“Biz iki fərqli millətdən yox, tək millətdən danışırıq” - Numan Kurtulmuş

biz-iki-ferqli-milletden-yox-tek-milletden-danisiriq
Oxunma sayı: 1056

“Bizim çox böyük bir üstünlüyümüz var. Türkiyə və Azərbaycan əlaqələrindən danışanda yaxın və uzaq tariximizdəki böyük bir ortaqlıqdan bəhs edirik”.

“Qafqazinfo” xəbər verir ki, bunu ölkəmizdə səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) nümayəndə heyətinin rəhbəri, AK Parti Sədrinin birinci müavini Numan Kurtulmuş İctimai TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, dilimiz birdir, heç bir tərcüməyə ehtiyac olmadan danışırıq:

“Ya da hər hansı başqa dildə danışmağa ehtiyac olmur. Dinimiz bir, inancımız bir, adət-ənənələrimiz bir, tariximiz bir, maraqlarımız birdir. Bu qədər böyük bir birliyin əməkdaşlıq zəmini yaratmaması mümkün deyil.

Dolayı yolla, biz iki fərqli millətdən danışmırıq, əslində. Tək bir millətdən danışırıq. Çox böyük müştərəklikləri olan iki xalqdan danışırıq. Dövlətlərimiz fərqli ola bilər. Bu mənada, həqiqətən, hər sahədə əməkdaşlıq etməyə açıq zəmin var. Ona görə bunları deyirəm.

İqtisadiyyatda, siyasətdə, ticarətdə, mədəniyyətdə, təhsildə, səhiyyə sahəsində hər cür əməkdaşlıq etmək imkanımız, potensialımız var.

Bundan başqa, Bakı-Tbilisi-Qars dəmiryolu kimi bir nəqliyyatın olması, digər sahələrdə Türkiyənin Azərbaycanla qarşılıqlı əlaqələrini inkişaf etdirməsi hər baxımdan mümkündür.

Hər sahədə, heç bir ayrı-seçkilik etmədən əlimizdəki imkanları ən yaxşı şəkildə istifadə etmək bizim vəzifəmizdir. Beləcə, onsuz da var olan bu mükəmməl əlaqələri daha irəliyə daşımaq, daha da zənginləşdirmək, daha da gücləndirmək imkanına malikik.

Bir də bunu bilirik: ölkələr arasındakı əlaqələr sadəcə dövlətlərarası əlaqə deyil, yəni sadəcə rəsmi qurumları əhatə etmir. Bəli, bu gözəldir, amma daha gözəli, daha qalıcı olanı xalqlar arasındakı əlaqədir.

Yəni Azərbaycanla Türkiyə xalqı arasındakı əlaqə də bu baxımdan çox zəngindir. Biz də partiyalararası əlaqələri bu baxımdan inkişaf etdirmək istəyirik”.