"Karantin rejiminin tətbiqi mütləq idi. Lakin bu rejim bir tərəfdən də ölkələrin iqtisadiyyatına ciddi problemlər yaradır. Mən bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrinin səhiyyə rəhbərlərinin onlayn görüşündə bir daha qeyd etdim ki, Prezident İlham Əliyev birmənalı şəkildə bildirib ki, bizim üçün ən vacib olan insanların sağlamlığıdır. Daha sonra epidemioloji vəziyyətdir. Bizim epidemioloqlar testlər apararaq virusun olub-olmamasını aşkar edə bilirlər".
"Qafqazinfo" xəbər verir ki, bunu AzTV-nin “Hədəf” verilişinin qonağı olan Səhiyyə naziri Oqtay Şirəliyev deyib.
Nazir bildirib ki, bölgələrdəki xəstəxanalar da müasir standartlara cavab verir: "Bunun nəticəsində regionlarda infeksiyaya yoluxan şəxs aşkar olunan zaman onu Bakıya gətirməyə ehtiyac yoxdur, yerlərdə bütün lazımi tədbirlər həyata keçirilir. Bu həm xəstələrin rahatlığı, həm də xəstəliyin epidemioloji vəziyyətinin yayılmasının qarşısını almaq üçün vacibdir".
O.Şirəliyev əlavə edib ki, hər bir ölkənin virusa qarşı müdafiə mexanizmi fərqlidir:
"Bildiyiniz kimi, bir çox ölkələrdə xəstəxanalardakı vəziyyət problemlər yaradıb. Ölkələr xəstə sayının çoxluğu, onları yerləşdirməyə yerin olmaması, çarpayı çatışmazlığı, xəstələrin digər ölkələrə aparılması və s. kimi ciddi problemlərlə rastlaşırdı. Bu problem ölkələrdə böyük bir dalğa idi. Bunun bir səbəbi də həmin ölkələrdə qabaqlayıcı tədbirlərin vaxtında görülməməsi idi. Biz demək olar ki, bu problemlərlə rastlaşmadıq və yoluxma sayı digər ölkələrlə müqayisədə da dəfələrlə az oldu."
Son xəbərlər
Son Xəbərlər