Bu günlərdə Danimarkadan gələn bir tanış söhbət edir ki, oranın kafelərində əyləşən adamlar azad şəkildə WI-FI-dən istifadə edir. Bütün kafelərin vitrinində WI-FI-nin kodu yazılır. Və adamlar kömpüter, planşet və telefonlarını qarşılarına qoyub internetə daxil olur. Arada qəhvə, yaxud çay sifariş edirlər. Dediyinə görə adamlar orada meqabayt-dan çox az hallarda yararlanır. Çünki ətraf başdan-ayağa WI-FI-dir. Hətta, marketlərdə də WI-FI var. Ora girirsən və uzun dəqiqələrlə rahat danışırsan.
Bəs, bu sahədə bizdə vəziyyət necədir? Neçə gün bundan əvvəl bir qoca kişi metronun “28 May” stansiyasının yaxınlığındakı məşhur restoranlar şəbəkəsinə məxsus obyektin ayaqyolundan istifadə etmək istədi. Ona dedilər ki, “burdan nəsə alsan, qəbzin üstündəki kodla ayaqyolunun qapısını açıb içəri girə bilərsən”. Deyəsən, qoca kişi Bakıya əyalətdən gəldiyindən “kod” sözünün nə olduğunu bilmirdi. Çünki bu sözü 3-4 dəfə soruşdu. Cavan oğlan başladı ona mühazirə oxumağa ki, “ağsaqqal, bizdən çay alsan, sənə onun qəbzini verəcəklər. Qəbzin üstündə rəqəmlər yazılacaq”. Görəndə ki, alınmır, dedi “sən yuxarı çıx çay al, mən rəqəmləri göstərərəm”. Qeyd edim ki, bu söhbət kişinin ayaqyoluna getmək istəyindən izah edilmə prosesinə qədər 20 dəqiqə çəkdi. Ağsaqqalın başına nə gəldiyini aşağıda yazacağam.
Sizcə, həmin ağsaqqal bir də ora gələcəkmi? Heç vaxt. Çünki incidi. Çünki vəhşi kapitalizmə nifrət etdi. Əslində, heç vəhşi kapitalizm də belə olmur. Yuxarıda qeyd etdiyim kimi Avropanın əksər ölkələrində istənilən şəxs hər hansı kafesinin ayaqyolusundan istifadə edir. (Məşhur restoranları çıxmaq şərtilə - müəl.) Həm də orada heç kafeyə də girməyə ehtiyac yoxdur. Şəhərlərin istənilən küçəsində ayaqyolu çoxdur.
Deməli, burada nə baş verdi? Burada biznes mədəniyyəti pozuldu. Burada bir müştərinin qəlbinə dəyildi. Və burada “sadiq müştəri” anlayışının üstündən çalın-çarpaz xətt çəkildi. Tutaq ki, o ağsaqqalın çay almağa pulu yox idi, bəs insanlığa nə gəlmişdi? Görünür, insanlığın qiyməti iri biznesin fövqündə qəpik-quruşdur.
Bizdə biznes mədəniyyəti aşağı səviyyədədir. Təsəvvür edin, ölkənin parfümeriya mağazalarında hər bir ətirin yanında nümunə üçün başqa ətir də qoyulur. Alıcı o nümunədən dərisinə vurmaq istəyir ki, necə qaldığını öyrənsin. Elə bu vaxt satıcı qaça-qaça gəlir ki, alıcı o nümunədən çox vurmasın. Və başlayır bunun gözəl ətir olması barədə mühazirə söyləməyə. Alıcı görəndə ki satıcı belə edir, avtomatik qaydada inciyir. Halbuki, o nümunə ona hədiyyə edilsə, mağazanın bir yaxşı müştərisi də artar.
Marketlərə girəndə baxıb görürsən ki, satıcılar telefonla oynayıb verilən suallara candərdi cavab verir. Malların üstündə qiymətlər yoxdur. Soruşanda da kobud cavabla üzləşirsən. Hansısa ərzağın istifadə müddəti keçir, satıcı alıcını inandırmağa çalışır ki, “narahat olma, zəhərlənməyəcəksən”. Yaxud, müştəri aldıqlarını özü sellafon çantaya yerləşdirir, satıcı isə ağzını ayırıb baxır. Sizcə, ağıllı müştəri bir də ora gələrmi? Heç vaxt gəlməz. Sonra da şikayət edirlər ki, “bizə göz dəydi, qarşımızdan qara pişik keçdi”. Daha arxaya çevrilib törətdikləri əməlləri görmürlər. Belə market sahiblərinə oturub biznes mədəniyyəti keçsən, “biznes” sözünün özünü gərək illərlə başa salasan.
Onu demirəm ki, Avropada nə varsa burada tətbiq edək. Amma yaxşı cəhətlərini niyə də əxz etməyək? Kafeyə internetə girmək üçün gələn müştəri onsuz da çay, yaxud qəhvə sifariş edəcək. Daha onu əvvəlcədən divara dirəmək nəyə lazımdır?
O ki qaldı ayaqyoluna getmək istəyən ağsaqqala. Ona çay aldırıb qəbz verdilər. Mühafizəçi cavan oğlan kodu kişiyə dedi. Kişi ora girdi. Və bir azdan qapı döyüldü. Sən demə, qoca çölə çıxmaq istəyəndə qapı açılmayıb. Cavan oğlan qışqırdı ki, “qapının yanındakı düyməni bas, açılacaq”. Sən demə yazıq qoca içəridə 10 dəqiqə qapını açmağa çalışırmış. Və köməyə adam çağırmağa utanırmış.
Bir sözlə, bəzilərinin biznes mədəniyyəti olmasa da, heç olmasa adamlığı olsun.