Birinci sessiya başa çatdı

birinci-sessiya-basa-catdi
Oxunma sayı: 853


“Qafqazinfo” ya daxil olan məlumata görə, sessiyanın əsas müzakirə mövzusu “Açıq Cəmiyyətin əsasları: Arxanda heç kimsəni buraxma: yeni davamlı inkişaf məqsədlərində sosial inteqrasiyanın vacibliyi” olub. Sessiyanın panel iştirakçıları Şri-Lankanın sabiq prezidenti, Madrid Klubunun üzvü Chandrika Bandaranaike Kumaratunga, Albaniyanın sabiq prezidenti, Madrid Klubunun üzvü Rexhep Meidani, Belçikanın sabiq Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yves Leterme, Ümumdünya Bankının Sosial İnkişaf Şöbəsinin İnteqrasiya üzrə qrup rəhbəri Maitreyi Das, Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarov, moderatoru isə Açıq Cəmiyyət Layihəsinin Məzmun və Siyasət Koordinatoru Clem MC Artneydir. 

Panel iclasında sosial inteqrasiyanı inkişaf etdirmək üçün Açıq Cəmiyyətlər Konsepsiyası, Post 2015-ci il İnkişaf Proqramı çərçivəsində konkret tövsiyələr irəli sürmək, həmçinin daxili iqtisadi artım siyasəti ilə əməli iş, yüksək keyfiyyətli təhsil və digər sosial xidmətlər ətrafında müzakirələr aparılıb. Sessiyada çıxış edən Şri Lankanın sabiq prezidenti Chandirika Bandaranaike Kumaratunga bildirib ki, bəzi cəmiyyətlərdə qadınlar ən adi hüquqlardan məhrum edilirlər. O, bəzi cəmiyyətlərdə səhiyyə xidmətləri aşağı səviyyədə olduğundan qadınların doğuş üçün xəstəxanalara getmədiyini də öz çıxışında vurğulayıb. Bununla yanaşı, açıq cəmiyyətlərin olmadığı ölkələrdə qanlı qarşıdurmaların mövcudluğunun 2015-ci ilin davamlı inkişaf prosesinə mane olacağını qeyd edib və bunun həlli üsulu kimi mövcud münaqişələrin intensivliyinin azaldılmasının əsas vəzifələrdən biri olduğunu bildirib. 

Daha sonra çıxış edən Albaniyanın sabiq prezidenti Rexhep Meidani isə qeyd edib ki, dünya üçün məqbul nəticələr əldə etmək naminə millətçi çıxışlardan uzaq olmaq və birgə fəaliyyət göstərmək vacibdir. Forumda çıxış edən Təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, qarşılıqlı anlaşmada təhsil məsələsi əsas götürülməlidir. Cəmiyyətdə hər bir şeyin təhsildən başladığını bildirən Mikayıl Cabbarov siyasi sabitlik, sosial harmoniya və ya iqtisadi inkişaf kimi mühüm amillərin əsasında məhz təhsilin dayandığını vurğulayıb. O, bildirib ki, siyasi sabitlik vətəndaş cəmiyyəti tərəfindən formalaşır və yalnız savadlı fərd yaxşı bir vətəndaş olacaq.