Kür niyə aşıb-daşır?

kur-niye-asib-dasir
Oxunma sayı: 2370


Giriş və ya ümumi məlumat...


2010- cu ilin yazında baş verən daşqınlardan 1 il ötür. Məhz keçən il bu zaman Kür və Araz çaylarının daşması nəticəsində Azərbaycanın 30- a yaxın rayonunda 20- mindən çox yaşayış binasının, 110 min hektar əkin və örüş sahəsinin su altında qalması ilə insanlara, təsərrüfatlara, iaşə və məişət obyektlərinə, tədris- təhsil ocaqlarına, infrastruktura, böyük həcmdə ziyan dəydi. Aparılan araşdırmalar göstərir ki, 2010- cu ilin daşqınları miqyasına və təsir gücünə görə Kür çayının son 100 ildə baş vermiş ən böyük daşqınlarından biridir.
Ötən ilki daşqınların törətdiyi fəlakət və dağıntıları, onun nəticələrini və bu nəticələrin aradan qaldırılması istiqamətində görülən işləri bir kənara qoyub oncə bir suala cavab axtarmaq önəmlidir;


Kür daşqınları baş verməyə bilərdimi?
Və ya daşqınların baş vermə səbəbləri...


Bəli, Azərbaycanda su təsərrüfatı sistemi düzgün idarə olunsaydı və bu istiqamətdə ayrılan vəsaitlər aidiyyatı üzrə xərclənsəydi daşqınlar baş verməyə bilərdi. Hətta hər hansı daşqınlar baş versəydi belə ən azından fəlakətin miqyası və təsir gücü indiki qədər olmazdı. Araşdırmalar göstərir ki;

- Mingəçevir Su Anbarında suyun tənzimlənməsi və düzgün idarə olunması;
- Kür və Araz çaylarının, eləcə də ehtiyyat su anbarlarının lildən təmizlənməsi işi vaxtında və effektli şəkildə həyata keçirilsəydi;
- Kür və Araz çayları ətrafında sahil bərkitmə və bəndvurma işləri etibarlı aparılsaydı 2010- cu ilin yazında Kür daşqınları baş verməyə bilərdi.

Müsbət məqamlar;

2010- cu ilin yazında baş verən daşqınları, onun fəsadlarını, bu günkü problemlərini təhlil etməzdən öncə fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində atılan aşağıdakı müsbət məqamları qeyd etmək olar;

- Daşqınların baş verdiyi ərəfədə insanların təcili evakuasiya olunması;
- İnsan fəlakətinin az olması (Hökümət Komissiyasının açıqlamalarından fərqli olaraq ən azından 5 nəfər həyatını itirib);
- Fəlakətin təsirlərinin minimuma endirilməsi üçün yerli strukturların, hərbi gücün, texnika və resursların səfərbər edilməsi,
- Daşqınların ilk günlərində dövlət başçısının fəlakət bölgəsinə səfər etməsi, Nazirlər Kabinetinin iclasını hadisələrin episentrinə yaxın ərazidə- Şirvanda keçirməsi və bir sıra qərarların operativ qəbul olunması,
- Fövqəladə Hallar Qərargahının İmişli və Saatlıya köçürülməsi,
- Yaşayış yerlərini tərk etmiş insanların müvəqqəti məskunlaşdırılması və onların isti yemək, ərzaq, paltarla təmin edilməsi və s.
- Mingəçevir Su Anbarının statusuna aydınlığın gətirilməsi, onun FHN- nin balansına verilməsi, Anbarda suyun tənzimlənməsinə və müəssisənin mühafizəsinin gücləndirilməsi;
- Su Ehtiyyatlarının İdarə olunması ilə bağlı Dövlət Agentliyinin yaradılması;
- Kür çayında gəmilərin hərəkətinin bərpa olunmasına qərar və müvafiq gəmilərin alınmasına sifariş verilməsi;
- Nazirlər Kabinetinin 04 mart 2011- ci il qərarı ilə daşqınlardan əziyyət çəkən bölgələrdə torpaqların əkib- becərilməsi üçün əlavə yardımların verilməsi;
- Daşqınların nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə bağlı FHN- nin rəsmi internet səhifəsinə məlumatların yerləşdirilməsi və ictimaiyyətə açıqlanması;
- Son zamanlar Hökümət Komissiyasının, yerli icra qurumlarının vətəndaş cəmiyyəti institutları ilə kövrək də olsa əməkdaşlığa başlaması;

Tapıntılar;


