“Biz beynəlxalq məhkəmədə Ermənistana qarşı tələblər qoyacağıq”

“Biz beynəlxalq məhkəmədə Ermənistana qarşı tələblər qoyacağıq”
Oxunma sayı: 1176

“Azərbaycanın hazırda torpaq bütünlüyünü təmin eləmək davasını “erməniləri silmək”, “etnik təmizləmə yürütmək” adına bağlayaraq çox böyük kampaniya getməkdədir. Halbuki Qarabağ və Şuşa o cümlədən, Xankəndi döyüş bölgəsi olmasına baxmayaraq, elan etdikləri mülki itkiləri guya 25 nəfərə yaxındır. Azərbaycanda isə təkcə Ermənistanın mülki insanları hədəf seçdiyi Gəncəyə atılan üç raket zərbəsi nəticəsində 20-dən artıq insan həyatını itirib. Bu, onların müharibəni Azərbaycan xalqı ilə, dinc insanlarla apardığını göstərir. Ermənistanın mülki şəxslərə qarşı yönəlmiş hərbi cinayətlərinə görə onların beynəlxalq tribunallara verilməsi üçün hər hansı maneə mövcud deyil”. 

Bu sözləri “Qafqazinfo”ya Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib. 

O qeyd edib ki, Gəncədə törədilən bu vəhşiliyə istər BMT yanında yaradılan tribunallar, istərsə də bu cür mülki insanlara qarşı cinayətlərlə bağı Avropa Şurası və Avropa Məhkəməsi yanında yaradılan müxtəlif hüquqi araşdırmalar üzrə komitələrdə baxılması və qiymətləndirilməsi mümkündür.

Z. Oruc bildirib ki, bizim üçün bu insanların davası səngərdə gedən müharibə qədər önəmli olmalıdır: “Biz başa düşməliyik ki, ermənilərlə savaşımız çox uzun illərə getmiş olacaq. Onlar bu məğlubiyyətin əvəzində özləri üçün təzədən müxtəlif ideallar, ideologiyalar yaradıb əleyhimizə mübarizələrini davam edəcəklər. Hüquqi cəhətdən Gəncə ilə bağlı məsələ Ermənistanı faş edir. Onların dövlətçiliyini bu gün elan etdikləri hüquq terminləri deyil, əsl həqiqətdə oradakı evlərin yerindəki viranəliyi təcəssüm etdirir. Məhz ona görə də cənab Prezidentin qeyd etdiyi kimi, bu Ermənistan dövlətinin “faşist” mahiyyətini özündə əks etdirən simvoldur. Mən hesab edirəm ki, biz ilk dəfədir, üzərindən 3-5 il keçəndən sonra deyil, keçmiş tarixin qalıqlarını hansısa elementlərlə bir yerə yığaraq yox, məhz zamanında ən azı müxtəlif media quruluşlarının iştirak elədiyi səviyyədə, anındaca aktlaşdırırıq”. 

Millət vəkili əlavə edib ki, Gəncədə qətlə yetirilən o  körpələrin ahı bu cinayəti həyata keçirənləri tutmaqdadır: “90-cı  illərdə Xocalı faciəsini törədənlərin ən azı 10 nəfərinin bu gün döyüş meydanında məhv olması da bunu sübut edir”. Z. Oruc bildirib ki, Prezident İlham Əliyevin də dediyi ki, beyəlxalq tribunallar həmin cinayətkarları cəzalandırmayacaqlarsa, bunu Azərbaycan dövləti və Azərbaycan Ordusu edəcək. 

Hazırda Gəncə terrorunun beynəlxalq trubunala çıxarılması ilə bağlı prosesin hansı mərhələdə olmasına gəlincə isə Z. Oruc vurğulayıb ki, Baş Prokurorluq Gəncədəki hər bir hücumdan sonra cəmiyyətə geniş məlumat verir, bununla bağlı işlər şəffaf əsaslarla aparılır:

“Ermənilərdən fərqli olaraq, burada mənzərənin süni şəkildə dramatik təsvirinə ehtiyac yoxdur. Gəncə Şuşa deyil, Gəncə Xankəndi deyil, 60-70 km cəbhə bölgəsindən aralıdır. Bura zərbələrin hamısı Ermənistan ərazisindən vurulur. Bunların hamısı sistemli şəkildə tərtib olunub  və cinayət işləri qaldırılıb. İlk növbədə Azərbaycanda onlara qiymət veriləcək. Qarabağ üzərində suveren haqlarımız tam bərpa olunandan sonra, ərazi bütövlüyümüzə çatdığımızda həmin şəxslər əgər Azərbaycanda yaşamağı qət edəcəkləsə, o zərbəni vuranların hər biri məhkəmə orqanlarında cavab verəcək. Ardınca, qeyd olunan şəxslər sərhədlərimizi tərk edib kənara çıxacaqlarsa, onlarla bağlı Ermənistan dövləti məsuliyyət daşıyacaq və biz beynəlxalq məhkəmədə bu tələbləri qoyacağıq”. 

Millət vəkili həmçinin qeyd edib ki, 90-cı illərdən sonra Azərbaycanın müstəqillik və müharibə tarixində ilk dəfədir ki, bu qədər sistemli Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən hərbi həmlələrin hüquqi baxımdan aktlaşdırılması, faktların bir yerə toplanması, sübutlarla birgə vurulan itkilərin miqyasının qiymətlləndirilməsinin şahidi oluruq. 

Z. Oruc ermənilərin Gəncədə dinc insanlara qarşı törətdikləri vəhşiliyi keçmiş Yuqoslaviyada, Yaxın Şərqdə baş verən analoji hadisələrlə müqayisə edib: “Dinc şəhərlərə qarşı zamanında Səddam Hüseyn döyüşüb. Miloşeviçin Yuqoslaviyada bu cür addımları olmuşdu. Haaqa tribunalı bununla bağlı ayrı-ayrı şəxslər üzərində məhkəmələr də qurub. Bəzən bunu terror kimi qiymətləndirirlər, amma mən hesab edirəm ki, bu, hərbi cinayətdir. Çünki hərbi cinayət terrordan daha ağır maddədir və özünün tövsif olunduğu normalara görə beynəlxalq hüquqda bu belədir. Ona görə də, burada müxtəlif tarixi nümunələr əsasında, hansılara ki qiymət verilib, bu yöndə Azərbaycanın da özünün haqq davasını aparmağa ixtiyarı var. Biz Milli Məclisin İnsan haqları komitəsi olaraq müxtəlif parlamentlərə belə müraciətləri göndərmişik və hesab edirəm ki, siyasi baxımdan da hüquqi dəstək qazanmalıyıq, o cümlədən, davamız hüquq müstəvisində getməlidir”. 

Gülnar Əliyeva


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi