“Qafqazinfo” xəbər verir ki, bunu Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Fatma Əliyeva deyib. O, bildirib ki, tarixə qovuşmuş birinci və ikinci prezidentlik illərində xalqın müstəqilliyini, azadlığını, firavan gələcəyə inamını qoruyub saxlamağa qadir olan İlham Əliyev Azərbaycanın bu gününü və gələcəyinini də öz dönməzliyi ilə sabit şəkildə əbədiləşdirəcək: “Yenicə ilk qədəmləri ilə addımlayan 2014-cü ildə Prezident İlham Əliyevin ardıcı olaraq verdiyi sərancamlar, keçirdiyi görüşlər, xarici səfərləri xalqımızın etdiyi seçimin doğruluğuna, düzgünlüyünə şəhadət vermiş olur.
Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmiz üçün bütün təhlükələr aradan qalxmış, onun müstəqilliyinə mane ola biləcək ictimai-siyasi gərginliklər öz həllini tapmışdır. Azərbaycanın gələcək milli inkişaf strategiyası müəyyənləşmişdi.
Bu gün həmin strategiyanı Prezident İlham Əliyev diqqətə layiq tədbirlər həyata keçirməklə uğurla davam etdirir. İqtisadi və sosial sahələrdə azad iqtisadi və sosial münasibətlərə keçidin hüquqi-normativ əsasları yaradılmış, ciddi praktiki addımlar atılmışdı. 2013-cü ilin yekunlarına əsasən, özəlləşdirmə prosesinin, aqrar islahatların həyata keçirilməsi, əhalidə sahibkarlıq hissinin, bazar iqtisadiyyatının bütün zəruri təsisatlarının formalaşdırılması istiqamətində mühüm irəliləyişlər öz bəhrəsini vermişdi. Xalqımızın milli sərvətlərinin milli maraqlara uyğun istifadə edilməsi istiqamətində nəhəng layihələr, Xəzər neftinin, qazının hasilatı və ixracı ilə bağlı dünyanın aparıcı neft şirkətləri ilə bağlanmış çoxsaylı sazişlər həyata keçmişdi.
Ötən il Azərbaycanın təcavüzkar Ermənistanla apardığı uğurlu siyasətin daha da genişləndiyinin nəticəsində dünya birliklərinin, Avropa Şurası Parlamentinin bu ölkənin beynəlxalq hüquq və normaları pozduğuna diqqətini artırmış və verdikləri bəyanatlarla bunu təsdiqləmişlər. Qeyd etmək yerinə düşər ki, 2013-cü ilin əvvəlində Avropa Şurası parlamentinin yanvar sessiyasında Azərbaycana qarşı əsassız, qərəzli şəkildə təşkil edilmiş hücum kampaniyasına Assambleyada böyük əksəriyyət qoşulmamışdır. Bu da təşəbbüskarları məyus etmişdir. Siyasi amillərlə şərtlənən qətnamənin layihəsi keçməmişdir. Azərbaycanın mövqeyi üstünlük təşkil etmişdir. Prezident İlham Əliyev bu hadisəni haqq-ədalətin qələbəsi kimi qiymətləndirmişdi. Azərbaycan öz prinsipial, ədalətli mövqeyini nümayiş etdirməklə Assambleyanın antiazərbaycan qüvvələrini yerində oturtmuş.
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların 2013-cü ilin sonunda canlanması ümid verir ki, 2014-cü ildə Prezident İlham Əliyevin bildirdiyi kimi, Ermənistan realist yanaşmalara üstünlük verərsə, qısa müddət ərzində münaqişə ilə bağlı irəliləyiş olacaqdır. Qeyd edək ki, heç vaxt öz tarixi torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına yol verməyəcək Azərbaycanın hərbi gücü torpaqlarımızın danışıqlar prosesinə alternativ olan yolla bərpasına imkan verir.
Beynəlxalq aləmdə artıq hər kəsə məlumdur ki, Azərbaycan sülhsevər ölkədir və bizim dövlətimiz Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin qarantıdır. Biz Avropa ittifaqı və üzv olmadığımız bütün başqa təşkilatlarla səmərəli işgüzar münasibətlər qurmuşuq və qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq, qarşılıqlı dəstək, anlaşma prinsiplərinə söykənirik. Bu baxımdan 2013-cü ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması Azərbaycanın etibarlı stratejli tərəfdaş kimi tanındığına sübutdir. Azərbaycana böyük dividentlər gətirəcək TAR, TANAR və “Şahdəniz-2” layihələrinin gerçəkləşməsi, Azərbaycanın təbii qazının Avropaya və Türkiyəyə çatdırılması dövlətimizin Cənubi Qafqazın lider dövləti olduğunu bir daha təsdiqlədi.
İqtisadi gücü gündən-günə artan dövlətimizin imkanları böyükdür. Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətinə görə 39-cu yerə layiq görməsi təsadüfü deyil. İqtisadi islahatlar sosial məsələlərin həlli işində önəmli addımlar atmağı təmin edir. İnsanların rifah halının yaxşılaşması üçün maaşlar, pensiyalar qaldırılmış, kənd təsərrüfatının inkişafı üçün çoxsaylı layihələr təmin edilmiş, nəqliyyat sektorunuda böyük işlər görülmüş, magistral yollar, dörd yüz yaşayış məntəqələrini birləşdirən kənd yolları çəkilmiş, körpülər tikilmış, qlobal nəqliyyat layihələri icra edilmişdir. Ələt Dəniz Ticarəti Limanı tikilir. Dəmir yolunun, hava nəqliyyatının yenilənməsi prosesi gedir.
Azərbaycanın sürətli iqtisadi tərəqqisi və yüksəlişi üçün yaradılan şərait strateji xətti reallaşdırmış, dövlət idarəçiliyi mexanizmi təkmilləşdirilmiş, analitik informasiya təminatı möhkəmləşmiş dövlət işində çalışan əməkdaşların peşəkarlıq səviyyəsi yüksək səviyyədədir.
Xalqa və dövlətçiliyə təmannasız sədaqət, demokratiya, qanunlara, insan haqlarına və azadlıqlarına hörmət və ehtiram, korrupsiyaya, cinayətkarlığa qarşı barışmazlıq, islahatçılıq Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil edir.
Demokratik Azərbaycan Dünyası Partiyası Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan daxili və xarici siyasəti xalqımızla bərabər dəstəkləyir, ayrı-ayrı mənfi halları pisləyir və xalqımızın tarixi haqlarının tezliklə bərpa olunacağı, bütün dünya azərbaycanlılarının insan və vətəndaş hüquqlarının daima qorunmasında milli birliyin güclənəcəyi naminə sarsılmaz həmrəylik nümayiş etdirilməsində öz töhvəmizi əsirgəməyəcək”.