2010- cu ilin yazında baş verən Kür daşqınları zamanı yaradılan “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının ardıcıl və sistemli olaraq son bir ildəki fəaliyyəti zamanı aşağıdakı nəticələr əldə olunmuş və tapıntılar üzə çıxmışdı;

- Sel daşqınlarının baş verməməsi üçün ayrılan vəsaitlərin səmərəli xərclənməməsi; Milli Büdcə Qrupunun ekspertləri tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, 2003- cü ildən 2010- cu ilə qədər 7 il ərzində Ehtiyat Su Anbarlarının təmiri, eləcə də Kür və Araz çaylarının lildən təmizlənməsi, sahil bərkitmə və bənd vurma işlərinin yerinə yetirilməsi üçün 1 milyard manata yaxın vəsait xərclənib (!?). Amma nəticə və nəticənin doğurduğu fəsadlar göz qabağındadır. Kür çayı (xüsusən çayın deltası) lillənib, çayın su çəkmə axını, su sərfi xeyli zəifləyib. Sahilbərkitmə və bənd vurma işləri effektiv və vaxtaşırı həyata keçirilmədiyindən Kür qırağı bölgələr hazırda qrunt və ya sızma sularının təsiri altındadır.

- Minçəçevir Su Anbarı başda olmaqla ehtiyyat su anbarlarının və eləcə də Kür- Araz çaylarının lildən təmizlənməməsi; Mingəçevir Su Anbarında hal- hazırda suyun səviyyəsi ötən illə müqayisədə aşağı, illik normaya yaxın səviyyədədir. Fövqaladə Hallar Nazirliyinin verdiyi məlumata görə hazırda sözü gedən dəryaçada suyun səviyyəsi 78,5 metr civarındadır. Fövqaladə Hallar Nazirliyinin balansına verildikdən sonra Anbarda suyun idarə olunması və tənzimlənməsi prosesinə diqqət artırılıb və vəziyyət nəzarətdə saxlanılır. Ərazinin mühafizə olunması gücləndirilmiş vəziyyətdədir. Amma bu müsbət məqamlarla yanaşı qeyd etmək lazımdır ki, Mingəçevir Su Anbarının özündə lillənmənin həcmi artıb. Son illər həm Mingəçevir Su Anbarında, həm digər ehtiyyat su anbarlarında və həm də Kür- Araz çaylarının lildən təmizlənməsi işi aparılmayıb.


- Kürün deltasının lildən təmizlənməməsi və bu işin yarımçıq saxlanılması, gəmilərin ərazidən çıxarılması; Aparılan monitorinqlər zamanı məlum olub ki, ötən ilin daşqınlarından sonra deltanın lildən təmizlənməsi işinə cəlb edilmiş 7 gəmidən hazırda ərazidə yalnız bir gəmi- “İnam” lil soran gəmi qalıb. Azərenerji ASC- ə və Xəzər Dəniz Gəmiçilik İdarəsinə məxsus olan digər gəmilər keçən ilin avqust ayında naməlum səbəblərdən ərazidən çıxarılıb. Hazırda deltadan 2,5- 3 km aralıda çalışan, ləng hərəkət etmək və işləmək qabiliyyətinə malik olan “İnam” gəmisindən verilən məlumata görə gəminin Kür çayının Xəzər dənizinə tökülən hissəsinə qədər olan məsafədəki lili təmizləməsi üçün ən aşağısı oktyabr ayına kimi vaxt lazımdır. Müşahidələr zamanı qeydə alınan ən acınacaqlı vəziyyət isə ondan ibarət olub ki, deltanın lillənməsi nəticəsində Kür çayının dərinliyi 1 metrdir, bəzi yerlərdə isə artıq lillənmə suyun üzərinə qalxıb (!?). Deltada lillənmə o səviyyədədir ki, hətta kiçik qayıqlar belə Kür çayının Xəzər dənizinə tökülən hissəsini keçib dənizə daxil olmaqda problemlə üzləşirlər. “İnam” lil soran gəmidən verilən digər məlumatda isə qeyd olunur ki, hər ay deltada 500- 800 min kub/metr lillənmə gedir. Aparılan müşahidələr və araşdırmalar göstərir ki, ötən bir il ərzində Kürün deltasının lildən təmizlənməsi işi qənaətbəxş səviyyədə olmayıb. Gəmilərin ərazidən çıxarılması başa düşülən deyil. Yaxın zamanlarda “təmizləmə işi” sürətlənməzsə Kür və Araz çaylarında suyun səviyyəsinin azacıq artması növbəti fəlakətlərin baş verməsinə yol aça bilər.

