“Bizim üçün vacib oyundur” - Yurçeviç

bizim-ucun-vacib-oyundur
Oxunma sayı: 1808

AÇ-2020-nin seçmə mərhələsində Macarıstan yığmasının qonağı olacaq Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Qafqazinfo" xəbər verir ki, xorvatiyalı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib:

"Bizim üçün də, macarlar üçün də bu, vacib oyundu. Meydan sahibləri hələ də AÇ-nin final mərhələsinə vəsiqə qazanmaq şanslarını saxlayırlar. Biz isə yüksələn qrafiki davam etdirmək istəyirik. Çünki Uels və Xorvatiyaya qarşı yaxşı futbol sərgilədik. Bəhreyndə ağır hava şəraitində oynasaq da, qalib gəldik. Macarıstana böyük hörmətlə yanaşırıq. Ancaq müəyyən səhvlərə görə, Xorvatiyada məğlub oldular. Baxmayaraq ki, 3 əsas futbolçumuz yoxdu, biz yenə də layiqli oyun göstərmək istəyirik".

- Ardıcıl 5 oyunda qol vuran millimizin tarixinə düşmüsünüz. Sabah daha bir tarixə düşə bilərsiniz. İndiyədək macarlarla oyunlarda xal götürməmişik. Maraqlıdı, sabah qaldığınız oteldən hansı xatirəni götürəcəksiniz?

- Bu barədə hələ düşünməmişəm. Macar şərabı götürmək olar. Əlbəttə, yaxşı nəticə olsa. Bəli, qolları sıralamağımız xoşdu, ancaq macarlarla uğursuz statistikanı da qırmaq istəyərdim.

- Marko Rossi Qara Qarayev, Eddi İsrafilov, Riçard Almeyda və Ramil Şeydayevin timsalında millimizdəki hücum potensialının gücünü qabartdı. Bəs, siz bu siyahıya kimi əlavə edərdiniz?

- Bilirsiniz ki, Mahirsiz gəlmişik. Ümid edirəm bu siyahıya Ağabala Ramazanov da qoşulacaq.

- Zədəlilərdən söz düşmüşkən, Qara Qarayevin durumu nə yerdədi və digər zədə problemli futbolçumuz varmı? Eyni zamanda, Qara qayıtsa, kapitan bazubəndi kimdə olacaq?

- Qaranın zədəsi var. Sabah o, oyuna çıxacaq və komandanı kapitan bazubəndi ilə çıxaracaq. Pavel Paşayev də sıraya qayıdıb.