Kitabxanalar kababxanaya çevriləndə

kitabxanalar-kababxanaya-cevrilende
Oxunma sayı: 714


Bir tanışım övladının ad gününü qəzet vasitəsilə qeyd etmək istəyirdi. Sığallı, təmtəraqlı, bəzəkli cümlələrlə uşağı təbrik etdik. İki gün sonra adam zəng edib, təbrikin aqibətiylə maraqlandı. Dedim qəzet çıxıb, ala bilərsən. Hətta əziyyət çəkməsin deyə, təbrikin hansı səhifədə verildiyini də dəqiq dedim. Qısası, məlum oldu ki, adamın qəzet almaq fikri yoxdu. Ümumiyyətlə, belə bir əməl bu insana yaddır. Mən ona necə qəzet almağı öyrədə bilmədim. Əvəzində çox orijinal, günümüzün reallığını özündə əks etdirən bir söz eşitdim:


- Mənim qəzet almaqdan başım çıxmır.

Beləliklə, adam şəhərin o başından bu başına maşın sürüb, gəlib qəzeti məndən götürdü. İki ayağını bir başmağa dirəyərək, köşkdən qəzet almadı. Sözünün üstündə durdu. Sonra restorana getdik. Bir az kabab yedik, bir az araq içdik. Sonra saunaya gedib, xeyli tərlədik... Halbuki, restoranda, saunada xərclədiyi pulla qəzetin tirajının beşdə birini ala bilərdi. Hələ yekə maşının yandırdığı benzini demirəm. Adam daha çox xərcə düşdü, amma köşkdən qəzet almadı. Sanki qəzet almayacağına söz vermişdi. Yaxud and içmişdi. Mən isə onun nazıyla oynamağa məcbur idim. Hərdən ürəyi yumşalanda cibimə pul qoyur. Ən pis vəziyyətlərdə borc pul alıram. Mağaza sahibidir, hərdən ürəyi yumşalanda şalvardan, köynəkdən-zaddan verir geyinməyə. Bizi keçmiş birləşdirir. Bütün müqəddəslərə and olsun, vurma cədvəlini bilmirdi. Adını-soyadını yazanda iki hərif səhvi buraxırdı...

Görünür, bizim bilmədiyimiz şeylər var. Onun köşkdən qəzet almamasında bir hikmət vardı, mən başa düşmədim. Burda bir əhvalatı tirajlamaq yerinə düşür.

Sufiylə tacirin əhvalatı

Paltarı yamaqlı, saçları pırtlaşıq bir sufi daşın üstündə oturubmuş. Bir tacir öz dəvələriylə onun qarşısından keçir. Sufi görür ki, tacir dəvələrin bir tərəfinə daş-kəsək, dəmir-dümür, o biri tərəfinə isə satılası mallar yükləyib. Bu mənzərə sufini xeyli təəccübləndirir. Tacirə deyir ki, malları iki yerə bölüb dəvələrə yükləsin. Belə olduğu halda dəvələr artıq yükdən azad olar, daha az enerji sərf edər, daha tez yeriyər. Söz tacirin ağlına batır. Daş-kəsəyi, dəmir-dümürü atır kənara. Malları iki yerə bölüb dəvələrə yükləyir. Tacir yoluna davam edir. Gözdən itir. İki-üç saatdan sonra geriyə qayıdıb deyir:

- Qardaş, sən belə ağıllısansa, niyə bu gündəsən? Pal-paltarın yamaqlı. Saçların pırtlaşıq. Sifətində bitlər gəzişir. İmkan ver, bu günə qədər malı necə daşımışamsa, bundan sonra da elə daşıyım.

Tacir yenə də dəvələrin bir tərəfinə daş-kəsək, dəmir-dümür, o biri tərəfinə isə satılası malları yükləyir və yoluna davam edir.

Qorkinin xatirələri


Yaxınlarda Qorkinin Çexov haqqında xatirələrini oxudum. Həmin xatirələrdə Qorki Çexovun fikirlərinə də yer vermişdi. Çexov deyir:

- Əgər nə vaxtsa mənim əlimə pul keçsə, müəllimlər üçün sanatoriya açacam. Müəllimlərin pis vəziyyətdə yaşaması məni çox narahat edir. Ona görə mujiklər müəllimlərlə kobud davranırlar. Bəziləri hətta müəllimləri döyür. Müəllimlərin pis vəziyyətdə yaşamalarını görüb, uşaqlarını məktəbə buraxmırlar. Çünki müəllimin kasıb geyindiyini, ac-yalavac yaşadığını görüb məktəbə inanmırlar. Əgər bir xalq inkişaf etmək istəyirsə, mütləq müəlliminə dəyər verməlidir. Hər şeyi məktəbdən və müəllimdən başlamaq lazımdır. Müəllim yaxşı yaşamasa, mujiklər məktəbə, kitaba, müəllimə inanmayacaqlar.

