Hər dəfə yazılarımızda hamını qınayırıq, asıb-kəsirik. Amma içimizdən biri çıxıb çıxış yolunu göstərmir və ya bunların baş verməsinin səbəbi nədir analiz edə bilmir. Biriniz yol göstərdinizdə, bu xalqmı etmədi? Hamı mahiyyətinə vararaqdan və ya varmayaraqdan ironiya ilə “Gedin kitab oxuyun” deyir. Amma məsələ bir kitab oxumaqla bitsəydi nə vardı? Qanmaz, həyasız adam kitab da oxuyanda gücünə-güc qatmış, silahlanmış, daha təhlükəli olmağa başlayır. Bu günlərdə 35-40 yaş arası kitab əhlindən biri elə uşaqca və bayağı marağı səbəbindən “Facebook”-un ismarıc bölməsində mənə mesaj yazıb, mübahisə edirdi ki, babat ələ salmaq olardı. Amma ürəyimdə yaşı heç də, barı oxuduğu kitablardan həya etsəydi dedim. Həm birini ələ salmaqla özünü bir şey zənn etmək mənə yaraşmazdı. Yəni məsələ bu qədər sadə deyil. Yalnız kitab oxumaqla elitar, ziyalı və s. olmaq olmurmuş deməli. Başqa nəsə də lazımdır. Uzun müddətdir bir xeyli düşünürəm. Və nəhayyət bir-neçə şəxsi alternativimi bölüşəcəm sizinlə. Tamam, razıyam ki, gərək hər şey yuxarıdan başlasın və köklü dəyişikliklər olsun ki, bu xalq əsalətin əsasını öyrənsin. Nəyin altını qaldırırsan, siyasi rejim və mentalitetə dayanır.
Analiz:
Siyasət, dövlət demişkən, deyir, ailə bizim kiçik dövlətimizdir. Bəli, siz ailədə nə cür münasibət görürsünüzsə, böyük dövlətinizdən də o münasibəti görəndə ona adaptasiya olmaq asanlaşır, adiləşir, normal hala çevrilir. Ailəmizdən gördüklərimiz nədir? Gəlin lap əvvələ gedək. Başdan başlayaq, bizim uşaqlığımızdan. Etiraf edərsiniz ki, bizim ailələrin tərbiyyə vasitəsi yumuşaldıb desək, vurmaqdır. Çox uzağa getməyin, elə atalar sözlərimizə nəzər salmanız yetərlidir. “Qızını döyməyən dizini döyər”, “Yaxşı at özünə qamçı vurdurmaz” və s. Qonağın yanında, yolda, küçədə gedərkən, uşaq yoldaşının yanında uşağına sillə vuran, döyən valideyn az görməmişik. Yoldaşının yanında vurulan uşaq alçaldılır. Öncə bu ona ağır gəlir, daha sonra bu vəziyyət tez-tez təkrarlanarsa, bayağı desək uşaq sırtalır. Artıq nə sizin vurmanızı, nə də öz alçaldılmasını umursamır. Valideyn anlamır ki, o sizin uşağınız olmaqdan əlavə formalaşmaqda olan bir şəxsiyyətdir. Sizə sadəcə bir uşaq kimi görünür, amma həmyaşıdlarının yanında eyni dərəcəlidir. Vurulmaqla digər uşağın yanında aşağılanır, pərt olur.
Reaksiya:
Bir uşağın əgər bu gün ağlamağının, etirazının qarşısı sillə, basqı və s. ilə alınırsa, artıq o əzilməyi vərdiş edir. Yoldaşının yanında sınmağı öyrənir. Adiləşir. Sabah dövlət onun haqqını tapdalayanda, etirazına sillə-təpiklə, qorxutma ilə cavab verəndə də bu vəziyyəti körpəlikdə görüb adaptasiya olan vətəndaş normal hal kimi qəbul edir. Şok effekti vermir ki, o ayağa qalxıb buna görə üsyan etsin. Bu səbəbdəndir ki, bu gün etiraz etməyin yolunu intihar, özünü yandırmaq, özünü hardansa atmaqda görürlər. Yəni kimsə tərəfindən təziqə məruz qalmamağın çıxış yolunu o mənə müəyyən dozalı məhv edincə, özüm-özümə birdəfəlik şiddəti tətbiq etməklə həm bütün əziyyətlərim bitsin, həm də sonra mənə nəsə edərlər qorxusu olmadan ən unikal etiraz üsuludur.
Nəticə:
İnanılmaz bir paradoksal zəncir var. Yeni ailə qurmuş gənclər evsizlikdən, işsizlikdən dolayı (burda da səbəbkar dövlət olur) valideynləri ilə yaşamağa məcbur olur. Sabah məişət problemləri yaranır. Atası hələ də uşağı bildiyi yetkin gəncə, evli oğluna nəsə kobud söz deyir. Burada da yeni evlənmiş gənc öz həyat yoldaşının qarşısında kiçilir. Artıq bu vəziyyət o qədər adiləşmiş hal alır ki, o da bu gördüyü tərbiyyəni yeni doğulmuş körpəsinə tətbiq edir. Belə olduğu halda sənin incəsənət adamın da mədəniyyətsiz, aqressiv və kompleksli olur, ziyalın da küçə danışığında danışanda, o elit bildiyiniz təbəqə də bayağılıq edəndən sonra Nadirin xalqını niyə qınayırıq ki?
Yekun:
Nə qədər ki, bloku çıxanda 3-cü mərtəbədəki evinizdən həyat yoldaşınızın çıxırtısı birinci mərtəbədən eşidilir, nə qədər ki, küçədəki kiməsə az, ay arvad və s. deyə xitab edirsiniz, nə qədər ki, özünüz küçədə uşağınızı sillə-qapazla tərbiyyə edirsiniz siz öləsiniz lap Konqres kitabxanasındakı bütün kitabları oxusanız da, siz elə Nadirin xalqı olaraq qalacaqsınız. Nədi Jean de Joinville, Guillaüme de Lorris, Immanuel Kant, Thomass Mannın xalqı olası deyildilər ki. Fikir eləməyin, neynirsiniz e onların xalqından olmağı, heç adları da dilimizə yatmır. Belə çox qəlizdir... Həm qəlizdir, həm də ağlamalı.