“Biz bu tarixi layihəni icra etmiş ölkələrdən ibarət olan komandadayıq”

biz-bu-tarixi-layiheni-icra-etmis-olkelerden-ibaret-olan-komandadayiq
Oxunma sayı: 1487

“Sizin səfəriniz ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyəsini bir daha nümayiş etdirir. Biz dəfələrlə görüşmüşük, bir çox hallarda telefon əlaqəsi yaradırıq. Eyni zamanda, beynəlxalq tədbirlər çərçivəsində də bir-birimizi görmək imkanından hər zaman istifadə edirik”.

“Qafqazinfo” xəbər verir ki, bunu bu gün Prezident İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Albaniyanın Baş naziri Edi Rama ilə təkbətək görüşdə deyib.

Prezident əmib olduğunu bildirib ki, bu səfər ikitərəfli əlaqələrimizə yeni təkan verəcək:

“Biz regional inkişaf və dünyanın gündəliyində olan başlıca məsələləri müzakirə edəcəyik. İkitərəfli münasibətlərimizə gəldikdə, mən məlumatla tanış oldum və əlbəttə ki, biz ticarət dövriyyəmizin artırılması üzərində çalışmalıyıq.

Rəqəm olduqca kiçikdir, lakin hesab edirəm ki, burada artım potensialı var və biz bunu bu gün müzakirə edəcəyik.

Əlbəttə, enerji sektorunda əməkdaşlığımız haqqında da danışacağıq. Bir ildən artıq müddətdir ki, Azərbaycan Avropaya təbii qazın ixracatçısına çevrilib və Albaniya hər zaman bu təşəbbüsü dəstəkləyib.

Ölkənizin yüksək səviyyəli nümayəndələri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında hər zaman iştirak ediblər və həmin layihənin icrasına öz böyük töhfələrini veriblər. Yəni, biz bu tarixi layihəni icra etmiş ölkələrdən ibarət olan komandadayıq.

Hesab edirəm ki, bu gün Cənub Qaz Dəhlizi və xüsusilə də Trans-Adriatik boru kəmərinin əhəmiyyəti daha qabarıq görünür”.

Dövlər başçısı əlavə edib ki, bu, əməkdaşlığımızın ən yaxşı sahələrindəndir ki, burada böyük artım potensialı var:

“Bizim nümayəndələrimiz enerji əməkdaşlığımız ilə bağlı daha geniş portfelə malik olmaq istiqamətində görüşlər keçirirlər. Buraya təbii qaz, tranzit, təchizat, elektrik enerjisi daxildir və bu, həqiqətən də bizim ikitərəfli gündəliyimizin əhəmiyyətli hissəsini təşkil edə bilər. Əminəm ki, hazırda danışıqlar mövzusu olan məsələlər yeni inkişafla nəticələnəcək.

Hesab edirəm ki, biz, həmçinin qarşılıqlı sərmayə qoyuluşu imkanlarını müzakirə edə bilərik. Biz vətəndaşlarımıza turizm sahəsində müxtəlif imkanlar yarada bilərik. Ümumilikdə isə bu görüş tərəfdaşlığımıza daha geniş mənada nəzər salmaq və gələcəkdə yaxşı nəticələr əldə etmək baxımından təkan vermək üçün yaxşı fürsətdir”.