“Biz Avropa dəyərlərini izləyirik”

biz-avropa-deyerlerini-izleyirik
Oxunma sayı: 644

Bu sözləri Dövlət Neft Şirkətinin (ARDNŞ) Belçika nümayəndəliyinin açılış mərasimində iştirak edən millət vəkili, Avronest PA-nın Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri Fuad Muradov açıqlamasında bildirib. “Bu tək Azərbaycan üçün yox, həm də Avropa üçün önəmlidir. Çünki Brüssel bir çox beynəlxalq təşkilatların, Avropa Birliyinin mərkəzidir. Çox sevindirici haldır ki, Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndəliyinin açılışında Avropanın bütün nüfuzlu siyasətçiləri eləcə də, Avropa Komissiyasının Enerji Təhlükəsizliyi üzrə komissarı Günter Ottinger və 20-dən çox avropalı deputat iştirak edirdi”.

“Brüsseldəki müzakirələrdə əsas vurğulanan məqam ondan ibarət idi ki, Azərbaycan etibarlı tərəfdaş kimi özünü göstərir. Ümumiyyətlə uzun müddətdir ki, Azərbaycan Avropa enerji təhlükəsizliyi məsələsində yaxından iştirak edir. Biz Avropa ölkələri ilə tək enerji sahəsində yox, həm mədəniyyət, iqtisadiyyat sahələri üzrə də əlaqələr qurmağa çalışırıq”.

Avropa Komissiyasının rəhbəri Joze Manuel Barozzanın bir neçə il öncə Azərbaycana səfəri və prezident İlham Əliyevlə görüşü zamanı əməkdaşlıq sənədi qəbul etdiyini xatırladan F. Muradov bildirib ki, bu Azərbaycanın nə qədər etibarlı bir tərəfdaş olduğunu göstərir. “Bizim əlaqələrimiz inkişaf edir. İqtisadiyyat üzrə çox vacib əməkdaşlıq bundan sonra olacaq. Eyni zamanda Azərbaycan enerjisinin Avropaya daşınmasında da böyük işlər görüləcək. Bu çox müsbət haldır”.

Deputat vurğulayıb ki, enerji təhlükəsizliyi üzrə Avropa Komissiyasının prezidenti Azərbaycanın çox etibarlı bir tərəfdaş olduğunu və Avropanın enerji təhlükəsizliyi məsələsində böyük rol oynadığını vurğulayıb. “Bu onu göstərir ki, biz Avropa dəyərlərini, orda gedən islahatları izləyirik. Ona görə də çalışırıq ki, Azərbaycan müstəqil ölkə olaraq bu əməkdaşlıqda iştirak etsin. Enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu bütün dünyada, xüsusən də Avropa qitəsində çox böyükdür. Ona görə də Azərbaycan çalışır ki, öz enerji resurslarını Avropaya yerləşdirsin. Bununla da balanslı siyasət yeridə bilsin. Vaxtilə Bakı-Tiblisi-Ceyhan neft kəməri qeri-ərəb neftini Avropa bazarına çatdıran yeganə kəmər olub. Bu çox böyük hadisədir. Bu gün də bizim yeni layihələrimiz var. Artıq Türkiyə ilə saziş də bağlanıb. Yaxın zamanlarda TANAP layihəsi həyata keçiriləcək. Təbii ki, bu layihə də Avropa üçün çox müsbət olacaq. Bu saziş imkan verəcək ki, Avropa bir neçə mənbədən enerjini alsın”-deyə millət vəkili bildirib.

Xatırladaq ki, açılış mərasimində Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Araz Əzimov, Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Milli Məclsin sədr müavini Valeh Ələsgərov, deputatlar Muxtar Babayev, Fuad Muradaov, Asim Mollazadə, Çingiz Əsədullayev iştirak edib.