İşçisi Rövnəq Abdullayevə 5 milyon “atdı”

iscisi-rovneq-abdullayeve-5-milyon-atdi-
Oxunma sayı: 678

ARDNŞ prezidenti Rövnəq Abdullayevə etibar elədiyi yaxın dostu və işçisi tərəfindən xəyanət olunub. “Qafqazinfo”nun məlumatına görə, bu şəxs R. Abdullayevin bir neçə il əvvəl böyük etimad göstərərək vəzifəyə təyin etdiyi “Azəriqaz” İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyevdir. Portala Ə. Hacıyevin R. Abdullayevi aldatması ilə bağlı daxil olan maraqlı informasiyanı qısaca çatdırırıq. Belə ki, son illər Bakıətrafı kəndlərdə sürətlə aparılan təmir-tikinti-quraşdırma işlərinə birbaşa rəhbərliyi “Azəriqaz” edir. Bu qurum isə məlum olduğu kimi ARDNŞ-in tabeliyindədir. Ancaq “Azəriqaz” rəhbərliyi həyata keçirdiyi təmir-tikinti-quraşdırma işlərini müstəqil şəkildə yəni müdaxilə olmadan aparır.

Məsələ belədir ki, bu yaxınlarda ARDNŞ prezidenti Rövnəq Abdullayev “Azəriqaz” tərəfindən hansı işlərin həyata keçirilməsi ilə maraqlanır. Ona Bakı ətrafı kəndlərdə böyük işlərin görüldüyü, yeni qaz xətlərinin çəkildiyi haqda məlumatlar təqdim olunur. Həmin işlərə xərclənən vəsaitin məbləği isə bir neçə dəfə şişirdilmiş şəkildə təqdim edilir. ARDNŞ prezidenti maliyyə məsələsindən şübhələndiyi üçün vəsaitin necə xərclənməsinin yoxlanılması haqqında göstəriş verir. Aparılan qısa araşdırmadan sonra düz 5 milyon manatlıq fərq ortaya çıxır. Məlum olur ki, “Azəriqaz”ın rəhbəri Əkbər Hacıyev faktiki olaraq R. Abdullayevə 5 milyon manat “atıb”. ARDNŞ prezidenti ona yaxın olan şəxs tərəfindən belə bir hərəkətin edilməsini bağışlanılmaz hal kimi qiymətləndirib. Və onların arasında böyük insident yaşanıb. Bunun nəticəsi olaraq R. Abdullayev böyük “Azəriqaz” tərəfindən görülən işlərin yerində araşdırılıb aktlaşdırılması üçün ekspertlərdən ibarət komissiya göndərib. Hazırda Bakıətrafı kəndlərdə ciddi araşdırma işləri aparılır. Bu mövzuda əldə edəcəyimiz növbəti materialı oxuculara çatdıracağıq.