Çexovun müəllimlər üçün sanatoriya açmaq arzusu başadüşüləndir. O vaxtlar Rusiyada müəllimlərin böyük əksəriyyəti Çexovun özü kimi vərəm xəstəliyindən əziyyət çəkirdilər. Çexovun sözləri eynilə günümüzün Azərbaycanına da aiddir. Nə qədər ki, kitab yazan, kitabı təbliğ edən adamlar normal yaşamayacaqlar, digərləri də kitaba, təhsilə, mütaliəyə inanmayacaqlar. Əlbəttə, söhbət prokuror-şairlərdən, rektor-yazıçılardan, dram əsəri yazan polis rəislərindən getmir. Təhsil, kitab insanlara rahatlıq, xoşbəxtlik bəxş etməlidir.
Azərbaycan hakimiyyətinin illərdir kitaba qarşı apardığı gizli təbliğat öz "bəhrəsini" verib. İdmanın, mikrofonun, təlxəkliyin təbliği öz sözünü deyib. Adamlar xoşbəxtliyi, uğur qazanmağı kitabda yox, mahnı oxumaqda, təlxəklik etməkdə, güləşməkdə görürlər. Ona görə də övladlarının güləşçi, təlxək, müğənni olmasını arzulayırlar. Onları məktəbdən ayırıb idman zallarına göndərirlər. Çünki bir Avropa çempionunun hörməti bütün fikir adamlarının hörmətindən çoxdur. Bir olimpiya çempionu yolu qırmızı işıqda keçə bilər. Olimpiya çempionu verilişlərə dəvət olunur. Ona ev, rütbə maşın hədiyyə olunur. O, xoşbəxtliyin, uğurun rəmzinə çevrilir. Nəticədə fikir adamı gözdən düşür. Fikir adamına inanmırlar. Fikir adamı həqarət, gülüş obyektinə çevrilir. Hətta ən yaxınları belə onu başa düşmürlər. Zəmanənin nəbzini tutmuş adamlar fikir adamlarına həyatını dəyişmək üçün "məsləhətlər" verirlər. Ömründə bir kitab oxumamış, amma kapital sahibi olanlar kitab yazanlara, kitab oxuyanlara, kitabı təbliğ edənlərə ən yaxşı halda "şair" deyərək, müraciət edirlər. Bu müraciətin özündə dərin həqarət var. Üstəlik, Azərbaycan filmlərinin birindən hansısa bir şit sözü tirajlayırlar. Məsələn, "Bəxt üzüyü" filmindən: - Bu istidə şairdə pul hardandır.

Faktiki olaraq, müğənnilər, təlxəklər, güləşçilər bizim zəmanəmizin qəhrəmanına çevriliblər. Onlar bizə nə geyinməyi, necə yaşamağı, nə yeməyi efir vasitəsilə öyrədirlər. Onların rahat həyatı efir vasitəsilə təbliğ olunur. Beləcə, zəmanənin nəbzini tutmaq istəyənlər daha həvəslə mahnı yarışmalarına, idman zallarına üz tuturlar. Burda Həzrət Əlinin çox sevdiyim bir sözünü tirajlamaq istəyirəm. Mükəmməl sözdür: - Uşaqlar ata-analarından daha çox zəmanələrinə oxşayırlar.

Onsuz da bizim camaat kitabla, dəftərlə, məktəblə o qədər də yaxın dost deyildi. Azərbaycan hakimiyyətinin illərlə kitaba qarşı apardığı mübarizə bizi daha da bərbad vəziyyətə saldı. Kitab təbliğ olunmadı. Kitab sahibsiz qaldı. Yalnız beş-altı adam illərlə yazılar yazıb, həyəcan təbili çaldılar. Bu beş-altı adamın gücü çox azdır. Əllərində heç bir resurs yoxdur. Üstəlik, hətta yaxınları belə onlara şübhəylə baxırlar. Güləşçinin, təlxəyin, müğənninin qəhrəmana çevrildiyi ölkədə kitabxanalar asanlıqla kababxanaya çevrildi.

