“Qafqazinfo” ya daxil olan məlumata görə, N. Məmmədli bildirib ki, bələdiyyə seçkiləri demokratik ölkələrin siyasi həyatının ən mühüm hadisələrindən biridir: “ Bu, təkcə siyasi qüvvələri deyil, bütövlükdə cəmiyyəti silkələyən, ayağa qaldıran və dəyişə bilən böyük hadisədir. Təsadüfi deyil ki, inkişaf etmiş demokratik dövlətlər bu kampaniyaya xeyli müddət qalmış hazırlıq işlərinə start verir. Bizdə isə bələdiyyə seçkilərinə az bir zaman qalmasına baxmayaraq, seçkilərdə öz namizədi ilə iştirak etmək istəyən müxalif siyasi qüvvələrin bu istiqamətdə ciddi hazırlığa başladığı hiss edilmir. Çünki, Bələdiyyələrin statusunun aşağı olması, müxalif namizədlərə təzyiqlər, seçkilərin antidemokratik şəraitdə keçirilməsi bəzi siyasi partiyaların bu prosesə marağını azaldıb. Odur ki, bu seçkiyə lazımsız bir iş kimi baxmağa üstünlük verirlər. Bələdiyyə seçkilərinə belə yanaşdıqlarına görə heç bir təşkilatın və vətəndaşın qərarının haqlı və ya haqsız olduğunu söyləmədən, qeyd etmək istəyirəm ki, Ümid partiyası digər seçkilərə olduğu kimi, bələdiyyə seçkilərinə də ciddi önəm verir. Biz, artıq hazırlığa start vermiş və ölkə üzrə namizədlərin müəyyən edilməsinə başlamışıq. Hər il müşahidə edirik ki, seçkilərə müxalif siyasi qüvvələrin və vətəndaşların marağı azaldıqca, iqtidarın əl-qolu daha da açılır, cəmiyyəti ictimai-siyasi fəallıqdan təcrid edir. Məncə, heç bir siyasi müstəvini hakimiyyətə asanlıqla verməməliyik. Cəmiyyətin mütərəqqi qüvvələri hansı məsələlərdə uzlaşa bilərsə, birgə fəaliyyət ortaya qoya bilərsə bunu nəzərdən keçirməliyik. Çoxumuzu birləşdirə bilən ortaq mövqelər olduğu halda, bizi ayıran mövqelərin müzakirələrə təqdim edilməsinə imkan verməməliyik”.
Onun sözlərinə görə, beynəlxalq aləmdə baş verən siyasi hadisələrin fonunda bütün siyasi qüvvələr Bələdiyyə seçkilərinə ciddi önəm verməli, fəaliyyətini uzlaşdırmalı və hazırlığı üç istiqamətdə aparmalıdır: “ Nəhayət biz,- demokratik cəmiyyət qurmaq istəyən qurumlar və fərdlər, heç bir namizədin və ya partiyanın maraqları istiqamətinə sürüklənməyən prinsiplər ətrafında birləşə biləcəyimiz fəaliyyət müstəvisini ortaya qoymalıyıq.
İlk növbədə, demokratik cəmiyyət arzusunda olan əksər qurumların və vətəndaşların birgə mövqeyi və fəaliyyətinə nail olmaqla Seçki Məcəlləsinə mütərəqqi dəyişikliklərə nail olmağa çalışmalıyıq. Seçki Məcəlləsinin dəyişdirilməsinə nail olmaq üçün vahid təkliflər paketi hazırlanmalı və elə bir geniş koalisiya yaradılmalıdır ki, burada süni alternativlərin peyda olmasına imkan qalmasın. Vahid təkliflər paketini hazırlamaq elə də çətin məsələ deyil, çünki bu istiqamətdə əsasən mövqelər aydındır və zəruri dəyişiklikləri etmədən demokratik seçkinin mümkün olmayacağını bütün ciddi təşkilatlar bəyan edib.
İkincisi, Bələdiyyələrin Statusu haqqında qanuna əlavə və dəyişikliklərin edilməsinə nail olmaq uğrunda mübarizə aparılmalıdır. Yerli idarəetmənin səlahiyyətləri genişlənərsə bu, cəmiyyətin demokratikləşməsinə böyük təkan verə bilər. Cəmiyyətin ciddi dəstəyini almaq və inamını bərpa etmək üçün bu fəaliyyətə də ciddi önəm verilməlidir. Hakimiyyətin marağını təmin etmək üçün ortada olan partiyaların mövqeyi və rolu bəllidir. Biz, cəmiyyətin demokratikləşməsinə iqtidarın fərqli hansısa mövqe ifadə edəcəyini güman etmədiyimiz kimi, onlardan bu prosesə də hansısa dəstək gözləməməliyik. Amma bu siyasəti elə aparmalıyıq ki, hətta onlar da açıq şəkildə bu təşəbbüslərə qarşı çıxmağa cəsarət edə bilməsinlər.
Üçüncüsü isə siyasi partiyaların, siyasi blokların və vətəndaşların bələdiyyələrə seçilmək uğrunda öz platforması və namizədləri ilə qatılması və yeni, fərqli taktikalarla cəmiyyətə açılıb mübarizə aparması olmalıdır.
Ölkədə antidemokratik şərait mövcud olduğu üçün, hakimiyyət uğrunda mübarizə ilə, siyasi azadlıqlar uğrunda mübarizənin sərhədlərini müəyyən etmək xeyli çətinləşib. Siyasi azadlıqlar uğrunda birgə fəaliyyət və demokratik qanunvericilik bazasının yaradılması istiqaməti bütün demokratik ictimai-siyasi qurumları və fərdləri birləşdirə bilən bir müstəvidir. Böyük Dəyişiklik Sazişi imzalamaqla, dəyişikliyə gətirib çıxara bilən uzun ömürlü, demokratik bir prosesə nail olmaq mümkündür. Vətəndaş cəmiyyətinin fəal nümayəndələri və qurumları, nüfuzlu beynəlxalq təşkilatlar bu istiqamətdə əməkdaşlığa maraqlı ola bilər. Lakin biz, elə bir aydın strategiya müəyyən etməliyik ki, bu təşəbbüsdən heç bir partiya və ya blok öz siyasi maraqlarını reallaşdırmaq məqsədi ilə istifadə edə bilməsin. Cəmiyyətin qazanması və hərəkətə gəlməsində stimul ola biləcək bu fəaliyyət hakimiyyətin siyasətinə müxalifətdə olan hər kəsi qane edər və cəmiyyətə təzə nəfəs verə, demokratik dəyişiklik üçün zəmin yarada bilər. Bu gün daha çox vətəndaş qruplarının diqqətini cəlb edən bir birlik modeli mövcud olmadığı üçün, müxalifətin bir siyasi saziş ətrafında birləşməsi çox yaxşı effekt verə bilər. Təklif edirəm ki, siyasi partiyalar bu istiqamətdə daxili müzakirələr aparsınlar və açıq mövqe sərgiləsinlər”.