- Yeni inşa olunan bəndlərin etibarlı olmasına dair şübhələrin mövcudluğu; 2010- cu ilin yazında baş verən daşqınların nəticələrinin aradan qaldırılması və növbəti daşqınların təkrarlanmaması istiqamətində görülən əsas işlərdən biri də Sarısu gölü, Kür və Araz çayları boyunca bəndlərin qurulması olub. Bu məqsədlə Nazirlər Kabinetinin 09 iyul 2010- cu il 197 saylı sərəncamı ilə Sarısu gölü ətrafında olan dağılmış torpaq bəndlərinin bərpası və yenidən qurulması üçün 17,7 milyon manat, sel sularından dağılmış digər bəndlərin bərpası və yenidən qurulması üçün 9,2 milyon manat vəsait ayrılıb (maddə 6). Ötən bir il ərzində Kür və Araz çayları sahillərində aparılan bəndvurma və sahil bərkitmə işlərini monitorinq edən “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvləri Saatlı, Sabirabad və Şirvan bölgəsində müəyyən ediblər ki, bölgədə bir sıra yerlərdə (Məs, Sabirabadın Dadaşbəyli kəndi yaxınlığında) Kür və Araz çayının ətrafında qurulan bəndlərdə su sızmaları var. Su sızmaları əsasən yaxın ərazilərdən gətirilmiş yumşaq torpaqlar hesabına qurulmuş bəndlərdə müşayət edilib. Bəzən isə bəndvurma üçün torpaqlar çayın özündən götürülüb istifadə olunub. Yaxın ərazilərdən gətirilmiş yumşaq torpaqlar hesabına qurulmuş, kifayət qədər bərkidilməmiş bəndlərin ilk gündən, çaylarda suyun səviyyəsi artmamış su buraxması və sızması bir daha göstərir ki, sahil bərkitmə işləri kifayət qədər etibarlı aparılmayıb. Bu bəndlərin yaxın gələcəkdə yağıntıların və çaylarda su sərfinin artacağı müqabilində təzyiqlərə davam gətirəcəyi şübhəli görünür. Halbu ki, həm 2003- cü ildən 2010- cu ilə qədər, həm də ötən il Nazirlər Kabinetinin 09 iyul 2010- cu il tarixli sərəncamı əsasında Kür və Araz çaylarında sahil bərkitmə və bəndvurma işləri üçün kifayət qədər vəsait ayrılıb. Bu vəsaitlər hesabına görülən işlərin keyfiyyəti göz qabağında olsa da vəsaitlərin həcmi və xərclənmə təyinatı barədə ictimai məlumatlandırma qeyri- kafi səviyyədədir.

- Dəyən ziyanın obyektiv qiymətləndirilməməsi. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı ötən bir il ərzində daşqınların təsirinə məruz qalmış 2400- dən artıq təsərrüfatda qiymətləndirmə aparıb. Fərdi yaşayış evlərinə, təsərrüfatlara dəyən ziyanla bağlı aparılan alternativ qiymətləndirmələr zamanı məlum olub ki, Fəlakətlə bağlı yaradılmış Hökümət Komissiyası bir çox bölgələrdə dəyən ziyanla bağlı ya ümumiyyətlə qiymətləndirmə aparmayıb, ya yarımçıq aparıb, ya da bu iş qeyri- obyektiv həyata keçirilib. Bir çox yerlərdə isə qiymətləndirmələr aparılsa da dəyən ziyanın aradan qaldırılması istiqamətində bu günə qədər də lazımi işlər həyata keçirilməyib. Bu isə insanlarda haqlı olaraq müxtəlif narazılıqların meydana çıxmasına səbəb olub.


- İctimai məlumatlandırmanın aşağı səviyyədə olması. Hökümətin qəbul etdiyi qərarlar və fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində gördüyü işlər barədə ictimaiyyətin məlumatlandırılması aşağı səviyyədə olub. Aidiyyatı dövlət qurumlarının saytlarında Kür daşqınlarının yaratdığı problemlər və bu problemlərin aradan qaldırılması istiqamətində görülən işlərlə bağlı məlumatlar çox azdır. Rəsmi mətbuatın və mərkəzi televiziyaların bu yöndə verdiyi məlumatlar isə daha çox mövcud problemlərin reallığını yox, görülməsi nəzərdə tutulan və ya hansısa lokal bir ərazidə görülmüş bir işin şişirdilərək təqdimatı olub. Nazirlər Kabinetinin 09 iyul 2010- cu il tarixli sərəncamı ictimaiyyətdən gizlədilib, çap olunmayıb və Nazirlər Kabinetinin saytında yerləşdirilməyib. Eyni zamanda “Kür” Vətəndaş Cəmiyyəti Qərargahını bir sıra sorğuları hökümət strukturları tərəfindən cavablandırılmayıb. Yalnız “Kür” Qərargahının təklif və təşəbbüsündən sonra 2011- ci ilin aprel ayından Fövqaladə Hallar Nazirliyinin rəsmi internet səhifəsində daşqınların aradan qaldırılması istiqamətində görülən işlərlərlə bağlı xüsusi bölüm yaradılıb və bir çox zəruri məlumatlar bu bölümdə yerləşdirilib. Təbii ki, gec də olsa atılan bu addım təqdirə layiqdir.