Bakı boyda şəhərdə beş-altı kitab mağazası var. Bu, faciədir. Faciənin buynuzu olmur. Kitabsız xalqın gələcəyi yoxdur. Tarix kitablarını vərəqləyin. Monqollar bütün dünyanı tutdular. Kitabları yox idi deyə, işğal etdikləri yerlərin əhalisi onları "əritdi". Çünki mədəniyyəti, kitabı olmayan bir xalq özündən mədəni xalqı zor gücünə işğal edirsə, özü avtomatik olaraq yerindəcə məğlub olur. Bu mənim fikrim deyil. Bu, bəşəriyyətin ən böyük şəxsiyyətlərindən birinin fikridir. Qəsdən adını yazmadım. Tapan adama iki bakal pivə almağa söz verirəm...

Saqqız, oyuncaq, siqaret...


Ötən yazıda qeyd etmişdim. Bakı Dövlət Universitetinin qarşısında bir tanışımla görüşməli idim. Adam bir az gecikdi və mən tələbələri müşahidə etmək şansı (dırnaqsız) qazandım. Orda hər cür tiplər gördüm, tələbədən savayı. "Avtoş", aşbaz, pijon gördüm, amma tələbə görmədim. Məhz buna görə universitetin qarşısındakı qəzet köşkündə qəzetdən savayı hər şey satılır. Qəzetdən savayı hər şey alınır. Saqqız, siqaret, oyuncaq, müğənni şəkilləri...

Universitetin yaxınlığında yerləşən köşkdə beş-altı qəzetin satılmamasının, geriyə qayıtmasının adı faciə deyilsə, bəs nədir? Əgər tələbə qəzet, kitab oxumursa, bəs, kitabı, qəzeti kim oxumalıdır? Kitabxanaların kababxanaya çevrilməsi faciə deyilsə, bəs nədir? Heç kim narahat olmasın, hər kəs bu faciədən bu və ya digər şəkildə öz payını götürəcək. Kitabsız camaatın gələcəyi yoxdur. Ola bilməz. Mümkün deyil. Bunu hər kəs başa düşməlidir. Başa düşməsə, heç narahat olmasın. Zaman özü başa salacaq.

Üç dava

Təxminən 15 gün əvvəl mən, Zamin Hacı, Ağalar Məmmədov və digər bir neçə adam çay içirdik. Tədbirdən çıxmışdıq. Hər zaman görüşmək imkanı olmur. Bir az söhbət etmək istədik. Pəncərəyə yaxın oturmuşduq. Bir saat ərzində küçədə üç dəfə dava düşdü. Biri o birinə yol verməmişdi. Bir başqasının o birinin maşınının siqnalından xoşu gəlməmişdi. Təxminən bu tip səbəblər üzündən bahalı maşınlardan düşən adamlar ən iyrənc sözlərlə bir-birilərini təhqir etdilər. Bir-birlərini yumruqladılar. Biz bu haqda bir az söhbət etdik. İki əsas fikir ortaya çıxdı:
1. Hər gün müdir, direktor, rəis qarşısında təhqir olunan adamlar bir-birlərini təhqir etməkdə həvəsli olurlar. Müdir, rəis, direktor qarşısında təhqir olunanlar, müxtəlif vasitələrlə alçalan adamlar bir-birlərinə qənim kəsiliblər. Heç nəyə güzəştə getmirlər. Ən adi bir hərəkət davaya səbəb olur. Acıqlarını bir-birlərindən çıxırlar. Sistemin sifarişi belədir. Mövcud sistem bunu diqtə edir. Müdir, direktor, rəis qarşısında alçalanlar, təhqir olunanlar küçədə, kafedə, restoranda özü səviyyəsində, yaxud özündən aşağı birini təhqir etməklə təsəlli tapır. Yaxud küçədə də dava sala bilməsə belə, acığını evdə arvadından, uşağından çıxır;

2. Kitabxanaların kababxanaya çevrildiyi ölkədə adamlar istər-istəməz vəhşiləşir. Əgər insan teatrdan, kitabdan, ümumiyyətlə, incəsənətdən uzaq düşürsə... Aydındır. Dastan oxumayaq. Əgər insan zövqlə geyinməyi bacarmırsa, kitab oxumursa, incəsənətin nə olduğunu anlamırsa, mütləq bir vasitə tapıb özünü seçdirməyə çalışacaq. O, ya bahalı maşın almalıdır. Hətta kreditlə olsa belə. Ya toyda dayanmadan yarım saat oynamalıdır. Ya yolu qırmızı işıqda keçməlidir. Ya da dava salıb qolunun gücünü başqalarına göstərməlidir.

