Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” doğma azarkeşləri önündə Lüksemburqun “Düdelanj” komandasını 2-0 hesabıyla məğlub edib.
“Qafqazinfo” xəbər verir ki, “Qarabağ”ın hər iki qolunun müəllifi olan braziliyalı futbolçu Riçard Almeyda matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
- İnamlı qələbə qazandınız. Oyun haqqında fikirlərin necədi?
- Yaxşı bilirdik ki, asan oyun olmayacaq. Hər dəfə biz top itirəndə rəqibin qurduğu əks hücumlardan başa düşürdük ki, olduqca təhlükəli komandaya qarşı oynayırıq. Amma hələ heç nə başa çatmayıb. Bizi çətin cavab oyunu gözləyir. Eyni konsentrasiya və eyni diqqətlə cavab matçına hazırlaşacağıq.
- Hesab açıldıqdan sonra hər kəs “Qarabağ”ın darmadağınla qələbə qazanacağını düşünürdü. Ancaq belə olmadı. Sanki “Qarabağ” ikinci hissəni “yola verdi”...
- Biz daha çox qol vurmaq istəyirdik. Ancaq rəqib ikinci hissədə qapandı, müdafiəyə çəkildi. Ona görə də rəqib müdafiəsini yarmaq bizim üçün çətin oldu. Biz istəyirdik ki, qol vuraq, amma alınmadı.
- Zədəniz nə yerdədi?
- O qədər də ciddi zədə almamışam. Sabahdan etibarən daha yaxşı olacağam.
- Cavab barədə nə düşünürsünüz? Sizcə, bu gün qeydə alınan nəticə “Qarbağ”ın növbəti mərhələyə adlamasını təmin edəcəkmi?
- İkinci oyun birincidən daha çətin olacaq. Biz növbəti oyuna da ciddi şəkildə hazırlaşacağıq.
- İki qol vurdunuz və oyunu qəhrəmanı seçildiniz. Bu barədə nə deyə bilərsiniz?
- Qol sonda mənim ayağımdan gələ bilər, ancaq bu bütün komandanın vurduğu qoldu. Əsas odu ki, qələbə qazanmışıq.
Elsevər
Son xəbərlər
Son Xəbərlər