“Körpəmi öldürdülər”- Həkim qurbanları X

korpemi-oldurduler-hekim-qurbanlari-x
Oxunma sayı: 745

Azərbaycanda doğuş zamanı ana və uşaq ölümünün sayı dünya hesabatında bir cür, ölkənin statistikasında isə başqa rəqəmlərlə təzahür olunur. BMT-nin Uşaq Fondu olan UNİSEF-in ənənəvi illik hesabatına görə, ötən il 5 yaşadək uşaqların ölüm sayına görə, Azərbaycan 193 ölkə arasında 63-cü yeri tutur. Səhiyyə Nazirliyi UNİSEF-in bu yeri ilə razılaşmır. Təşkilatın hətta ana bətnində olan düşükləri də qeydiyyata alaraq Azərbaycanı bu sıraya saldığını bildirir. Bunun əksinə ekspertlər bir məqama toxunurlar. UNİSEF reallığı əks etdirməkdə ya şişirtməklə heç nə qazanmır, təşkilat vəziyyəti aşağı olan ölkələrə daha çox yardım ayırır, başqa sözlə onun pulu gedir. Deməlı, Azərbaycan da daha çox yardım alanlar sırasındadır.

Nazirlər Kabinetinin hesabatına əsasən isə, ötən il 176.1 min körpə dögulub. Diri doğulan 1 yaşadək uşaqdan hər 1000 nəfərinin 11,0 promilli( 1,1%deməkdir) ölüb. Bu rəqəmi ötən illərlə müqayisə etdikdə(əvvəllər 15,5 promilli) azalma müşahidə olunur. Həmin hesabatda ana ölümü isə hər10.000 nəfərə 15,3 promilli təşkil etdiyi qeyd olunur.
Müstəqil araşdırmaların nəticəsinə görə isə, orta hesabla hər il 182 minə yaxın uşaq doğulsa da , onlardan 5 yaşadək ölən uşaqların sayı 9 minə yaxındır. Bu rəqəm açınacaqlı durumdan xəbər verir.

Nəzərə alaq ki, bu gün rayon və ucqar kəndlərdə çox vaxt evdə doğuş zamanı ölüm halları baş versə də, bu vəziyyət rəsmi qeydiyyata alınmır və ya yayındırılır. Yaxud rayon və kəndlərdə hamilə qadınlar müxtəlif səbəblərdən qeydiyyatda və həkim nəzarətinə tabe olmurlar. Bu məsuliyyət təkcə dövlət səhiyyə xidmətinin üzərinə düşməsə belə, çox zaman ölüm hallarında həkimlərin məsuliyyətsizliyi və səhlənkarlığı mühüm yer tutur. Qəbul edək ki, doğum evlərində daha çox sahibi və yiyəsi olmayan qadın həmin bu səhlənkarlıq riski ilə qarşı-qarşıya gələ bilər. Xüsusən, dövlət xəstəxanalarında hərdən bazar alverini xatırladan həkim-pasiyent münasibəti isə danılmazdır. Doğuş prosesindən qabaq pul sövdələşmələri bu məsələnin, reallığın yalnız görünən hissəsidir. Həmin o uşaq ölümü və həkim məsuliyyətsizliyinin bir nümunəsi.

Gülşən Hüseynova körpəsini ötən ilin yayında A.Bakıxanov qəsəbəsində yerləşən 2 saylı Doğum Evində dünyaya gətirib. Lakin körpənin sinəsində xışıltı olduğundan uşaq müalicəsi üçün Q.Qarayev adına Uşaq Xəstəxanasına göndərilib. Ana 5 gündən sonra həkimlərin təqsiri ucbatından uşağını itirib. Onun sözlərinə görə, doğuşdan əvvəl və sonra da körpənin ürəyində heç bir problemi olmasa da, həkimlər onun ürək dayanmasından öldüyünü deyiblər.

Yeni doğulan uşaq azacıq soyuqlaması var diyə, sistem altına qoyulub. Narahat ana həkimin ona qidadan 3 saat sonra dərmanın verilməsini tapşırdığı halda, tibb bacısı elə qidalananmasının ardınca körpəyə dərman verib. Özü də dərman damcı-damcı verilmək əvəzinə, körpənin boğazına boşaldılıb. Ana dərmanın verilmə saatına etiraz etsə də, tibb bacısının kobud rəftarı ilə qarşılaşıb. Tibb bacısı bunun ardınca uşağın sinəsindən şprislə sarı su çəkib. Ana vəziyyəti pisləşən körpəni qurtarmaq üçün həkimi çağırıb. Həkim minnətlə də olsa xəstəsinin yanına gəlib və körpə təcili başqa otağa aparılıb, bir az sonra bağlı qapı arxasında dayanan anaya pis xəbər verilib. Artıq körpəsinin ürəyi dayanıb.

Gülşən Hüseynova uşağı üçün aldırılan dərmanların (reseptə əsasən) heç birinin ürək qüsuru ilə bağlı olmadığını bildirir. O, “körpəm yalnız səhlənkarlığın qurbanı oldu” deyir.
Körpəsinin olümünün ardınca xəstəxana rəhbərliyindən ölüm səbəbi haqqında ətraflı məlumat almaq istəsə də , buna nail ola bilməyib. Diğər qurbanlardan fərqli olaraq körpəsini öldürən tibb işçılərinin cəzalandırılmasını tələb edib. Hətta Səhiyyə Nazirliyinə də şıkayət məktubu göndərib. Xəstəxana rəhbərliyi nəhayət dilə gəlib, baş həkimin müavini Eldar Rəhimov həmin həkimlərin cəzalandırdığını deyib. Amma Gülşən bu cəzanın nədən ibarət olduğunu hələ də öyrənə bilmir.

P.S. Azərbaycanda sağlamlığından şıkayəti olan həkimə gedir, həkimdən şıkayət edənin isə gedəcəyi yer məlum olsa da, götürülən ölçü məlum deyil. Cəzalandırılmaq məsələsi, həkimin maaş gəlirindən tutulmalar və yüngül töhmətdən ibarətdir. Əslində problemin kökündə konkret “həkim cinayəti” kimi təqsirin olmaması və işlənib hazırlansa da “Tibbi komisiyyanın yaradılması” barədə qanunun hələ də qəbul olunmamasıdır. Yaxud da bu gecikmələr kimlərinsə “iş”inin gedişinə sərf edir.

Raminə Eyvazqızı