Kəmaləddin Heydərovun anasının adından rektorla sövdələşməyə gedən qadın kimdir?

kemaleddin-heyderovun-anasinin-adindan-rektorla-sovdelesmeye-geden-qadin-kimdir
Oxunma sayı: 3652

Protokolun mətni ilə tanış olun:
“Mən, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı, kapitan Rəsulzadə Kamal Rəsul oğlu bu protokolu tərtib etdim, ondan ötəri ki, AR vətəndaşı, 1954-cü il təvəllüdlü Abdullayev Elşad Islam oğlu qardaşı Abdullayev Mahir Islam oğlunun itkin düşməsi faktı və bu cinayətdə iştirakçı olduğunu ehtimal etdiyi şəxslər barədə (audio yazıları və videogörüntüləri) DVD və audiokassetləri MTN-in binasında təqdim etdi.
Təqdim edilən predmetlər:
-DVD -8 (səkkiz ədəd)?
-audiokasset 2 (iki ədəd)
MTN əməkdaşı: Kamal Rəsulzadə (imzası)
Əşyaları təqdim etdi: Elşad Abdullayev (imzası)
04.03.2009

Bu, Elşad Abdullayevin MTN-ə təqdim etdiyi materialların yalnız bir hissəsi üçün tərtib edilən və imzalanan protokoldur. MTN-ə üst-üstə yüzlərlə video-audio material təqdim edilib və onların hamısı üçün belə protokollar tərtib edilib.
Təqdim edilən bu kassetlərdə nələr vardı və nəyə görə, Azərbaycanın bütün hüquq-mühafizə orqanlarında olduğu kimi MTN-də də bunları kənara atıb Elşad Abdullayevə təzyiqləri gücləndirməkdən başqa heç bir tədbir görmədilər?
Cinayətkar alverin əşyayi-dəlilləri nədən bəhs edir?
Gəlin bunlara baxaq.

3 saylı videokassetdən stenoqram (söhbət 2004-cü il iyul ayının 21-də yazılıb):
Zaur Kazımov:
- Mahir Azərbaycandadır, Dağıstanda olsaydı...
Elşad Abdullayev:
- 9 ay heç kim heç kimi saxlamır...
Zaur Kazımov:
-...Əgər hökumət tərəfindən aparılıbsa,.. qardaşınızdan əl çəkin.
Elşad Abdullayev:
- Mən sənin atanla bir yerdəydim...Mənə söz verib...
Zaur Kazımov:
- Telmanı tapın...
Elşad Abdullayev:
- 9 aydır, qardaşım atanın əlindədir...
Təhvil aldı: MTN əməkdaşı Kamal Rəsulzadə
(28.02.09)

4-cü diskdən. (söhbət 2005-ci il mart ayının 24-də saat 20.30-da yazılıb). Rövşanə adlı qadın danışır:
- Pul Zahid Dünyamalıyevə verilib, onu da tutublar...Arzu zəng edir ki, gəl ora...
Elşad Abdullayev:
- Ya Mahiri verin, ya da pulu qaytarın...
Təhvil alan, MTN əməkdaşı Kamal Rəsulzadə, imzası.
28.02.09

Növbəti disk. 12 may 2004-cü ildə axşam saat 20.23-də yazılıb. (Rövşanə adlı qadınla söhbət).
Rövşanə:
- Danışıqlar aparılır, Mahir veriləcək. Mən bu işin içindəyəm. Bu işi Zahid həll edəcək...
Elşad Abdullayev:
- Deyirdin Mahiri məndən al,.. 6 aydır, nə oldu? Ya adamı qaytarın, ya da pulu...
Rövşanə:
- Mahiri bütün Bakı oğurlayıb. Aqil Əliyev, Cəlal Əliyev, Şəfiqə, hökmdar qadın,..Arzu deyir ki, Mahiri hökmdar qadın oğurlayıb...
Elşad Abdullayev:
- Amma Namiq Abbasov saat 17-də məni dəvət etdi, amma Arzu ilə Zahid məni inandırdılar ki, bu iş bizlikdi. Namiq Abbasov oğurlayıb Mahiri. Mənə deyir ki, Azərbaycandan çıx get. Sevinc adlı qız hazırda Mahirlə bir yerdə saxlanılır. Aqil Əliyev Ramil Usubov və Namiq Abbasovla danışıb yanımda...
Təhvil alan: həmin MTN əməkdaşı.

