”

biri-deyir-oglumu-gormeye-gedirem-o-biri-deyir-gezmeye
Oxunma sayı: 2939

Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimli marşrut avtobuslarında yaranan sıxlıqdan danışıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, V.Kərimli deyib ki, martın 31-də metroda 66 min sərnişin daşınıbsa, aprelin 1-də ekspress xətlərdə 68 min insan daşınıb:

“Görürsünüz ki, karantin qaydasında insanların küçəyə çıxması azalmaqdansa, artır. Martın 31-də Heydər Əliyev prospektində 36 min nəqliyyat vasitəsi keçibsə, aprelin 1-də 26 min maşın bu yoldan istifadə edib. Amma digər ölkərlərdə karantin günlərində bu rəqəm 60-70 faiz azalıb.

Marşrut xətlərində 2-3 avtobus əlavə edilib. Sıxlıq olmaması üçün insanlar evdə oturmalıdır. Zərurət olmadan evdən çıxan insanlar var.

Biz reyd apardıq, ictimai nəqliyyatdan istifadə edənlərdən biri deyir oğlumu görməyə gedirəm, digəri deyir gəzməyə çıxmışam. Vətəndaşların gündəlik davranışları dəyişməlidir”.

O əlavə edib ki, apteklər, karantin yerləri və supermarketlərlə danışıb buna uyğun ekspress xətlər müəyyənləşdirilir: "Bakı kəndlərindən də ekspress xətlərin istifadəyə verilməsi ilə bağlı hazırlıq gedir. Əgər bu xətti istifadəyə verməyə məcbur olsaq, Operativ Qərargaha bəzi xətlər üzrə daşınmanın müvəqqəti ləğv edilməsi üçün müraciət edəcəyik".

Murad Əhməd