Əlbəttə ki, kitabxanaların kababxanaya çevrildiyi ölkədə küçə davalarının sayı günü-gündən artacaq. Dar köynək geyinib əzələlərini nümayiş etdirənlərin sayı əlində kitab, qəzet tutanların sayından dəfələrlə artıq olacaq. Bu, hələ jurnaldır. Kino qabaqdadır. Bir də görəcəyik ki, bir adam əlində kəsilmiş adam qolu metroya girdi. Yaxud qarşısındakı adamın telefon zəngi xoşuna gəlmədiyi üçün tutub onun başını qopartdı. Nə bilim, tutub baş barmağını dişlədi. İndidən belə səhnələrə öyrəşməliyik. Uzaqda deyil.

"Mavi", agent, erməni...

Bir neçə ay əvvəl "Sonuncu şalvar" adlı məqalə yazmışdım. Kim istəsə, həmin məqaləni www.abzas.net saytında oxuya bilər. Məqalə saytda yerləşdiriləndən bir ay sonra hesabımı yoxladım. Heç nə. Əslində, bir şey olsaydı, təəccüblənərdim. Həmin məqaləyə görə bir xeyli məktub aldım. Adamlar məktub yazıb açıq-aşkar məzələnirdilər. Hətta biri "Binə" bazarında şalvarın daha ucuz olduğunu yazmışdı. Belə münasibətlər məni bir çox məsuliyyətdən azad edir. Heç kimə borclu olmadığımı dərk edirəm. Reallığı daha yaxşı başa düşürəm. Öz məqalələrimi yazıram.

Milan Kunderanın "Var oluşun dözülməz yüngüllüyü" əsərindəki həkim Toması xatırlayıram...
Adamlarda həvəsə bax. Elektron ünvanı açıb (bu tip məktublar yazmaq üçün) öz xislətlərini ortaya qoyurlar. Sanki bizim ağır vəziyyətdə olmağımızdan, konkret olaraq mənim "Sonuncu şalvar" adlı məqaləni yazmağa məcbur olmağımdan həzz alırlar. Onların çoxu büdcə təşkilatlarında çalışanlardır. 500-600 manata vicdanlarını girov qoyublar. Gündə 10 dəfə rəis, müdir, direktor, rəhbərlik qarşısında alçalırlar. Təhqir olunurlar. Və kiminsə hələ də sözünü deməsi, az-çox azad olması 500-600 manata vicdanlarını girov qoymuşları hədsiz qıcıqlandırır. Onlar qorxaqdırlar. O dərəcədə qorxaqdırlar ki, daima istifadə etdikləri elektron ünvanlardan belə məktub yazmağa cəsarətləri çatmır. Ona görə iyrənc məktublar yazmaq üçün başqa ünvanlardan istifadə edirlər. Belələrinə İsa peyğəmbərin bir sözünü xatırlatmaq pis olmaz: - Gizlində edənə, Tanrı aşkarda qaytaracaqdır.

Bir sözü bir çox məsələlərə aid etmək olar...

Onlar həm də iddialıdırlar. İddia və qorxaqlıq bir adamda birləşirsə, şübhəsiz, ortaya iyrənc bir məxluq çıxacaq. Azad adam onların düşmənidir. Onlar öz köləliklərini boyunlarına almaq istəmirlər. "Mən siyasətə qarışmıram", "Bunlar yenə yığıb doyublar, gələnlər daha çox yığacaqlar", "Avropada da rüşvət var", "93-də çölə çıxa bilmirdik",- kimi fikirlər onların əclaflıq adlı kitabında qara və böyük şriftlə yazılıbdır.

Onlar az-çox azad adama "mavi", "agent", "erməni" adı qoymağı sevirlər. Çünki kiminsə bu şərtlər altında hətta azad olmağa cəhd etməsi 500-600 manata vicdanını girov qoyanlara möcüzə kimi görünür. Onlar möcüzəyə inanmaq istəmirlər. Çünki heç bir kitaba, yazıya inanmırlar. Hətta YAP-ın nizamnaməsinə belə...

İnsaf naminə qeyd edək ki, YAP-ın nizamnaməsində xeyli xoş sözlər yazılıb. Heyf ki, əməl etmədilər. Nəticədə kitabxanalar kababxanaya çevrildi.

mia.az