Diktofon kasseti-1.
Nərimanov rayon Məhkəməsinin sədri Hacı Ağababa Babayevin 05.07.2007-ci il danışıqları:
- Daxili Işlər naziri Ramil Usubov və müavini Vilayət Eyvazov mənə təzyiq edirlər ki, Mahirin haqqında sanksiya ver. Mən də deyirəm ki, 3 il 8 aydan sonra sanksiya vermək olmaz. Bunlarla sanksiya üstündə davadayam...
Təhvil alan, eyni MTN əməkdaşı.

Maqnitofon kasseti N5. 01.04.2005. saat 23.00.
Arzu Kazımovskinin evində görüş.
Elşad Abdullayev:
- Mən pulu sənə və Zahidə vermişəm..Ya Mahiri ver, ya da pulu qaytar...Telman da Zahidin adamıdır. Telman deyir ki, mən Zahidin adamıyam.
Arzu Kazımovski:
- Sənin pulunu mən götürmüşəm?

Maqnitofon kasseti, N11. 23.01.2005. saat 10.30.
1. Əli Zəngilanski:
- Xanıma de ki (Kəmaləddinin anası kimi təqdim edilən Rövşanə) əmanət məndədir, “KQB”də saxlanılır, Kəmaləddinin göstərişi ilə, dərman altındadır. Şəmsəddin xanımla danışacaq.
Şəmsəddin Şıxəli Qurbanov küçəsi 1-də Bakı 6 saylı telefon danışıqları məntəqəsi, 5-ci mərtəbədən zəng edib Mahiri mənimlə danışdırır. Ofisdə yanımda Əli Zəngilanski oturub.
“Mahir”: - Danışan Mahirdir.
Elşad: - Mahir, mənim uşaqlıq “kliçka”mı de.
“Mahir”: - Danışa bilmirəm.
Elşad: - Mahir Elsevərin uşaqlıq “kliçka”sını de.
“Mahir”:- Telefonu kürd balasına ver.
Telefonu yanımda oturan Əli Zəngilanskiyə verirəm. O, “Mahir”lə danışır. Sonra mənə tərəf dönərək deyir: “Deyir ki, mənə 200 min dollar ver”.

2. 25. 03.2005. Elşadın ev telefonuna saat 09.00-da və 12.00-da zəng gəlir. Zəng edən deyir:
- Kəmaləddinin anası Hacı Simuzər xanımla bu gün axşam saat 5-də sizə gəlib Mahir məsələsini həll edib qurtaracağıq.
3. 26.03.2005. saat 18.00. Telefon danışığı:
- Kəmaləddinin anası Hacı Simuzər xanımdır danışan. Elşad müəllim, 200 min dollar ver kürd balasına, Mahiri verək. (Telefonda danışan Rövşanə idi).

Maqnitofon kasseti N12. (12.08.2004).
Elşad:
- Arzu, bizim professor qohum indi Dağıstanın Daxili Işlər Nazirinin qəbulundadır. Zahid müəllimə de, ona zəng etsin.
Arzu:
- Narahat olma, danışar.
Elşad:
- Telman deyir ki, orda həbs edilənlərin hamısı azad edilib. Bircə Mahir qalıb Mahaçkalada həbsdə. Bəs bunun yiyəsi yoxdu?
Arzu:
- Zahid zəng edir indi.
(Məmmədov Telman Xəlil oğlu, DIN-in polkovnikidir).

