Ankara terroru bir daha dünyanın heç bir ölkəsinin, heç bir şəhərinin terrordan sığortalanmadığını göstərdi. Artıq insanlar ictimai yerlərdə bu cür hadisələrin baş verə biləcəyindən narahatdırlar. Regiondakı hazırki həssas məqamda Azərbaycanın sabitliyinin pozulmasını istəyən güclər də az deyil. Xüsusən Ərdoğanın Azərbaycana səfərinin baş tutacağı ərəfədə bu hadisənin baş verməsi, bunun ardından prezident İlham Əliyevin qardaş ölkəyə səfəri Azərbaycanın da hədəfə çevrilməsinə səbəb ola bilər.
“Qafqazinfo” xəbər verir ki, “Yeni Müsavat” qəzeti yazır ki, Novruz bayramı ilə əlaqədar ictimai yerlərdə əhalinin sıxlığının yaşanmasını, şəhərdə bayram tədbirlərində minlərlə sakinin iştirak edəcəyini nəzərə alsaq, təhlükəsizliyin necə təmin olunması çox önəmlidir. Bəs görəsən, belə həssas məqamda hüquq-mühafizə orqanları hansı tədbirlər həyata keçirir?
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirdi ki, bu məsələlər daha çox polisin fəaliyyətinə daxildir: “Terror elə bir məsələdir ki, Azərbaycanda da daim narahatçılıq var. Yəni Azərbaycan da həmişə hədəfdə olub. Sadəcə olaraq, Türkiyə daha qaynar nöqtədir. Biz də Türkiyəyə qardaş ölkəyik və mümkündür ki, təzyiq üçün bizdə də buna cəhd etsinlər. Azərbaycan prezidentinin Türkiyəyə səfərindən və dövlət başçılarının görüşündən sonra bu ehtimal daha da artır. Aydın məsələdir ki, ölkənin xüsusi xidmət orqanları var. Asayişi qoruyan Daxili İşlər Nazirliyi var. Təbii ki, hansısa tədbirlər görürlər. Dünyanın heç bir ölkəsi terrordan sığortalanmadığı kimi biz də sığortalanmamışıq. Ayıq-sayıqlığımız bu gün də olmalıdır. Sərhəddən başlayaraq, hər yerdə təhlükəsizlik tədbirləri görmək, şübhəli şəxsləri, terror törədə biləcək potensial şəxsləri nəzarətdə saxlamaq lazımdır ki, terror baş verməsin”.
Ekspertin sözlərinə görə, Bakı aeroportunda xüsusi cihazlar var ki, ölkəyə daxil olan şəxslərin üzərində partlayıcı maddə və cinayətdə istifadə oluna biləcək hər hansı əşya varsa, aşkarlayır: “Lakin bu cihazların metroya qoyulması mümkün deyil. Çünki o qədər insan axını qarşısında bu cihazlar davam gətirə bilməz. Bu səbəbdən metroları polis işçiləri qoruyur, şübhəli bildikləri şəxslərin üzərini araşdırırlar. Əgər əhalinin kütləvi toplaşdığı hər yeri xüsusi nəzarətə alsaq, o zaman əhalinin özündə də bir xof yaranar. Ona görə də elə etmək lazımdır ki, terrorçu ölkəyə girə bilməsin”.
Politoloq Ərəstun Oruclu dedi ki, son illərdə şəhərdə müşahidə kameraları ilə nəzarət intensivləşdirilib, şəhər kifayət qədər qorunur: “Amma bu tədbirlər terrordan yayınmaq üçün kifayət eləmir. Ən müasir ölkələrdə belə bu imkanlar var, lakin istənilən məqamda terror hadisəsi baş verir. Məncə, terrordan qorunmağın yolu çevik siyasət işlətmək və terror sifarişçilərinin hədəfinə gəlməməkdir. Bugünkü terrorçuların heç biri özbaşına bu addımı atmır. Onların hər biri hansısa təşkilatların əlində alətdir. Bu baxımdan yalnız çevik siyasət daha çox terrordan qorunmağa imkan verir.
Bütün texniki vasitələr terrordan qorunmaq üçün önəmlidir. Ancaq həlledici məsələ terroru sifariş edən beynəlxalq güclərin hədəfinə gəlməməkdir".
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə açıqlamasında Novruz bayramı ilə əlaqədar şəhərdə keçirilən tədbirlərin xüsusi mühafizə ilə təmin olunduğunu və polisin gücləndirilmiş iş rejiminə keçdiyini bildirib: “Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, respublikada keçiriləcək Novruz bayramı şənlikləri zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin yüksək səviyyədə və daha mütəşəkkil icrasının təmin edilməsi məqsədi ilə mart ayının 19-dan 28-dək DİN-in bilavasitə tabe qurumlarının, ərazi polis orqanlarının və nizami polis hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejiminə keçiriləcək.
Əmrdə həmçinin bildirilir ki, bayram ərəfəsi və bayram günlərində ictimai yerlərdə və küçələrdə post patrul naryadlarının sıxlığı artırılacaq, həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin, o cümlədən xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi ciddi nəzarətdə saxlanacaq".
Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında bildirib ki, Bakı metropolitenində insanların təhlükəsizliyi tam şəkildə təmin olunur: “Bizim metronun hər bir nöqtəsində müşahidə kameralarımız var. Metronun təhlükəsizliyi ilə sırf polis əməkdaşları məşğul olur. Onlar ”Bakı Metropoliteni"nə tabe deyil. Giriş-çıxışların hamısında Daxili İşlər Nazirliyinin tabeliyində olan polis əməkdaşları məşğul olur.
Bu səbəbdən Daxili İşlər Nazirliyi təhlükəsizlik tədbirləri ilə bağlı suala daha dəqiq cavab verə bilər. Əslində terrordan heç kim sığortalanmayıb. Lakin Bakı Metropoliteni tam şəkildə qorunur, bizim xüsusi qurğularımız da var, mən bu haqda tam açıq danışmaq istəmirəm. Ümumiyyətlə narahat olmağa əsas yoxdur. Mən çox ölkələrin metrosunu gəzmişəm. Orada nəinki təhlükəsizlik aparatlarına, heç polis əməkdaşlarına da rast gəlməmişəm. Bizdə partlayıcı maddələri aşkarlamaq üçün xüsusi avadanlıqlar var. Mən bunun detallarını açıqlamaq istəmirəm. Əsas iş dediyim kimi, polisin üzərindədir".