“Bizim polislərə halal olsun” - Adil Əliyev

bizim-polislere-halal-olsun
Oxunma sayı: 4293

“Qafqazinfo” millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevin “Kaspi” qəzetinə vediyi müsahibəni təqdim edir:

- Facebook sosial şəbəkəsində aktivsiniz, burada olmaq gündəlik nə qədər vaxtınızı alır?

- Facebook idman kimi həyat tərzimizə, həyatımızda çox önəmli bir vasitəyə çevrilib. Düzdür, boş vaxtlarımda ondan istifadə etmirəm. Amma facebook vasitəsilə dostlarla əlaqə saxlayıram. Əvvəllər gündəmdəki hansısa məsələylə bağlı saytlardan, qəzetlərdən jurnalistlər zəng edib fikrimi öyrənirdilər. İndi hansısa aktual məsələylə bağlı fikrilərimi facebook səhifəmdə yazıram, hansı jurnalistə lazımdırsa, çalışdığı saytda, qəzetdə dərc edir.

- Xarici ölkələrdə tez-tez olursunuz. Bizim gənclərlə gəzdiyiniz ölkələrdəki gənclər arasında hansı fərqləri görürsünüz?

- Bizim gənclərin Avropadan örnək götürəsi hələ çox şey var. Avropa insanları sürdüyü maşınların şüşəsindən küçəyə siqaret atmır, pivə bankası, kağız tullamır, küçələri zibilləmir, qırmızı işıqda keçmir, qoşa xətti tapdalamırlar. Bu vərdişlər aşağı yaşlardan uşaqlara aşılanmalıdır. Bunun kökündə müəyyən layihə xarakterli təbliğat durur. Hansı ki, televiziyalar, təşkilatlar, dövlət qurumları bu təbliğatı öz üzərlərinə götürməlidir. Türkiyədə İstanbuldan aralananda yolun kənarlarında insanların olmadığı yerlərdə maket polis işçiləri qoyulub, əlində də yol göstərən işarə. Bu, o deməkdir ki, maşını çox sürətlə sürməyim. Bu kimi şeylər bizə çox lazımdır. Mən yolların kənarına “ata, səni evdə gözləyən var” tipli mesajlar verən lövhələrin qoyulmasının tərəfdarıyam. Bu kimi şəkillər valideynləri idarə etdikləri maşını sürətlə sürməməyə sövq edir. Təəssüflər olsun ki, qəzalar nəticəsində yollarda Qarabağda itirdiyimizdən daha çox insan itiririk. Vətəndaşlarımız yerüstü və yeraltı piyada keçidlərini qoyub onlara aid olmayan yerlərdən keçib qəza vəziyyəti yaradırlar. Cərimələnəndə də belə bir qanundan xəbərsiz olduqlarını bildirirlər. Bu baxımdan Avropa gəncləri ilə bizim gənclərimiz arasında böyük fərq var. Bizim gənclərdə də mədəniyyət yüksəkdir. Böyük içəri girəndə ayağa qalxırlar. Avropa gənci üçün bu, çox önəmli deyil. Avropa gənci 18 yaşında valideynindən ayrılaraq müstəqil yaşayır. Bizim bəzi gənclər isə 50 yaşında anasının yanında yaşayır, yenə anasından kömək gözləyir.

- Adil bəy, bəs polislərimiz arasında hansı fərqlər var?

- Bizim polislərə halal olsun. Polislərimiz zülm çəkir. İnsanlar 8 saatlıq iş qrafiki ilə işləməlidirlər, bizim polislər 24 saat çalışırlar. Buna görə ictimai-siyasi sabitliyimiz var, cinayətkarlığa qarşı yüksək səviyyədə mübarizə aparılır. İş bir qədər təkmilləşdirilsə, daha da yaxşı nəticələr əldə edərik. Bu qədər əziyyətin qabağında hər küçədə bir yol polisi durmaqdansa, kameralar qoyulsa, daha yaxşı olar. Bir də insanlar özləri də dərk etməli, ağıllanmalıdır ki, evlərinə sağ-salamat çatmaları üçün qaydalara əməl edərək, maşını aşağı sürətlə idarə etməlidirlər.

- Polis sistemində də çalışmısınız. Bu sistemdə çalışmağınız sizə nəyi öyrətdi?

- Gecəni də, gündüzü də yatmamağı öyrəndim. Cinayət hər an, gecə saat 3-də, 5-də də baş verə bilər. Hər an hadisə yerinə əməliyyat qrupunu göndərmək, əməliyyat qrupunun üzvü olmaq, əməliyyatda iştirak etməyi öyrəndim. Polis çox çətin peşədir.

- Gənc yaşlarınızdan deputat seçilmisiniz. Qanunverici fəaliyyətlə məşğul olmaq sizi mənən yaşlandırmayıb ki?

