“Bizi ölkəmizdə “Qarabağ”la daha ağır oyun gözləyir” - Mixel Bilek

“Bizi ölkəmizdə “Qarabağ”la daha ağır oyun gözləyir”
Oxunma sayı: 2050

Çexiyanın “Viktoriya” klubu Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində Bakıda “Qarabağ”la 0:0 hesablı heç-heçə edib.

“Qafqazinfo” xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Plzen təmsilçisinin baş məşqçisi Mixel Bilek jurnalistlərin suallarını cavablandırıb:

- Bu gün qapalı oynadınız. Bu, “Qarabağ”dan çəkindiyinizə görə idi, yoxsa həmişəki oyun planınız belədi?

- “Qarabağ”a hörmətimiz var. Daha açıq oyun göstrəsydik, matç daha sürətli və gərgin keçərdi. Əsas taktikamız özümüzü müdafiə etmək idi.

- Matç heç-heçə bitdi. Bununla bağlı nə deyə bilərsiniz?

- Nəticədən razıyıq. Onsuz da bilirik ki, bizi ölkəmizdə “Qarabağ”la daha ağır oyun gözləyir. Xüsusi hazırlaşacağıq. Oyunun əvvəlindən də bilirdik ki, “Qarabağ” kifayət qədər güclüdü. Üç çox güclü komandanı geridə qoyublar. Gözləyirdik ki, oyun heç-heçə bitər bilər. Şansımız da böyük idi. Müdafiəmiz güclü idi. Bizim şanslarımız daha çox idi.

- Oyunçularınız çox aqressiv idilər. Hətta bir futbolçunuz cəzalı duruma düşdü. Bu haqda fikriniz necədi?

-Düşünmürəm ki, aqressiv idilər. Əsas səbəb o ola bilər ki, irəli getmək üçün tələsirdik. Düşünürəm ki, biz normal qaydada, heç bir aqressiya göstərmədən oynamışıq. Məqsədimiz irəliləmək idi. Həmin futbolçu növbəti matçda oynamayacaq. O, olmadan da yaxşı oyun göstərə bilərik.

- Qapıçınızın çıxışını necə dəyərləndirirsiz?

- Qapıçımız yaxşı oynadı. Çexiyada ən yaxşı qapıçılardan hesab olunur. Növbəti oyunda da düşünürəm ki, öz formasında olacaq və yüksək səviyyədə oynayacaq.

- Atmosfer haqda nə düşünürsünüz? Azərbaycan azarkeşləri “Viktoriya”ya qarşı aqressiv idilər...

- Düşünmürəm ki, aqressiya göstərdilər. Əksinə çox gözəl atmosferdəydik. Ölkəmizdə olan oyunlarda da bu cür azarkeşlik edirlər. Bir oyunçu və məşqçi heyəti olaraq, azarkeşlərin fit çalmasını aqressivlik kimi qəbul etmədik. Əksinə bu cür atmosferdə oynamaq xoşdur.

- “Viktoriya”ya mərhələ keçmək üçün hansı amil kömək olacaq?

- Əsasən qapının qorunması.