Dünənki yazımda söz vermişdim Binəqədi Rayon İcra Hakimiyyətinin əhalinin sağlamlığı uğrunda tədbirlərini işıqlandıracağam, indi bu sözə əməl edirəm.
Məsələn, mən Biləcəridə yaşayıram, bəlkə 200 min adam üçün bir qotur poliklinika, bir dənə də Dəmiryolçular Xəstəxanası adlı bərbad yer var. Həmin “dəmiryolçular balnisası”nın yeganə üstün cəhəti odur ki, burda o dünyaya yola salınanlara rəsmi şəkildə tunel, tunelin sonunda parovozun işığını göstərirlər.
Xəstələnsən, gərək öləsən. Mən özüm xəstələnəndə adətən belə edirəm - ayağımı uzadıb ölürəm. Müalicə tədbirləri üçün aptekdə satıcıya müraciət edirik, o da ağlına gələn bir şey verir, məsələn, keçən ay qrip üçün mənə bir dərman vermişdilər, istifadə eləyib qurtarandan sonra kağızını oxuyub gördüm əslində bu dərman saç tökülməsinə qarşı imiş. Ən maraqlısı odur ki, dərman qripimi sağaltdı!
İynə vurdurmaq lazım gələndə isə qonşumuz Zemfira xalaya üz tuturuq. Zemfira xalanın heç bir tibb təhsili yoxdur, arxiv idarəsində işləyir. Buradan qəzetimiz vasitəsilə Zemfira xalaya da dərin minnətdarlığımı bildirirəm. Sovet dövründə qəzetlərdə belə rubrika var idi: “Minnətdarlıq edirlər”. Camaat hansısa xəstəliyini sağaldan, nə bilim, uğurlu əməliyyat edən həkimin adını qəzetə verirdi. Təəssüf ki, son illərdə bu rubrikaya rast gəlmirik.
Uzun sözün qısası, Binəqədi Rayon İcra Hakimiyyətinin saytında yazılan məlumata görə, rayon əhalisinin tibbi müayinəsi uğurla davam edirmiş. Fevral ayının 17-dən martın 15-nə qədər 49 min 282 nəfər binəqədili tibbi müayinədən keçirilibdir.
Sitat: “Binəqədi Rayon İcra Hakimiyyətində cənab Prezidentin tapşırığının icrası ilə bağlı operativ tədbirlər görülüb. Bu məqsədlə tədbirlər planı hazırlanıb, komissiya və işçi qrupu yaradılıb. Rayonda olan bütün səhiyyə müəssisələri müayinələrin aparılması üçün tam hazır vəziyyətdədir. Növbəlilik sistemi əsasında idarə və təşkilatların əməkdaşları da müayinə olunurlar. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir. Bu proses may ayının 1-nə kimi davam edəcək”.
Müqayisə üçün yazım ki, eyni müddətdə Səbayel rayonunda cəmi 28 min nəfər tibbi müayinə edilibdir. Görün Binəqədi Səbayeldən nə qədər öndədir! Səbayelin icra başçısını qovmaq lazımdır, çünki dövlət tədbirinə biganə yanaşıbdır.
Dövlət tədbirini havadan yazmıram. Sən demə, bu “tibbi müayinə” söhbəti prezident Əliyevin 17 fevral sərəncamından başlayırmış. Mən gözümdən qaçırmışam - ağır xəstə idim, həmişəki kimi - həmin gün rəhbər tapşırıq verib ki, mayın 1-nə qədər bütün respublika camaatı məcburi tibbi müayinə edilməlidir. İcra başçılarının uydurma müayinə statistikaları da bundan sonra yaranıbdır. Nəyə görə uydurma, bunu da yazım, hərçənd yazmağa ehtiyac da yoxdur.
Bax, əziz və hörmətli oxucular, sizin özünüzün, ya hər hansı qohumunuzun bu “icbari tibbi müayinə”dən keçirilməsi haqda məlumatınız varmı? Varsa, zəhmət olmazsa mənə yazın. Əks halda, bu fırıldaqçılar büdcəni basıb yeyəcəklər, halbuki insaf naminə o pullar İran-Turan həkimlərinə çatmalı idi.
Ümumiyyətlə, bu icbari müayinənin mexanizmi də yoxdur, adamları necə zorla müayinə edə bilərsən? Polis tutub poliklinikaya aparacaq? 15 ildir kif basan tibbi sığorta qanununu işlətmək yerinə bu cür düşük kampaniyalar gözdən pərdə asmaqdır. Sizdən Milli Şuraya şikayət edəcəyəm, cənab səhiyyə naziri. Qoy sizə gününüzü göstərsinlər, xərçənglərin harda qışladığını başa salsınlar. Siz Şirəliyev olmadınız, şirəli nazir oldunuz.
Novruz bayramınız mübarək!
/Yeni Müsavat/