“Birinci ledi” “prezidentin xanımı” olacaq

birinci-ledi-prezidentin-xanimi-olacaq
Oxunma sayı: 641

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, Misirdə qəbul edilən yeni qaydalara görə, bundan sonra ölkə başçısı seçilən siyasətçilərin xanımları “birinci ledi” kimi çağrılmayacaqlar.

Sabiq lider Hüsni Mübarəkin xanımı Süzan Mübarəkin xalqdan uzaq həyat tərzi və siyasətə birbaşa müdaxiləsi səbəbilə sözügedən ünvana mənfi şöhrət gətirdiyini bildirən misirli siyasətçilər yeni dövrdə “birinci ledi”nin “prezidentin xanımı” ilə əvəz olunacağı xüsusunda razılığa gəliblər.

Misirin gələcəyində “birinci ledi” ünvanına yer olmadığına dair ən kəskin ifadələri isə solçuların namizədlərindən olan Sosialist Xalq Koalisiyası Partiyasının üzvü Əbül İz əl-Həririnin xanımı Zeynəb Əbdürrəhman işlədib. Belə ki, o, ümumiyyətlə “birinci ledi” adlı bir ünvanın olmadığını, Misirin sahiblərinin ölkə vətəndaşları olduğunu deyib. Əbdürrəhman heç kimin özünü belə adlandırmağa hüququnun çatmadığını xüsusi vurğulayıb.

Artıq Misir prezidentliyinə namizədlərdən olan Həmdeyn Səbbahi ölkə başçısı seçiləcəyi təqdirdə həyat yoldaşının ölkənin birinci ledisi olmayacağını vurğulayıb. Misir mətbuatı prezidentliyə güclü namizədlərdən sayılan Əbdülmünim Əbülfütuhun da bir qədər əvvəl həyat yoldaşının siyasətlə maraqlanmadığını qeyd etdiyini yazıb.

Bu arada prezidentliyə digər namizəd Məhəmməd Səlim əl-Əvvanın xanımı Əmani İşvami də prezidentin həyat yoldaşının “birinci ledi” ünvanından istifadə etməyə haqqı olmadığını, belə ki, xalqın prezidentlə yanaşı, xanımının da ölkə başçısı seçmədiyini, bu səbəbdən ölkəyə rəhbərlik edəcək şəxsin həyat yoldaşının “prezidentin xanımı” çağrılmasının kifayət edəcəyini deyib.