“Biz buna fikir vermirik” – - İlham Əliyev

biz-buna-fikir-vermirik-
Oxunma sayı: 1572


“Hazırda Azərbaycan daha da böyük regionda söz sahibidir. Bizi kənara qoymaq mümkün deyildir. Bizimlə hesablaşmamaq olar, ancaq nəticə olmayacaqdır. Azərbaycanın mövqeyini nəzərə almadan heç bir layihə burada işləməyəcək, icra edilməyəcəkdir”.

“Qafqazinfo” xəbər verir ki, bunu prezident İlham Əliyev Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun “2013-cü ilin adamı” mükafatının təqdim olunması mərasimindəki çıxışında deyib. İ. Əliyev bildirib ki, bizə qarşı müxtəlif üsullarla təzyiq göstərilir: “Biz buna öyrəşmişik, fikir vermirik. Əsas odur sən əmin olasan ki, düzgün yoldasan. Əsas odur ki, Azərbaycan cəmiyyəti aparılan siyasəti bəyənsin, dəstəkləsin. Mənə Prezident və siyasətçi kimi ən çox güc verən, deyə bilərəm ki, Azərbaycan xalqının inamıdır, dəstəyidir, nəinki Azərbaycanın iqtisadi müstəqilliyi. Çünki bu inam məni daha da gücləndirir və göstərir ki, siyasi iradə olan yerdə və siyasətə sədaqət olan yerdə istənilən məsələ həllini tapa bilər.

Ötən il keçirilən prezident seçkilərində də göstərilən etimad bir daha onu göstərdi ki, bütün qarayaxma kampaniyalarına baxmayaraq, Azərbaycan xalqı öz seçiminə sadiqdir. Deyə bilərəm ki, Azərbaycan cəmiyyətinin yetkinliyi, savadı, intellektual səviyyəsinin yüksək olması, əlbəttə ki, ictimai proseslərin müsbət istiqamətdə inkişafına xidmət göstərir.

Ona görə mən gələcək illər üçün əsas mövzulardan birinə - təhsil məsələlərinə bir daha qayıtmaq istəyirəm. Təhsil hər bir ölkənin gələcəyini müəyyən edir. Bu sözlər çox işlədilir. Amma bu, həqiqətdir. Savadı olmayan, yaxud da ki, aşağı səviyyədə olan cəmiyyətlərdə xarici müdaxilə uğurla nəticələnə bilər. Xarici təbliğat ölkənin inkişafına təsir edə bilər. Ona görə hazırlıqlı, yetkin, bilikli və savadlı cəmiyyət ekstremizmə, xarici müdaxiləyə və digər xoşagəlməz hallara qarşı bir sığortadır.

Məlumdur ki, tariximizin böyük əksəriyyəti başqa dövlətlərin, imperiyaların tərkibində keçibdir. Azərbaycan müstəmləkə idi. Müstəmləkəçiliyin müxtəlif formaları var idi, ancaq mahiyyət dəyişmirdi. Ona görə biz hələ çox işləməliyik ki, həm psixoloji sahədə, eyni zamanda, iqtisadi və siyasi məsələlərdə özümüzü daha da ciddi şəkildə təsdiq edək. Burada təhsil, cəmiyyətin hazırlığı və vətənpərvərlik ön plandadır. Hesab edirəm ki, gələcək illərdə Azərbaycanda bu iki əsas istiqamət üzrə çox müsbət hadisələr baş verəcəkdir.

Xüsusilə 2013-cü ildə doğrudan da böyük hadisələr baş vermişdir. Əminəm ki, 2014-cü il də Azərbaycan üçün uğurlu olacaqdır. Biz hamımız buna çalışırıq.

Bir daha bu yüksək mükafata görə sizə minnətdarlığımı bildirmək istəyirəm. Bir daha sizin media layihələriniz haqqında deyə bilərəm ki, mən verilişləri izləyirəm. Burada oturanların demək olar ki, hamısını qiyabi də olsa tanıyıram. Arzu edirəm ki, gələcəkdə də siz həmişə Azərbaycan xalqının rəğbətini qazanasınız. Sizə inanırlar, sizi izləyirlər və müasir dünyada sözün, medianın əlbəttə ki, rolu getdikcə artır.

Sonda onu da qeyd etmək istəyirəm ki, 2013-cü il Azərbaycanda müstəqil jurnalistikanın inkişafı üçün də uğurlu olmuşdur. Azərbaycanda bütün azadlıqlar - söz, internet azadlığı mövcuddur. Senzura, heç bir müdaxilə yoxdur. Azərbaycanda azadlıqlarla bağlı hər şey lazımi səviyyədə təmin edilir”.