“Biz hesab edirik ki, Çin bu məsələdə açıq davrandı”

biz-hesab-edirik-ki-cin-bu-meselede-aciq-davrandi
Oxunma sayı: 2073

Ümümdünya Səhiyyə Təşkilatı ABŞ prezidenti Donald Trampın iddialarına münasibət bildirib.

ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı "Qafqazinfo"ya açıqlamasında bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı hər epidemiya sonrasında “After Action Review” edir, yəni geriyə dönüb baş verənlərə yenidən baxır:

" Bu, Ebola, İnflyuenza, SARS, MERS epidemiyalarından sonra da edilib. Biz hadisə bitəndən sonra geriyə dönüb baxırıq ki, nə etdik, doğru etdikmi, əksik nə etdik deyə özümüzdən soruşarıq. COVİD-19 pandemiyasından sonra da bunu edəcəyik. İndi Dünya Səhiyyə Təşkilatının 31 dekabrda bu virus başlayandan sonra hər mərhələdə nə etdiyi bəllidir. Bu anadək biz hər şeyi Beynəlxalq Tibbi Sanitariya Qaydalarına uyğun etmişik. Bu, bizim fəaliyyətimizdə əsas qanundur.

Biz hesab edirik ki, Çin də bu məsələdə açıq davrandı. Amma indi işin içində ikən bunları dəyərləndirmək daha çətindir. Mütləq bu hadisələrin kənarından bir daha dönüb baxacağıq. Ümid edirəm ki, Amerika Birləşmiş Ştatları da bu ən çətin, daim birgə işləməyimiz, virusla savaşmağımız lazım olan anda Dünya Səhiyyə Təşkilatına dəstək olmağı davam etdirəcək”.

Qeyd edək ki, Donald Tramp çıxışında ÜST-ni virus barədə ölkələri gec xəbərdar etməkdə, Çinə meyilli davranmaqda ittiham edib və bu beynəlxalq təşkilata edilən yardımı kəsəcəklərini bildirib.