Bizim Tarantino

bizim-tarantino
Oxunma sayı: 1251




Şəhərin mərkəzindəki dar küçələrdə məqsədsiz şəkildə gəzərkən xəyalımda canlandırdığım insanlarla söhbət edirdim. Heç birini tanımırdım, amma səmimi insanlara oxşayırdılar. Dayanmadan mənə suallar verir və hər cavabımdan sonra cavabını bildiyim növbəti sualı verirdilər. Təbii ki, özümü çox bilmiş və savadlı hiss edə bilmək üçün mənə verilən suallar ancaq yaxşı bildiyim mövzulardan idi. 

Ağıllı -ağıllı öz-özümə danışarkən gözlənilmədən öz verdiyim suala cavab verə bilmədim. İlişib qaldım. Xəyali dostlarım üzümə elə baxırdılar ki, utandığımdan “stop” düyməsinə basmalı oldum.Bir neçə dəfə “kaseti geriyə fırlatmaq” istədim. Cəhdim baş tutmadı. İki fərqli ssenari bir-birinə qarışırdı. Onlardan gözləmələrini xahiş edib, təcili real dünyaya qayıtdım. Dostlarımla əlaqə kəsilməsin deyə tələsik Malakan bağının yaxınlığındakı internet kluba qaçdım. Çünki 5 dəqiqə geciksəm, bu maraqlı söhbətin kəsiləcəyini və çox vaxt olduğu kimi qurduğum maraqlı xəyalı unudacağımı bilirdim.

İnternet kluba daxil olub bilgisayarın qarşısına əyləşdiyim an artıq xəyalımdakı maraqlı həmsöhbətlərimi şirin bir xatirə kimi xatırlayırdım... Google-da rejissorunu bilmədiyim filmin adını yazdım.

Qadın ətri - "Scent of Woman" filminin rejissorunun adını unutmuşdum. Təbii ki, tapmaq çətin olmadı, amma özümü siğortalamaq üçün rejissoru yaxşıca araşdırmağa başladım. Qəribə bir məlumatla qarşılaşdım. Qadın ətri filminin rejissoru Martin Brest, eyni zamanda dünyanın ən pis 86-cı filmi hesab edilən "Gigli" (2003) filminin də rejissoru imiş. Qadın ətrindən sonra bunu çəkməyi necə bacarıb anlaya bilmirəm. Martin Bresti biraz da araşdırdıqdan sonra uşaqlığımın sevimli filmlərindən biri olan, Eddi Mörfinin baş rolda oynadığı Beverli Hillz polisləri -"Beverly Hills Cop" seriyasından birinə də onun imza atdığını gördüm. Ümumiyyətlə, bu son zamanlarda çox tez - tez baş verir. Uşaqlığımda eyni rejissorların filmlərini izlədiyimi hər dəfə yeni film izlədikdən sonra kəşf edirəm.

Həmyaşıdlarım yaxşı bilər. Çoxumuz şənbə günləri gecə yarısı televizorun qarşısında əyləşib, ANS kanalını izləyirdik. Evdə hərkəs yatdıqdan sonra ANS-də yeniyetmələr üçün nəzərdə tutulmuş erotik səhnələrin bolluğu ilə seçilən filmlər efirə buraxılardı. Özü də o vaxtlar reklamaların az olduğu vaxtlar idi. Həmin dövrlərdə Geniş Bağlanmış gözlərlə - "Eyes Wide Shut" filminə bir neçə dəfə rast gəlmişdim. “Bəxtsizliyimdən” nə vaxt o filmlə qarşılaşsam, eyni məşhur səhnə qarşıma çıxırdı: “Tamamilə lüt qadınlar və kişilər, maska taxıb min cür oyundan çıxırdılar”. O zamanlar ortalıqda boş- boş gəzən oğlanın Tom Kruz olduğundan xəbərim yox idi. İllər sonra- Stenli Kubrikin filmlərini sırayla izlədiyim vaxtlarda Nikol Kidmanın insanın əsəblərini korlayan danışıq tərzindən anladım ki, Tom Kruz niyə maska taxıb elə yerlərdə gəzirmiş. Bu filmdə məni narahat edən tək şey (aktyor) isə Tom Kruzdur. Heç cür bu aktyora gözlərim öyrəşmədi. Mümkünsüz tapşırıq - "Mission İmpossible" seriyasını da ona görə izləyə bilməmişəm. Bu arada Stenli Kubrikin filmlərinin çoxunda hərbçilərin həyat şəraiti, həyat tərzi, müharibələr, qısaca, ordu və əsgər həyatı təsvir olunub. Bu, təsadüf ola bilməz deyib Stenli Kubrikin bioqrafyasını yaxşıca arşdırmışam. Amma bir şey tapa bilməmişəm. Bu, hələ də məni narahat edir.

Uşaq vaxtı evdə Kriminal Qirayət- "Pulp fiction" filminin kaseti var idi. Bəlkə də bu filmi 50 dəfə izləmişdim. Amma o vaxtlar nə yumoru, nə də filmdəki incə məqamları tuta bilmirdim (Səbəb sadədir: rus dilini bilmirəm). Bəs 50 dəfə izləməyimin səbəbi nə idi? - Con Travoltanın Uma Thurmanın döşünə iynə sancdığı səhnə. Çünki hər dəfə o səhnəyi izləyərkən Mianın döşlərini görməyə daha da yaxınlaşırdım. Amma filmi dəfələrlə izləsəm də Vincentin (C.Travoltanın) Miadan (U.Thurman) niyə çəkindiyini anlamırdım. (Mövzüdan kənar: Bu yaxınlarda bir bəy Seymur Baycanı Azərbaycan ədəbiyyatının Tarantinosu adlandırdı) .
(Bu arada Uma Thurmanın sarışın olduğu həqiqətiylə barışa bilmirəm...)


Mövzudan kənar.

Bir dəfə Gəncəyə qonaq getmişdim. Biri xaricdə, biri Bakıda təhsil alan iki oğlan söhbət edirdi : “Qadanalım, bir dənə kino var ee. Baş rolda da Titanikdəki qız çəkilif. Baxıfsanmı o kinoya?- Həə, bildim hansı kinonu deyirsən, zəhləm gedir o kinodan. O arvadın yatmadığı adam qalmıyıf ee, özüm ölüm. Bizim indiki qızlar da onları nümunə götürür dənə”. Sonra da bir saat Recep İvedikdən statlar gətirdilər.

Bir dəfə Gəncəyə qonaq getmişdim. Bir xanım dostum və onun dostları həftədə bir dəfə yığışıb film günü keçirməyə qərar vermişdilər. (Gəncədə kinoteatr nə vaxtsa yanıb). İçlərindən biri Qiraətçi filmini izləməyi təklif etdi. Amma qrupun digər üzvləri bu filmi izləməyi Gəncənin qədim tarixinə və Cavad Xan məqbərəsinə qarşı hörmətsizlik hesab etdiklərindən müzakirə bir saat çəkdi. Nəticədə səs çoxluğu ilə "Recep İvedik 1" filmini izləməyə qərar verdilər.