“Bizə göstərilən diqqət gələcək nəsillərə verilən mesajdır” - Fotolar

bize-gosterilen-diqqet-gelecek-nesillere-verilen-mesajdir
Oxunma sayı: 1207

Nəsir Cəfərovun 20 yaşı var. Ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsinin iştirakçısıdır. Müharibə zamanı aldığı ağır yaralar nəticəsində səhhətində ciddi problemlər yaranıb. Birinci dərəcə əlildir.

“Qafqazinfo” xəbər verir ki, o, hazırda müalicəsini davam etdirir.

Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü”, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

“Müharibəni xatırlamaq, orda baş verənləri yenidən yaşamağa bərabərdir. Ancaq, eyni zamanda, çox qürur verir insana. Sən tarixi bir anın, həlledici bir dövrün parçası olmusan və bunun uğrunda nələrisə fəda etmisən. Çox qarışıq və izahı çətin bir hissdir”.

Çox böyük tərəddüddən sonra bizimlə söhbətə belə başladı Nəsir. Müharibədə gördükləri haqqında danışmaq istəmir, bu, əlbəttə ki, anlaşılandır. İndi onun bir ayağı amputasiya olunub, protezlə təmin edilib. Sağ əlini işlətməkdə də çətinlik çəkir. Lakin keçmiş haqqında yox gələcək barədə düşünməyin tərəfdarıdır. Deyir ki, müharibədə gördükləri artıq tarixdir, unutmaq olmaz:

“Düşünmürəm ki, o günləri nə zamansa unutmaq mümkün olsun. Biz Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etmişik. Çox böyük bir hadisədir. Lakin ən mühümü, hər şeydən üstün olan odur ki, biz həm də millət olaraq ləyaqətimizi xilas etdik.

Bilmirəm, bəlkə də fikrimi dəqiq ifadə etmirəm, ancaq məncə bu hərbi qələbədən də daha böyük bir məna daşıyır. Kimlərəsə bu sözlər bəlkə şüar kimi, nə bilim, başqa cür görünə bilər. Ancaq bu həqiqətdir, indi hamının barışmalı olduğu bir həqiqət”.

Müharibədən qayıtdıqdan sonra səhhətində yaranan problemlərlə məşğul olub. Bir neçə dəfə cərrahiyyə əməliyyatı keçirib. İndi özünü nisbətən daha yaxşı hiss edir:

“Biz əvəllər böyüklərimizdən müharibə haqqında çox şey eşitmişik. Sanki nağıl, yaxud maraqlı bir hekayə dinləyirdik. İndi o müharibəni bütün dəhşətləri ilə özümüz yaşadıq. Çox şükür ki, taleyin sınağından üçüağ çıxdıq. Düşmənə layiq olduğu cavabı verdik”.

Nəsir Cəfərov deyir ki, müharibənin onun həyatında və yaddaşında qoyduğu izlərdən biri də insanların münasibətidir.

“Arxada böyük bir xalqın səni dəstəklədiyini hiss etmək, güclü, qətiyyətli və son dərəcə müdrik bir Ali Baş Komandanın olduğunu bilmək əsgərə böyük bir güc verir. Əslində qələbəni təmin edən əsas amil də məncə elə budur. Düzdür texnika, xüsusilə müasir dövrdə mühümdür, eyni zamanda, hərbi taktika və strategiya da doğru seçilməlidir.

Bunlar hərb elminin fundamental məsələləridir. Lakin səngərdə sənin ali rəhbərliyinin gücünə, qətiyyətinə, eyni zamanda milyonların duasına, dəstəyinə inamın varsa o zaman texnikadan da düzgün istifadə edə, hərbi komandanlığın əmirlərini də dəqiq icra edə bilirsən. Əlbəttə ki, müharibədən qayıtdıqdan sonra da cəmiyyətin dəstəyini, hörmətini hiss etmək, dövlətin qayğı və diqqətini görmək çox vacibdir.

O müharibəyə heç kim, qayıtdıqdan sonra hansısa imtiyazlar əldə etmək üçün getməmişdi. Heç bir imtiyaz insan həyatından daha şirin deyil. Mən də daxil hərbçi yoldaşlarımın hər biri geri qayıda bilməyəcəyimizi başa düşürdük. Ancaq indi, müharibədən sonra sən ətrafın münasibətini hiss edəndə daha rahat olursan, müharibədə iştirak etməyinlə, xalqınla və dövlətinlə daha çox qürur duyursan”.

Nəsir Cəfərov Vətəm müharibəsindən qayıtdıqdan sonra 14 saylı Xəzər seçki dairəsindən Milli Məclisin deputatı Soltan Məmmədovla görüşlərinin birində həyətyanı sahəsində yarımçıq qalmış tikilinin başa çatdırılmadığı barədə millət vəkili məlumat alıb. Deputatın müraciəti əsasında “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşları tərəfindən vətəndaşın evinə baxış keçirilib, müvafiq qiymətləndirmə aparılıb. Qısa müddət ərazində yarımçıq tikili başa çatdırılıb, əsaslı təmir işləri görülüb.

Nəsir Cəfərov bu dəstəyin daha çox mənəvi əhəmiyyəti olduğunu bildirir:

“Bu dəstəyin mənəvi əhəmiyyəti mənim üçün onun maddi tərəfindən daha böyükdür. Millət vəkili Soltan Məmmədov görüşlərin birində qayğılarımla maraqlananda əslində heç nə barədə danışmadım. Daha sonra özü maraqlandı. Sonra Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri gəldilər.

Hər kəsə təşəkkür edirəm. Evimi təmir etdiklərinə görə deyil, sadəcə göstərilən diqqətə görə. Döyüş yoldaşlarım da məni çox yaxşı anlayar ki, bizim üçün bu diqqətin əhəmiyyəti onun maddi ttərəfindən dəfələrlə üstündür.Bilirəm ki, Ali Baş Komandan, Birinci vitse-prezident Mehriban xanım qazilərə, şəhid ailələrinə nə qədər həssaslıqla yanaşırlar.

Biz nə üçün müharibəyə getdiyimizi əlbəttə ki, bilirdik, qeyd etdiyim kimi, hansısa umacağımız, təmənnamız yox idi.  Ancaq bu gün bizə göstərilən diqqət cəmiyyətə, ilk növbədə isə gələcək nəsillərə verilən bir mesajdır. Dövlət rəhbərliyinin qayğısı və diqqəti o deməkdir ki, bu dövlətin, bu Vətənin uğrunda canını vermiş, yaxud saxlamlığını itirmiş insanlar dövlət üçün nə qədər qiymətlidir”.