“Biz maaşı da, qızı da göstərmirik” - “Qarabağ”ın yeni transferi

biz-maasi-da-qizi-da-gostermirik
Oxunma sayı: 4100

“Qarabağ”ın albaniyalı hücumçu Redon Cica Azərbaycan Premyer Liqasının 20-ci turunun “Şamaxı” ilə (3:1) görüşündəki debütündən danışıb.

“Qafqazinfo” xəbər verir ki, ölkəsinin “Sport Magazine” portalına danışan forvard yeni komandadakı ilk təəssüratlarından da söhbət açıb:

“Debüt etmək xoş idi. Komandaya yaxşı alışmışam, buraya uyğunlaşıram. Düşünürdüm ki, oyunçularla münasibətlər qurmaq daha çətin olacaq, amma hamı məni çox yaxşı qarşıladı. Yaşadığım evdən stadionla bazaya maşınla təxminən 20 dəqiqəlik yoldur. Məşqdən sonra evə qayıdırıq. Bu həftə ilk dəfə düzgün marşrutu tapmaq üçün naviqatordan istifadə etmişəm”.

Redon “Qarabağ”ın ən məşhur albaniyalı futbolçusu olmuş Ansi Aqollini xatırlayıb: “O, burada təkcə futbolçu yox, həm də əfsanə idi. Ansini burada çox sevirdilər. Ümid edirəm ki, bir gün məni Aqollini sevdikləri qədər sevəcəklər”.

O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla ilk söhbətindən danışarkən bunları qeyd edib: “Baş məşqçi ilk olaraq mənə dedi ki, biz sənə inanırdıq, izləyirdik, bacarıqlarını bəyənirik və sənə tam güvənirəm. Debütdən sonra məni təbrik etdi”.

“Qarabağ”dakı maaşına gəlincə, Cica belə danışıb: “Bilirəm ki, biz albanlar hər şeyə maraqlı insanlarıq. Amma bizim bir ifadəmiz var ki, maaşı da, qızı da göstərmirik. “Qarabağ”a pula görə yox, daha güclü komandaya keçmək üçün yaxşı fürsət hesab etdiyim üçün gəlmişəm”.