“Könlüm, çiçək axtarma, bu küllükdə gül olmaz” – Qəzəl

konlum-cicek-axtarma-bu-kullukde-gul-olmaz-qezel
Oxunma sayı: 2303

Olmaz

(qəzəl)

Könlüm, çiçək axtarma, bu küllükdə gül olmaz,
Var olsa ədalət, bu qədər zir-zibil olmaz.

Qanun sözü başlar, əzizim, “qan” ilə ancaq,
Qanuni olan yerdə hüquq xurd xəşil olmaz.

Qəssablar olublarsa əgər hakimi-mütləq,
Qəssabxana mülkündə vəkillər vəkil olmaz.

Hakim əgər almışsa vəkalətləri əldən,
Bir məhkəmə bundan daha artıq rəzil olmaz.

Bir ismi vəkildir, bunu bil, Xaliqi- Haqqın,
Haqq isminə xor baxma, Məhəmməd kəfil olmaz.

Hər kim ki, qaçar millətinin səs hüququndan,
Şah bəlkə olar, şahlığı əsla əsil olmaz.

Heydər, mənə öz nitqinə diqqət elə derlər,
Etsəm əməl, azğımdakı ətdən də dil olmaz.

Var
(qəzəl)

Zalımın zülm ilə şeytana papış hörməyi var.
Tanrınınsa yaranışdan ötə öngörməyi var.

Kim ki, xalqın sınayar səbrini, xalqın da onun
Boğazından yapışıb yerlə süründürməyi var.

Fələyin çərxinə heç bir vədə bel bağlama ki,
Hər zaman gərdişi tam tərsinə döndərməyi var.

Fikir özgürlüyü karvanına neylər dəyənək?
İtlərin boş yerə baş ağrıdaraq hürməyi var.

Hey ölümdən danışıb beynimi çox yorma, könül!
Hər bəşər övladının bir cür ömür sürməyi var

Məhbəsin çox acıdır loxması, qardaş, bilirəm,
Qul tək ömrünsə ölümdən də betər dürməyi var.

Bu yolun verdiyi – nemətdir, əzab olsa belə,
Qənimət bil, gözə təp, yaxşı - yaman hər nəyi var.

Yanıb atəşlərə məşəl kimi saç aləmə nur,
Qoy, desin cümlə-cahan- “Heydər Oğuz örnəyi var”.


Hüququm yoxdu qoyunca

Ürəyimdə saxladığım sözümü
Deyəmməsəm hava gələr başıma.
Göz yaşımda dəfn etmişəm özümü.
Nələr gəldi, nələr, nələr başıma?

Bu dağılmış- göy üzüdür, deməyin.
Bir ələkdir əllərində fələyin.
Ulduzlarsa gözüdür bu ələyin,
Qara günü hər gün ələr başıma.

Gör, nə qədər dəlləyi var elimin.
Biri məlum, o biri də telimin,
Bir qayçı da ucundadır dilimin,
Toplanıb, gör, neçə bərbər başıma?

Quzu belə mələr ağrı duyunca,
Mən yazıqsa dili bağlı oyuncaq.
Aman Allah, hüququm yox qoyunca-
Ələnibdir yaman küllər başıma.

Öz elimdə qolu bağlı qulam mən.
Bilmirəm ki, nə edəm mən, nə olam mən?
Bilmirəm ki, hansı daşı salam mən
Dərd əlindən bu dərbədər başıma?

Heydər Oğuz, göz yaşını sil artıq!
Vəzifən nə, hüququn nə, bil artıq!
Ayağa qalx, ya qurtul, ya öl artıq!
Güləcəkdir yoxsa ellər başına.

Vətənim
(qəzəl)

Tutuşub odlara hər gün deyirəm: - can, Vətənim!
Yada cənnət olan, ancaq bizə zindan Vətənim.
Varlığım tək quru can mən ilə Allah arası
Neylərəm, mən onu sənsiz, sənə qurban, Vətənim?!
Mən sənin qanlı tənin üstə ötən bülbülünəm,
Susmaram, olsa vücudum qana qəltan, Vətənim!
Can verir zalıma məzlum əyərək zülmə boyun,
Qurtuluş çarəsidir eyləmək üsyan, Vətənim!
Yoxdu əynimdə kəfən, amma gəzən bir ölüyəm,
Qalmayıb zərrə qədər kimsədə vicdan, Vətənim!
Tapdayır yurdumu düşmən bizə lağ eyləyərək
Başçımız uydurur artıq yeni dastan, Vətənim!
Heydərəm, dözməyərək dərdimə dağlar əriyər,
Bilmirəm, tab gətirir, bəs, necə insan, Vətənim?!