“İsti bir sevgidən yazmışam bəzən, Soyumuş çayımı sən dəyişmisən...” – Etiraf

isti-bir-sevgiden-yazmisam-bezen-soyumus-cayimi-sen-deyismisen-etiraf-
Oxunma sayı: 1133






Etiraf

Ömür-gün yoldaşıma


Fikirli gəlirəm, dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən gec gəlirəm, yorğun gəlirəm
Bitirsən qapıda bənövşə kimi...

Bəlkə min suçumu bilmisən mənim,
Birini üzümə vurmamısan heç.
Eyhamla üzümə gülmüsən mənim,
Bircə yol üzümə durmamısan heç.

Hər kəs taleyilə gəlir həyata,
Demirəm, ürəyi yumşaq olmuşam.
Dəcəl uşaqlara mülayim ata,
Səninçün ən dəcəl uşaq olmuşam.

Sənsən dağlar kimi səbrlə dözən
Bəlkə tərəddüdlə çox döyüşmüsən.
İsti bir sevgidən yazmışam bəzən,
Soyumuş çayımı sən dəyişmisən...

Üzümdə kədərdən bir iz görəndə,
Şirinim olmusan, acım olmusan.
Qohumdan, tanışdan pis üz görəndə
Sən anam olmusan, bacım olmusan.

Bir kövrək şeirimdən gözlərin dolub,
Nə deyim, özgədən çox yazıb qələm.
Nə qədər düyünlü günümüz olub,
Düyünlü qaşını görməmişəm mən...

Bir əlin mətbəxdə qabda-qaşıqda,
Bir gözün istidə, tüstüdə olub.
Bir əlin beşikdə oğul-uşaqda,
Bir gözün həmişə üstümdə olub.

Yollar çarpaz-çarpaz, yollar qarışıq...
Gecə yol gedirəm qulağı səsdə.
Bizim pəncərədən süzülən ışıq -
Gözünün nurudur yolumun üstə.

Fikirli gəlirəm, dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən gec gəlirəm, yorğun gəlirəm
Bitirsən qapıda bənövşə kimi...