- Daşqın bölgəsində evlərin tikintisində şəffaflıq və hesabatlılıq faktoru. FHN- nin rəsmi məlumatına görə daşqın bölgəsində tikintisi nəzərdə tutulan 3205 evdən bu günə qədər 2401 ev tikilərək istifadəyə verilib. Evlərin tikintisi zamanı tenderlərin keçirilməməsini Hökümət Komissiyası vaxtın azlığı, daşqından sonra yaranmış fövqaladə vəziyyətlə bağlı olduğunu bildirsə də sonrakı dönəmdə tikintini həyata keçirən podratçı şirkətlərin adları, rəhbərləri və bir evin tikilməsi üçün xərclənən vəsaitin həcmi açıqlanmayıb. Vətəndaş cəmiyyəti institutlarının apardığı qeyri- rəsmi araşdırmalara görə orta hesabla bir evin tikintisinə infrastrukturlarla bir yerdə 63 min manat vəsait düşür ki, bu da çox böyük rəqəmdir. “Kür” Qərargahı növbəti aylarda tikilən evlərin monitorinqini həyata keçirməyi planlaşdırır.


- Kompensasiyaların verilməsində korrupsiya və mənimsəmə faktları qeydə alınıb.
a) Sabirabadın Azadakənd, Xankeçən, Poladtoğay və Çığırğan kəndinin bir qrup sakini 31 avqust 2010- cu ildə Bakıda Fövqalədə Hallar Nazirliyində olarkən müzakirələr əsnasında vətəndaşların iştirakı ilə kompensasiya sənədlərinə baxış keçirərkən məlum olub ki, onlara verilən kompensasiyalarda mənimsəmə və korrupsiya faktları olub. Vətəndaşların respublika Prokurorluğuna müraciət etməsi və Sabirabad rayon prokurorunun məsələyə müdaxilə etməsi, adı çəkilən kəndlərdə araşdırmalar aparması və aidiyyatı şəxslərdən (o cümlədən rayon Poçt İdarəsinin işçilərindən) izahat alması mənimsənilən kompensasiyaların həmin gün gecə saatlarında geri qaytarılması ilə nəticələnib. Bu faktın özü bir daha kompensasiyaların mənimsənilməsini göstərir.
b) Sabirabadın Əsgərbəyli, Qasımbəyli və Axtaşı kənd sakinlərinin rəsmi müraciəti əsasında kənd icra nümayəndəsi Kür daşqınlarının təsirinə məruz qalmış insanlara evlərin tikintisi zamanı rüşvət alması ittihamı ilə vəzifəsindən azad olunub və haqqında hüquq- mühafizə oqranları araşdırmalara başlayıb.
c) İmişli rayonunda evlərin tikintisi zamanı korrupsiya nəticəsində ayrı- seçkiliyə yol verildiyi bildirilir. 43 rayon sakinin aidiyyatı qurumlara və “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına etdiyi müraciətdə bu fikirlər irəli sürülür.

- Kür daşqınları ilə bağlı dövlət orqanlarına ünvanlanan sorğuların cavablandırılması qənaətbəxş səviyyədə olmayıb. 2010- cu il avqust ayından indiyə qədər “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən 10 dəfədən artıq müxtəlif dövlət orqanlarına müraciətlər edilib. Bu müraciətlər daha çox fəlakətlə bağlı Hökümət komissiyasının gördüyü işlər barədə məlumatların istənilməsinə və yerli monitorinqlərə müdaxilə halları ilə bağlı aidiyyatı qurumların adekvat addım atılması ilə bağlı olub. Yalnız 3 qurum sorğuları cavablandırıb. Ekologiya və Təbii Sərvətlər nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Prezident yanında QHT- lərə Dövlət Dəstək Şurası. Azərbaycanda su təsərrüfatı sisteminin idarə olunması, bəndvurma, sahil bərkitmə işlərinin yerinə yetirilməsi, çayların, ehtiyyat su anbarlarının lildən təmizlənməsi və bu istiqamətdə hansı həcmdə işlərin görülməsi ilə bağlı İnformasiya sorğusunu Meliorasiya və Su Təsərrüfatı ASC cavablandırsa da sorğuya verilən cavab natamam olduğundan qənaətbəxş sayıla bilməz.

