İspanlar üçün lənətlənmiş rəqib

ispanlar-ucun-lenetlenmis-reqib
Oxunma sayı: 673

“Qafqazinfo”nun verdiyi məlumata görə, çempion İspaniya Fransa yığması ilə qarşılaşacaq.

Şəxsi görüşlər:

Komandalar indiyədək rəsmi turnirlərdə 6 dəfə üz-üzə gəlib ki, ispanlar bunların heç birində qalib gələ bilməyib. Fransa yığması bu görüşlərdə 5 qələbə, 1 heç-heçə əldə edib. 1984-cü ildə komandalar Avropa Çempionatının final görüşündə üz-üzə gəlib. Bu matçda fransızlar 2 cavabsız topla qələbə qazanıb. “Xoruzlar” növbəti dəfə AÇ 1992-nin seçmə mərhələsində rəqibinə “başağrısı” olub – 2:1, 3:1. AÇ 1996-nın qrup mərhələsində “buğalar” Fransa millisindən rəsmi oyunlarda ilk və hələlik son xalını alıb – 1:1. 12 il əvvəl keçirilən Avropa Çempionatının 1/4 final mərhələsində “üçrənglilər” yenə İspaniyanı məyus edib. Yəqin ki, bu oyunda Zidanın cərimə zərbəsindən vurduğu qol və Raulun qaçırtdığı penalti yaddaşlardan silinməyib. Nəhayət, 2006-ci ildə Almaniyada keçirilən Dünya Çempionatının 1/8 finalında rəqiblər üzləşib. Bu dəfə də Fransa üstün olub – 3:1.

Avropa Çempionatı:

Hər iki komanda 2 dəfə Avropa Çempionu olub. Fransa yığması AÇ-də 8-ci dəfə iştirak edir. 1992 və 2008-ci illərdə “xoruzlar” qrup mərhələsində “ilişib”. 1960-cı ildə keçirilən ilk Avropa Çempionatında ev sahibi olan Fransa millisi 4 komanda arasında 4-cü yeri tutub. “Üçrənglilər” AÇ 2004-də 1/4, AÇ 1996-da 1/2 final mərhələsində mübarizəni dayandırıb. Komanda 1984-cü və 2000-ci illərdə qitənin ən yaxşısı olub.
İspanlar isə AÇ-də 9-cu dəfə iştirak edir. 1964 və 2008-ci illərdə çempion olan cənubi avropalılar bundan başqa yalnız bir dəfə uğur qazanıb. AÇ 1984-də onlar yalnız final görüşündə Fransa yığmasına uduzub.

Zədəlilər:

İspaniya yığmasında zədəli futbolçu yoxdu. Turnirə gətirilməyən Karles Puyol və David Vilya istisna olunmaqla. Fransızların heyətində Nəsri və Riberi son məşqi buraxıb. Yohan Kabaye bud nahiyəsindəki problemə görə İsveçlə oyunda iştirak etməyib. Yonis Kabul və Lorik Reminin də oyunda iştirak edəcəyi gözlənilmir.

Cəzalılar:

Fransa yığmasında Filip Mekses İsveç və Ukrayna ilə oyunlarda sarı vərəqə aldığından 1/4 final görüşünü buraxacaq. Rəqib düşərgədə isə cəzalı futbolçu yoxdur. Alvaro Arbeloa, Xordi Alba, Fernando Torres, Xabi Alonso, Xavier Martines (İspaniya), Ceremi Menez və Matye Debuşi (Fransa) bu oyunda sarı vərəqə alarsa, növbəti matçda iştirak edə bilməyəcək.

23 iyun, 2012.
23:45. İspaniya – Fransa

Baş hakim: Nikola Ritsoli (İtaliya)
Donetsk. “Donbass-Arena” stadionu

Ceyhun Əhmədov