Maqnitofon kasseti N13. 09.11. 2004.
Elşad:
- Arzu, ya pulu qaytar, ya da Mahiri ver. Zahid Dünyamalıyevə de ki, az bizi təqib etsin. Şərafətdin Musayev də, Telman da Zahidin adamlarıdır.
Videodisk N31. 23.07.2004.
Məmmədov Telman Xəlil oğlu:
- Mahiri gözlərimlə görmüşəm. 1 milyon ver, gedim gətirim. Mahaçkalada görmüşəm, söhbət etmişəm.
Videodisk N47. 09.11.2004.
Rasim Ildırımzadə Əli oğlu (DIN Aeroport Polis şöbəsinin rəis müavini, polkovnik):
- 1 milyon ver, Mahiri gətirək. Mahiri verəcəm sənə.
Elşad:
- Məni aldadırsan...

Videodisk N48. 03.06.2005.
Hacı Əsədulla Qurbanov (BDU-nun professoru):
- Mahiri hal-hazırda “KQB”-də saxlayırlar. Sağdır. Mənim oğlum orada işləyir. Mahiri gözləri ilə görüb.
Bütün bu materiallar sənədləşdirilərək MTN-ə təhvil verilib. Bu qiymətli materialları bir kənara atıb zərərçəkən Elşad Abdullayevin qətlinə fərman verilib, onu ölkədən qaçmağa vadar edən bütün səbəblər yaradılıb. Niyə? Bu adamlar kimdir ki, açıq-aşkar, bütün detalları ilə ortada olan bir cinayət işi açılmır, əvəzində hüququ vəhşicəsinə pozulan adama qarşı dövlətin bütün inzibati gücləri səfərbər edilir? Nə üçün?
professor Elşad Abdullayev bunu belə izah edir:
- 2003-cü ildən başlayaraq bütün orta sahibkarların əmlakına əl qoyurlar. Bu təbəqəyə məxsus olan əmlak əsasən üç mənbəyə bağlanır: ATA Holdinq, Paşa Holdinq və Ramiz Mehdiyevin sərəncamında olan şirkətlərə. Sahibkarların yaratdığı bütün maddi dəyərləri müsadirə edib bunlara təhvil verirlər. Imtina edənlərin hamısı mənim aqibətimi yaşayırlar. Indi Azərbaycanda onlarla belə sahikar var ki, onların yaxın adamları girov götürülüb, bir çoxundan hələ də heç bir xəbər yoxdur. Bu adamlar öz faciələri barədə danışmağa qorxurlar. Qorxurlar ki, onlar danışmağa başlasalar girovluqda olan yaxınlarını dərhal öldürərlər. Hələlik, heç olmasa onların sağ olduğuna ümidləri var deyə, susurlar.

Bəs, oğurlanan Mahir Abdullayev kimdir?

Axı, bu adam da dövlət məmurudur. Onun tərcümeyi halı bir dövlət məmurunun tərcümeyi halıdır:
Mahir Islam oğlu Abdullayev 1962-ci ildə Kürdəmirdə doğulub. 1984-cü ildə Azərbaycan Pedagoji Universitetini fərqlənmə diplomu ilə bitirib. Bir il Kürdəmirdə tarix müəllimi işləyib və 2003-cü ildə tarixin onun başına hansı oyunları gətirəcəyindən xəbəri olmayıb. 1997-2001-ci illərdə BDU-nun hüquq fakültəsində oxuyub. Taleyin ironiyası üzündən Yeni Azərbaycan Partiyası ilk ərazi təşkilatının sədri olub və o oğurlanan zamandan indiyə qədər YAP-ın bu barədə cınqırını çıxardığını kimsə eşitməyib. YAP-ın 1-ci və 2-ci qurultaylarının nümayəndəsi olub.
2003-cü ildə, oğurlandığı il Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi dərəcəsi alıb.
2001-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin mayoru rütbəsinə təyin edilib.
Milli Təhlükəsizlik Nazirliyi bu adamı, öz zabitini, əməkdaşını itirib-axtarırmı? Itirib, amma axtarmır. Bəlkə də itirənlərlə əlbirdir...

