“Biz bu xüsusda yaxşı nəticələr görürük”

biz-bu-xususda-yaxsi-neticeler-goruruk
Oxunma sayı: 994

“Bu ilin əvvəlində xarici investorlar ilə 470 meqavat gücündə günəş və külək elektrik stansiyaları tikmək üçün iki böyük müqavilə imzalanmışdır ki, bu da əlverişli investisiya mühitinin olmasının göstəricisidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı deyib.

Prezident qeyd edib ki, ümumilikdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi bizim əsas prioritetdir:

“Təbii ki, ənənəvi olaraq enerji sektoru bizim iqtisadiyyatda aparıcı sektor olub və bu, davam edəcəkdir. Xüsusilə biz indi Azərbaycan qazını ilk dəfə 2021-ci ilin yanvarından başlayaraq Avropa İttifaqı da daxil olmaqla müxtəlif məntəqələrə nəql edən Cənub Qaz Dəhlizinin tikintisini, 3500 kilometr uzunluğunda birləşdirilmiş çoxsaylı boru kəməri sistemini yekunlaşdırmışıq.

Əlbəttə ki, bizim iqtisadiyyatın ənənəvi sahəsi olan neft sektorunun inkişaf etdirilməsi yerli məqsədlər və bir çox ölkələrin enerji təhlükəsizliyi üçün vacib rol oynamaqda davam edir. Bununla belə, şaxələndirmə bizim əsas hədəfdir. Çünki biz başa düşürük ki, şaxələndirmə olmadan davamlı iqtisadiyyat yaratmaq üçün bizim planlar yerinə yetirilməyəcəkdir.

Biz bu xüsusda yaxşı nəticələr görürük”.