Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 1-də Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki 11 saylı inteqrasiya təlimli internat məktəbinin yenidənqurmadan sonra açılışında iştirak edib.
"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, yenidənqurma işləri çərçivəsində məktəbin həyətində geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri görülüb. Həyətdə uşaqlar üçün idman meydançaları, müxtəlif attraksion, qurğu və yelləncəklər qoyulub, balacaların istirahətinin mənalı təşkili üçün əyləncə-istirahət guşələri yaradılıb.
Azərbaycanın Birinci vitse-prezidenti məktəbin animasiya studiyasında oldu. Burada uşaqlara kadrların hərəkət qaydaları, ssenari yazmaq, onu kadrlaşdırmaq, montaj işi və animasiyanın digər sirləri öyrədilir. Bildirildi ki, buradakı uşaqların işlərinin gələcəkdə beynəlxalq səviyyədə tanıdılması və müsabiqələrdə iştirakı nəzərdə tutulur.
Birinci vitse-prezident Mehriban Əliyeva uşaqların hazırladığı animasiya filminə baxdı.
Xüsusi təhsil proqramları ilə yanaşı, şagirdlər məktəbin tədris emalatxanalarında tikiş, naxışvurma, xalçaçılıq və dulusçuluq üzrə peşələrə yiyələnirlər. Şagirdlər, həmçinin məktəbdə “Bacarıqlı əllər” və rəsm dərnəklərində məşğul olurlar. İnternat məktəbində təsviri incəsənət kabineti də fəaliyyət göstərir. Bununla yanaşı, çətin həyat şəraiti olan ailələrdən 114 uşaq günərzi mərkəzə cəlb edilib. Məktəbdə uşaqların təlim-tərbiyəsi ilə 139 müəllim və tərbiyəçidən ibarət işçi heyət məşğul olur.
Şagirdlər Azərbaycanın Birinci vitse-prezidentinə xatirə hədiyyəsi təqdim etdilər.




Son xəbərlər
Son Xəbərlər