- Məhkəmələr Kür daşqınları nəticəsində dəyən ziyanla bağlı vətəndaşların iddia ərizələrini icraat qəbul etməmək üçün müxtəlif bürokratik əngəlliklərə əl atıblar. 2010- cu ilin oktyabr ayından bir qrup vətəndaşın məhkəməyə iddiaları hazırlanaraq məhkəməyə təqdim olunub. Lakin uzun müddət müxtəlif bəhanələr və əsasız tələblərlə məhkəmələr (xüsusən, Səbayel rayon məhkəməsi) iddia ərizəsini icraata qəbul etməyib. Təəsüfləndirici haldır ki, rayon məhkəməsinin bu qərarını Apelliyasiya məhkəməsi qüvvədə saxlamışdır. Sonrakı dönəmdə isə İnizibatı İqtisad Məhkəməsi ona ünvanalanan iddia ərizəsinin məhkəmə hazırlığı prosesini başlatmaq üçün iddiaçıları 5 aya yaxın gözlətmişdir.

Tövsiyyələr;

2010- cu ilin yazında baş verən daşqınlar və onun nəticələrinin aradan qaldırılması, eləcə də regionun sosial iqtisadi inkişafı üçün görülməsi zəruri olan işləri 2 əsas hissəyə bölmək olar;
Daşqınların nəticələrinin aradan qaldırılması üçün;
- Azərbaycan hökuməti daşqın bölgəsində mövcud problemlərin aradan qaldırılması üçün təcili və təxirəsalınmaz tədbirlər həyata keçirməli;
- Kür və Araz çaylarının lildən təmizlənməsi, sahil bərkitmə və bəndvurma işlərinin yerinə yetirilməsi, Ehtiyyat Su Anbarlarının təmir olunması və s. işlərin effektli qurulması işi təmin edilməli;
- Dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsinə nəzarət gücləndirilməli və görülən işlər, xərclənən vəsaitlər barədə ictimaiyyət geniş şəkildə məlumatlandırılmalı;
- Zərərçəkmiş insanlara kompensasiyalar verilməmişdən öncə dəyən ziyan obyektiv şəkildə qiymətləndirilməlidir;
- Vətəndaşlara təqdim olunan kompensasiyaların metodologiyası və təyinatı barədə insanlara ətraflı bilgi verilməl, şəffaflığın təmin edilməsi üçün kompensasiya alan vətəndaşların adı, soyadı və aldıqları vəsaitin həcmi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, eləcə də FHN- nin rəsmi internet sihfəsində yerləşdirilsin;
- Vətəndaşlara dəyən ziyanla müqayisədə onlara təklif olunan kompensasiyaların həcmi dəyən ziyana adekvat olmadığından vəsaitin həcmi artırılmalıdır;
- Baş vermiş neqativ hallara görə və korrupsiya elementlərində təqsirli şəxslər barədə ciddi ölçü götürülməlidir;
- Şikayətlərin idarə olunması və ədalətli baxılması üçün vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə müvafiq komissiya yaradılsın;
- Fəlakət bölgəsinin ekoloji tarazlığını bərpa etmək, ətraf mühitin mühafizəsini gücləndirmək üçün təxirə salınmaz tədbirlər hazırlanıb həyata keçirilməlidir;
- Qrunt sularının ərazidən çəkilməsi üçün müasir tələblərə cavab verən drenaj- kollektor sistemi qurulmalıdır;

Bölgənin iqtisadi inkişafı üçün;
- Daşqın bölgəsində infrastrukturun bərpa olunması, təhlükəsizliyin artırılması, kənd təsərrüfatının dirçəldilməsi üçün tədbirlər planı hazırlanıb reallaşdırılmalıdır;
- Kür daşqınları böyük bir iqtisadi zonanı əhatə etdiyindən həmin ərazinin sosial- iqtisadi inkişafı üçün xususi Dövlət Proqramının hazırlanıb həyata keçirilməsinə ehtiyac var;

Oqtay Gülalıyev
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru