Bu gün Bakı-Sumqayıt yolunda 5 tələbənin ölümü ilə nəticələnən qəzanı törədən mikroavtobusun qeyri-qanuni fəaliyyət göstərdiyi məlum olub.
“Qafqazinfo”nun məlumatına görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı Lent.az-a bildirib ki, qəzaya uğrayan “Ford Tranzit” qanunsuz fəaliyyət göstərib və xidmət tərəfindən fərqlənmə nişanı və marşrut kartı ilə təmin edilməyibmiş.
Ş.Mehmanqızı “Bu məsələlərlə yol polisi məşğul olur, yəni qanunsuz fəaliyyət göstərən marşrutlara qarşı onlar tədbir görməlidir”-, deyə əlavə edib.

DİN-in Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə Sputnik Azərbaycan-a deyib ki, sürücü sərnişindaşıma qaydalarını pozub:
“İlkin məlumata görə, "Ford Tranzit" markalı avtomobilin sürücüsü manevretmə qaydalarını pozub və kərpiclə yüklü olan, yol qırağında dayanmış yük avtomobilinə çırpılıb. Ölən və yaralananların ümumi sayını nəzərə alsaq, sürücü maşını ayaq üstə dayanan sərnişinlərlə ağızbaağız doldurub. Lakin "Ford Tranzit"-də cəmi 18 sərnişin yeri var”.
O, əlavə edib ki, uzaq məsafəyə ayaq üstə sərnişin götürmək qadağandır: “Biz həmişə vətəndaşlara xəbərdarlıq edirik ki, belə avtomobillərə minməsinlər. Amma onlar bizim xəbərdarlığımıza ciddi yanaşmırlar. Biz sürücüləri də xəbərdar edirik ki, artıq sərnişin götürməyin. Çünki bilirik ki, bu, faciə ilə nəticələnəcək".
Əliyev “Polis sərnişin daşınması qaydasını pozan sürücülərə qarşı hansı sanksiyaları tətbiq edir?” sualına cavab verməkdə çətinlik çəkib.
Son xəbərlər
Son Xəbərlər