“Mahir Abdullayev dəhşətli dərəcədə pis adam olub”

Olaya münasibət bildirənlərin dilindən bu arqument də səslənib. Ola bilər, Mahir Abdullayev nəinki Azərbaycanda, hətta dünyada ən pis adamdır. Ola bilər ki, Mahir Abdullayev nəinki indiki zamanın, hətta bütün bəşəriyyət tarixinin ən pis adamıdır. Amma bu, kiməsə əsas verirmi ki, onu oğurlayıb yaxınları ilə alverə girişsin, həm də dövlət hakimiyyətinin inzibati imkanlarından istifadə edərək.
Ortalıqda adam oğurluğu (hüquq dilində bunu “itkin düşmə” kimi izah edənlər də var) faktı var və bu faktla bağlı cinayət işi qaldırılıbsa, bu barədə də söhbət getməlidir. “Itkin düşmə” versiyasının isə hüquqi dəyərlə yanaşı hələ bir siyası anlamı da var. Belə çıxır ki, Azərbaycandakı “sabun sabitliyi” bir MTN zabitinin, prorektorun, YAP ilk dayaq təşkilatının sədrinin Azərbaycanın paytaxtında itkin düşməsindən başqa heç nəyə yaramır.
Amma bu siyasi yanaşmanı bir kənara tullayaq. Hadisə ilə bağlı bircə gün sonra cinayət işi qaldırılıb, təhqiqat aparılıb, iş Bakı şəhər prokurorluğunun istintaqına verilib. Amma sən demə, 8 ildir ki, bu istintaq bir alibi üzərində işləyirmiş: Mahir Abdullayev pis adam idi və onu axtarmağa dəyməz. Bəs, Mahir Abdullayevi oğurlayanlar? Istintaq orqanları, müstəqil ekspertlər, KIV şərhçiləri onların bütün dünyada ən yaxşı adamlar olduqları barədə rəy verə bilərlərmi? Mahir Abdullayevin oğurlanması, bu fakt üzrə cinayət işinin istintaqını aparmalı olan dövlət orqanlarının fəaliyyətsizliyi ilə bağlı Prezidentə çoxsaylı müraciətlər olub. Abdullayevin yaxın qohumları və ölkənin tanınmış ziyalıları, elmi və ictimai xadimlər prezidentə müraciət ediblər ki, bu işin istintaqının aparılmasına müdaxilə etsin, tapşırıq versin. Amma heç bir müdaxilə və tapşırıq olmayıb. Ona görəmi ki, Mahir Abdullayev pis adam olduğuna görə, hətta Ilham Əliyev də ölkənin yaxasının bu pis adamdan xilas olduğuna sevinib və onun aradan götürülməsini məmnuniyyətlə qarşılayıb? Kim bilir? Bəlkə, Azərbaycanda arzuolunmaz adamlardan yaxa qurtarmağın bu variantını da işlək formaya salmaq üçün onu leqallaşdırmaq lazımdır? Bu qayda tətbiq edilsə, onda belə bir hüquqi vəziyyət yaranacaq: Qanun vətəndaşın lehinə olduqda geriyə tətbiq edilə bildiyi üçün Hacı Məmmədova bəraət veriləcək, o da DIN-dəki postunda işini davam etdirməklə yanaşı arzuolunmaz adamlardan yaxa qurtarmaq naminə Azərbaycana xidmət edəcək.
Bu məsələlər bu cür həll olunmalıdır, elə deyilmi?

P.S. ABU-nun yaramaz bir Universitet olduğunu deyənlərin menyüsünə: Azərbaycanda orta məmur təbəqəsinin əksəriyyəti bu Universitetlə əlaqəli olub. Hətta Elşad Abdullayevin ittiham etdiyi MTN əməkdaşlarından birinin övladı da həmin Universitetin tibb fakültəsinin məzunu olub...


“Azadlıq” qəzeti