“Biz elə qadınlara ən böyük hədiyyəyik də...” – Şou-biznesin kişiləri

biz-ele-qadinlara-en-boyuk-hediyyeyik-de-sou-biznesin-kisileri
Oxunma sayı: 817

Sabah 8 Mart Beynəlxalq Qadınlar günüdür. Bu münasibətlə “Qafqazinfo” tanınmış kişi sənətçilərimiz arasında sorğu keçirib.

Şou-biznesin kişilərindən həmişə onların qayğısına qalan qadınları özəl günlərində necə təbrik edəcəkləri ilə maraqlandıq. Məlum oldu ki, şou-biznesdə əks cinsin təmsilçiləri çox səxavətlidir, elə sabahı gözləyirlər ki, qadınlara hədiyyə versinlər. Amma aralarında “Biz elə özümüz hədiyyəyik də...” deyənlər də tapıldı.

İndi isə sabahın sürprizlərini onların dilindən eşidək. Qadınlar diqqətlə oxusun...

Xalq artisti Faiq Ağayev 8 Martda özəl olaraq yalnız bir xanımı təbrik edəcəyini diqqətimizə çatdırıb. O bildirib ki, həyatında yalnız bir xanım var, o da anasıdır: “Mənim həyatımda bir xanım var, o da anamdır. Mən 8 Martda yalnız özəl olaraq anamı təbrik edəcəm. Hədiyyəyə gəlincə isə onu anamla öz aramda saxlamaq istəyirəm. Çünki hədiyyənin adını açıqlamaq düzgün deyil”.

Meyxanaçı Namiq Qaraçuxurlu ailəsində və bütün qohumlarında olan xanımlara 8 Mart günü hədiyyə alacaq.

Hazırda həbs olunan reper Dado nun (Səid Əliyev) ən çox arzuladığı isə anasını təbrik etməkdir. Dado həbsxanada olsa da, qardaşı Əli Əliyev qeyd edib ki, nə olursa-olsun sabah Dado anamı sürpriz şəkildə təbrik edəcək.

Teleaparıcı İdris Cəfərov isə sabah ən çox xərc çəkən tanınmışlardan olacaq: “Belə götürsək ətrafımda xanım çoxdur. İşdəki xanımların hamısını təbrik edəcəm. Evdəkilərə də hədiyyə alaram. Xərcim çox çıxsa da, bu mənə xoşdur. İlldə bir dəfə olur və xanımları sevindirmək lazımdır. Onu da deyim ki, sürpriz şəkildə hansısa xanımı təbrik edə bilərəm”.

Müğənni Zamiq Hüseynov isə özəl olaraq xanım mətbuat katibini təbrik edəcək.

Ailəli olan müğənni Emin Bədəlov xanımına brilliantdan hazırlanmış sırğa, üzük, boyunbağı və ətir alıb.
İfaçı onu da qeyd edib ki, hədiyyəni elə özü xanımına sabah təqdim edəcək: “Hədiyyəni həyat yoldaşıma romantik şəkildə təqdim etməyəcəyəm. Yeni evlənəndə hər şey fərqli olur, indi uşaq var deyə o hissləri adam yaşaya bilmir”.

Müğənni Kərim isə xanımı üçün ən böyük hədiyyənin elə özü olduğunu qeyd edib: “Mən elə özüm xanımıma hədiyyəyəm də. Mən onun hər şeyiyəm-avtomobili, təyyarəsi, evi, qızılı... Onun bir arzusu var, xarici ölkəyə gəzməyə getmək. Arzusunu 8 Mart günü reallaşdıra bilməsəm də, martın 18-də onu Türkiyəyə gəzməyə apararam”.

Aslan Hüseynov da xanımına 8 Martda ən böyük hədiyyənin özünün və uşaqlarının olduğunun deyib: “Amma uşaqlarımla birlikdə ona bir sürpriz edəcəyik”.

Aynur B.