- Çox yaşlandırdı. Azərbaycanımızın tanınmış ziyalıları, həkimləri, müəllimləri, şairləri, bəstəkarları, siyasətçilərinin olduğu bir məkanda təmsil olunmaq böyük bir məktəb, ali kurs keçmək deməkdir. Millət vəkilləri arasında təsadüfi adamlara çox nadir hallarda rast gələrik. Elə insanlar var ki, kənardan millət vəkilliyi onlara asan gəlir, çox adam millət vəkili olmaq istəyir. Nadir hallarda belələri millət vəkili seçilirlər, amma ərazisinin harada başlayıb harada qutardığından xəbərsiz olurlar. Seçiciləri ilə maraqlanmaq, onların problemləri ilə məşğul olmaq hər bir millət vəkilinin borcudur. Mənim qərargahım deputat seçildiyim ərazidə yerləşir. Hər ayın 1-i qəbul günümdür. Ancaq qərargahımızın qapısı daima açıqdır. Millət vəkili əlçatan olmalıdır. Millət vəkili seçicisinin ən azından probleminə qulaq asmalı, onun məsələsini aidiyyəti qurum qarşısında qaldırmalı, kömək etməli, ona dəstək olmalıdır. Biri başqa rayonda yaşayır, deyir, filan millət vəkili nə iş görüb? Millət vəkilinin işindən sənin xəbərin ola bilməz. Millət vəkilləri Milli Məclisdə boş-boşuna oturmurlar. Onların hər birinin öz aidiyyəti komitəsi var. Onlar beynəlxalq qurumların, dostluq qruplarının üzvləridirlər. Millət vəkillərinin hər biri böyük işlərlə məşğuldurlar.

- Adətən insan vəzifədə olanda çoxları ona yarınmağa, dostluq etməyə çalışır. Ətrafınızda belələri çoxdur?

– Bilirsinizmi, bizim insanların başqası ilə fərqi ondadır ki, hərdən tanımaya-tanımaya filankəsin qohumu vəzifədən getdi deyə, o adam onun üçün heç nə olur. Ay qardaş, qohumumun mənə nə aidiyyəti var? Nədi-nədi ona da söz gələ bilər. Bu kimi amillər mənim tanıdığım adamlarda da olub, var və mənim xoşuma gəlməyən haldır. Belə şeyləri insan öz insanlığına necə sığışdırır. Amma belələrini bağışlamışam. Kin-küdurət saxlayan adam deyiləm. Kimsə mənə nə vaxtsa pislik edibsə, Allah bilsin, özü bilsin. Bir insan etdiyi yaxşılığa görə mükafatını alacaq, pisliyə görə isə cəzasına çatacaq.

- Gənclərimizin çoxu düşünür ki, Azərbaycanda karyera pilləsində irəliləmək üçün mütləq kimsə sənə arxa durmalıdır. Necə düşünürsünüz, bir gəncin karyera pilləsində öz yerini tutması üçün nə lazımdır?

- Zamanını boş-boşuna itirməmək, öz üzərində işləmək lazımdır. Təəssüf ki, bizim gənclər boş-boş danışırlar, hamısı “day-day”larının olmasını istəyirlər. Sən get xarici dil öyrən, birini öyrəndin digər dil öyrən, kompyuter kursuna get, sənə mütləq yer var. Bu gün xarici şirkətlərdə yüksək maaşlı işlərdə vakansiya var. Ancaq gənclərimiz boş vaxtlarını çayxanalarda keçirirlər, üstəlik, işlərinin olmamasından şikayət edirlər. Xarici dil bilsələr, ən azından futbol klublarında işə düzələ bilərlər. Hazırda futbol klublarında yüksək maaşla ispan dili bilən mütəxəssislər axtarırlar. Xorvat, slavyan, çex dili bilənlərə böyük tələbat var. Bu dili bilənlərə 2-3 min manat maaş təklif edirlər, işləri də futbol oyunlarında tərcüməçilik etməkdir. İnsanlarımız heç nə etmədən oturur və iş istədiklərini deyirlər. Məni Azərbaycanda ən çox üzən sözlərdən biri odur ki, iş üçün müraciət edirlər. Nə iş istədiklərini soruşanda deyirlər ki, “nə iş olur-olsun”. Hamı elə bilir ki, 20 yaşında idmanla məşğul olmaq, 20-30 yaşında nəsə öyrənmək gecdir. Heç vaxt gec deyil. Peşəkar idmançılar var ki, 40 yaşında idmana gəliblər, çox böyük nəticələr əldə ediblər, dünyada tanınıblar, həyatları dəyişib. İnsanlar heç nə etmədən narazılıq edirlər.


- Həm millət vəkilisiniz, həm də Azərbaycan Kikboksinq Federasiyasının prezidenti. Hər ikisi məsuliyyətli işdir. Necə çatdırırsınız? İstirahətə, ailənizə vaxt qalırmı?

- Üç övladım var. Böyüyü tələbədir, digəri 10-cu, kiçiyi 6-cı sinifdə oxuyur. İstirahət günləri çalışıram ki, ailəmə vaxt ayırım. Bazar günləri Pirşağıdakı bağımıza gedirik, samovar çayı içib dincəlirik. Bayramlarda şəhərə çıxırıq. Çox nadir hallarda bayramda xaricə gedirik.

- Növbəti parlament seçkilərinə qatılmağı planlaşdırırsınız?

- İnşallah qatılmaq istəyirəm.