Kəlbəcərin son gününü çəkən operator

kelbecerin-son-gununu-ceken-operator
Oxunma sayı: 720

Bu kadrları təkcə Azərbaycanda yox, dünyanın bir çox yerlərində izləyiblər. Amma bu kadrları izləyən insanlar bilmir ki, bu faciəyə kimin gözü ilə baxırlar.
Bəli, bu kadrları məhz O çəkmişdi. Fikrət Qafarov.
Kəlbəcərin son günü onun müharibədən lentə aldığı kadrların yalnız biridir. Kəlbəcər onun olduğu qaynar nöqtələrdən yalnız biridir. İlk dəfə Kəlbəcərin son günü kadrlarına baxanda fikirləşmişdim ki, necə də soyuqqanlılıqla çəkilib. Amma sonra bildim ki, bu kadrları soyuqqanlılıqla çəkdiyini zənn etdiyim insan heç də soyuqqanlı deyilmiş. Onun çəkilişlər apardığı qaynar nöqtələrdə olmaq hər operatorun, hər adamın hünəri deyildi.

Biz bu günə qədər Kəlbəcərin son gününə Onun gözləri ilə baxırıq. Fikirləşirəm, bəlkə Fikrət Qafarovun gözlərinin Kəlbəcərin işğalının ildönümündən bir neçə gün əvvəl əbədi yumulması bizə bir xəbərdarlıqdır? Sonra isə özümdən soruşuram: Nəyin xəbərdarlığı? Daha sonra beynimdən yüzlərlə sual keçir. Heç birinə də cavab tapa bilmirəm.

Fikrətlə ilk qiyabi tanışlığım Kəlbəcərin işğalı günü çəkdiyi kadrlarla oldu. Amma onula şəxsi tanışlığım 2006-cı ilə təsadüf elədi. Az.TV-də hərbi redaksiyada işə başlayanda. Həmin vaxt o, hərbi redaksiyada işləmirdi. Amma operatora ehtiyacımız yaranan zaman ona üz tuturduq. Çox keçmədi ki, ona müraciət etmədik. Az.TV rəhbərliyi onu operator kimi yararsız (bu ifadəyə görə Fikrətin ruhu məni bağışlasın – A.Q.) hesab elədi. Qarabağ müharibəsini çəkən azsaylı operatorlardan biri Fikrət Qafarov ömrünün son illərini operator kimi yaşamırdı. Az.TV rəhbərliyi hesab edirdi ki, Fikrət Qafarov işıq sexində işləməlidir. Buna çox təəssüflənirdim. Əslində onun kimi zəhməti olan, müharibəni çəkən, Qarabağın odundan, alovundan keçən insana belə münasibət göstərənlər özləri yararsız vətəndaşlığın ən bariz nümunələridir.
Bir dəfə onun özünə də demişdim. Demişdim ki, Fikrət, gərək sən elə müharibədə öləydin. Bu sözümdən sonra fikrə getmişdi. Onun mənə acı cavab verəcəyindən ehtiyatlanıb, ürəyimdə dediklərimi əsaslandırmaq üçün bəzi məntiqi izahlar da tapmışdım: Fikrət Qafarov müharibədə ölsəydi, Onun xatirəsi əziz tutulardı. Heç olmasa, hardasa xatirə lövhəsi vurulardı. İgidliyinə görə təltif edilərdi. Onun kadrları əsasında kimlərsə proqramlar hazırlayar və Onu xatırlayardı. Ən azı Kəlbəcərin son günündə lentə aldığı və dünyanı dolaşan kadrlarına baxıb, Onun haqqında xoş sözlər deyərdilər.

Amma Fikrət müharibədə ölməmişdi. Onun xidmətləri heç kim tərəfindən yada salınmadı, heç nə ilə təltif olunmadı. Fikrət Az.TV-nin işıqçı sexinin işçisi kimi köçdü dünyadan.

Biz Kəlbəcərin işğalına yenə də Fikrət Qafarovun gözləri ilə baxacağıq, baxacağıq...
Amma çoxları bilməyəcək ki, O gözlər artıq əbədi yumulub...