“Birinci dəfədir ki, 3 general eyni anda istefaya göndərilir”

birinci-defedir-ki-3-general-eyni-anda-istefaya-gonderilir
Oxunma sayı: 13191

Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin 3 generalının həqiqi hərbi xidmətdən istefaya buraxılması ilə bağlı sərəncam imzalayıb. “Qafqazinfo” xəbər verir ki, onlar general-leytenant Asif Cəbrayılov,  general-leytenant Əsgər Xəlilov, general-leytenant Fərhad Tağı-zadədir. Hər üç general  “Rəşadət ordeni” ilə təltif edilib və  Dövlət Sərhəd Xidmətinin Aparatında yola salınmaqlarıyla bağlı təntənəli tədbir keçirilib. 

“Qafqazinfo” istefaya göndərilən generallarla bağlı hərbi ekspert Üzeyir Cəfərov və təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıldan münasibət öyrənib. 

İ. İsmayıl bildirib ki,  general-leytenant Fərhad Tağı-zadə və general-leytenat Asif Cəbrayılov Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyat sahəsində xidmət ediblər: “Onlar çox istedadlı və qabiliyyətli generallar olublar.  Nə üçün istefaya göndərildiklərini bilmirəm, ola bilsin ki, yaş həddi ilə bağlıdır. Generallar işlərinə məsuliyyətlə yanaşan şəxslər olublar.  İnanmıram ki, onların hansınınsa xidməti xətası olsun. 
Qeyd edim ki, sərhəd qoşunları son zamanlar Ermənistan-Azərbaycan sərhədində fəaldırlar. Müdafiə Nazirliyi ilə müqayisədə sərhəd qoşunlarının fəaliyyəti  daha yaxşıdır. Təbii ki, arxa planda nələrin baş verdiyini  deyə bilmərəm. Çünki birinci dəfədir ki, 3 general eyni anda istefaya göndərilir. Belə bir hala rast gəlməmişdim”.

Ü. Cəfərov isə xatırladıb ki, hər 3 general təntənəli şəkildə ordu sıralarından tərxis olunublar:

“İndiyə kimi bu ənənə tətbiq olunurdu və  ümid edirəm ki, bundan sonra da davam edəcək. Hər 3 general uzun müddət Dövlət Sərhəd Xidmətində çalışıblar. Hər üçünü də şəxsən tanıyıram. Hər birinin sərhəd xidmətinin qurulmasında əməyi var. Rəhbərlik də onların xidmətini yüksək qiymətləndirib. Yola salınarkən dövlət ordeni ilə təltif olunublar. Bu cür yolasalınma bütün qoşun növlərində olmalıdır. Bu gözəl ənənəni Azərbaycanda  davam etdirmək lazımdır. 
 
Bəzi ağzıgöyçəklər sosial şəbəkədə müxtəlif məlumat yaymağa başlayıblar. Həmin şayiələrin heç bir əsası yoxdur. Bu, yaş həddiylə bağlıdır. Çox istərdim ki, bütün güc strukturlarında bu qayda tətbiq olunsun. Mən bu gün polkovnikəmsə, savadım varsa və dövlətimə xidmət edirəmsə, Türkiyədə olduğu kimi, bizdə də pillələr boşaldılmalıdır. Belə olan halda gənc nəsil də pillələrdə irəliləyə bilir”.

Günel Türksoy