Bizim baş-ayaq inkişaf

bizim-bas-ayaq-inkisaf
Oxunma sayı: 1870


- İnkişaf nədir?

- Bizim inkişaf haqqında təsəvvürlərimiz doğrudurmu, yaxud biz inkişaf edirikmi?

- Yanlışdırsa, o zaman inkişaf necə olmalıdır?

Maraqlı suallardır və təbii ki, cavabları da maraqlı, rəngarəng, hətta kəskin ziddiyyətli olacaq.

Bakıda binalar, otellər, restoranlar (toyxanalar), körpülər, keçidlər tikilir, iri layihələr həyata keçirilir. Bahalı və yaraşıqlı maşınların sayı gün-gündən artır. Ölkənin müxtəlif yerlərində hər gün yeni-yeni villalar ucalır. Bunlar inkişaf sayıla bilərmi?

Şübhəsiz inkişafdır.

Başqa bir tərəfdən, Bakıda insanlar bütün günü vurnuxur, tələsir, ora-bura mal daşıyır, bir sözlə qarışqa kimi qaynaşırlar. Şəhər gün boyu uğuldayır-maşın nəriltiləri, çeşidli siqnallar, əsəbi və qəzəbli insan qışqırtıları, söyüşlər, qarğışlar, savaşlar... Belə anlaşılır ki, bir az əvvəl bəhs etdiyimiz inkişaf davranışımızda yoxdur. Yaxud da davranışımızın, daha dəqiq desək ictimai mədəniyyətimizin inkişafı yaddan çıxıb. 

Bir-iki ay öncə Litvada konfransda idim. Vilnüs və Kaunası gəzib dolaşırdım və ölkənin Avropa Birliyinə daxil olandan sonra necə dəyişməsi, inkişafı məni maraqlandırırdı. Sovet vaxtı gördüyüm Pribaltika ilə indiki arasında ciddi bir fərqin olmadığı ortada idi. Küçələrini də əvvəlki kimi sadə daşlarla örtüb, binalarını da, pəncərələrini də əvvəlki kimi səliqəli saxlayıb rahatlıq yaradıblar. Bizdən də varlı yaşayırlar və vətəndaşının illik gəliri bizim vətəndaşın illik gəlirindən xeyli üstündür. Aramızda paradoks var. Orda böyük tikintilər yoxdur, amma insanlar varlı, sakit, huzulu, təbəssümlü, əyin-başları normal, səliqəli və təmiz yaşayır, hərə öz işinin başında, istirahətindədir. Bizdə nəhəng tikintilər, dəbdəbə, amma insanlar və onların idarə etdiyi maşınlar aqressiv, bir-birini əzməyə hazırdır.

Bəlkə inkişafımızın bu yerində ayaq saxlayıb bir az insanımız haqqında düşünək, onun inkişafı, rifahı üçün mühit, şərait, təminat yaradaq, üzünü güldürməyə, zənbilini (qarnını) doldurmağa, könlünü almağa çalışaq. Bəlkə cəhdlərimiz nəticə verəcək və biz (çox zaman da hirsimizi soyutmaq üçün) gecə-gündüz qışqırmaq (həm özümüz, həm maşınımız), hara gəldi tüpürmək, zibil atmaq, bir-birimizi aldatmaq, əsəbləşdirmək kimi heyvərə vərdişlərimizdən əl çəkə bildik və heç olmasa, Kaunasdakılar kimi həyatdan zövq ala-ala yaşamağa başladıq. İnanıram ki, həyatdan zövq ala-ala yaşamağı bacarsaq, yaşadığımız məkanı da yavaş-yavaş cənnətə döndərə bilərik.

Bu yazı 2014-cü il üçün bir arzu, istək  kimi də qəbul edilə bilər...