İş üçün bakirə qızlar...

is-ucun-bakire-qizlar
Oxunma sayı: 9703

- Anamız bizi qız da doğmadı ki, qapılar üzümüzə açıq olsun.- deyib, uğursuzluğun qulağını burmaq üçün şaqqanaq çəkib gülməyə başladı. Taleyin ciyər yandıran ironiyasına bax: Gözünə dönüm, ay qəssabqarın day-day, gətir şüşənin tən ortasına bir kağız yapışdır: “Kafenin kababçısına stajor qız tələb olunur” Gədələrdən biri yoğun “Vest” yandırıb obiri günüqaranın qolundan yapıdı ki, gəl cəhənnəm ol, gedək. Siz də bağışlayın, səfeh damarım tutdu və day-daya yaxınlaşıb məzələnmək istədim. Elana işarə edib dedim ki, 3 il restoranda kababçı işləmişəm, indi iş axtarıram. Kişi guya mütəəssir oldu.
- Bajı oğlu, qadan aleem, qız lazımdı.
- Bu yaşda?
Kişi irişib əngiboş kaftar sarsaqların dişində-damağında cırıq-cındırı çıxan məsəli xatıradı:
- Qoja at arpa yemeeer?
- Qızların kabab bişirməyi heç ağlıma batmır, ağsaqqal.
- Niyə ağlına batmer ölüm, ştanq qaldırellər, samalyot sürellər, svarşik işdellər kabab bişirə bilmellər?

Beş-on günün söhbətidir. Qapı qonşumuz iş elanları dərc edən qəzetlərdən birini götürüb sevincək üstümə gəlmişdi. Həmin qəzetdən belə bir elan oxudum: “Xarici firma işçi axtarışında. 18-23 yaşlarında qızlar dəvət olunur. Yalnız yaraşıqlı qızlar zəng vursun”. Qəzetdə yaraşıqlı qızların intizarını çəkən Bəybala adlı adamın telefon nömrəsini də yazmışdılar. Yaddaşsızlığım üzündən araşdırma üçün əla mövzu olan faktı əldən çıxarmışam. Təəssüf...
Bu hadisədən sonra Mədəniyyət və İncəsənət Universitetində aktyorluq təhsili alsa da, ağıl sarıdan ciddi korluq çəkən dostum, yeni istifadəyə verilən istirahət mərkəzində icraçı direktor vəzifəsində çalışan bir tanışının tapşırığı ilə elan mətni hazırladı. Bəlkə həmin elanı burda yazmaq yaxşı düşmür, amma mövzumuza birbaşa dəxli olduğuna görə yazmaq məcburiyyətindəyəm. Elan belə idi: “Yeni istifadəyə verilən istirahət mərkəzinə iş üçün gənc qızlar tələb olunur.

Əsas tələblər :

1) Rus dilini bilməli;
2) Gülərüz, ünsiyyət qurmaq bacarığı olmalı;
3) Bədən ölçüləri 906090; (907090 da olar)
4) Hulqumdan bir qarış aşağı köynək, dizdən bir qarış yuxarı
yubka geymək vərdişinə yiyələnməli ;
5) 3 gün müddətində “eyhamlı sözlər və him-cimlər” mövzusunda keçiriləcək master-klassları mənimsəməyə özündə inam yaratmalı;
6) Xarici ölkələrə qısamüddətli səfər üçün rəhbərliyin tapşırığını qeyd-şərtsiz yerinə yetirməli;
Zəruri qeyd: İstirahət mərkəzinin imicini qorumaq üçün bakirə qızlara üstünlük verilir.
Əmək haqqı 800 manat.”

Düzdür, bu reklam ağıldanvay dostum və onun sarsaq sifarişçisi üçün baha başa gəldi. Reklam qəzetləri və internet saytlar bu mətni dərc etməkdən imtina edəndə, başqa yola əl atdılar. Gecə saat ikidən sonra “Əcəmi” metrosunun yaxınlığındakı binaların divarlarını “bəzəyərkən” post-patrul xidmətinin əməkdaşları bunlara yaxşı toy tutmuşdu. 300 manatla canlarını güclə qurtardılar.
Əslində, Amerika-filan açmağa ehtiyac yoxdur. İndi bu yazını yaza-yaza vaxtilə bu mövzuda kafe işlədən bir nəfərlə söhbətimi xatırlayıram. And-aman eləyirdi ki, bunsuz keçinmək mümkün deyil. Hətta bacarıqlı və çevik olsa da, oğlan uşaqları çalışan kafelərin müştərisi az olur. Cavan, yaraşıqlı qızlar olanda müştəri əlindən tərpənmək olmur. Hətta çay içmək üçün yolüstü kafeyə gələn ağsaqqal kişilər də qıza atmaca atanda, onun bir eyhamıyla yemək yemədən stoldan qalxmır. Həmin kafe müdiri onu da etiraf etdi ki, belə işçilər lazım olanda... Belə-belə işlər... Əşşi, bilirsiniz nə var ? Niyə yazmayım? Kafe müdiri deyir, arvad evdə olmayanda belə işçilər bizi də yola verirlər, vəssalam!!!