Lalə Şövkətin Ermənistan azərbaycanlıları ilə bağlı – bəyanatı

lale-sovketin-ermenistan-azerbaycanlilari-ile-bagli-beyanati-
Oxunma sayı: 661

Ermənistan SSR rəhbərliyinin rəsmi müraciəti əsasında SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlıların Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" Stalinin imzaladığı 4083 N-li 23.12.1947-ci il tarixli qərarın dekabrın 23-də 64-cü ildönümüdür. Bu köçürmə əslində əzəli Azərbaycan torpaqlarında süni yaradılmış Ermənistanda azərbaycanlıların min illər boyu yaşadıqları öz doğma yurd-yuvalarından zorla deportasiyası idi. Məhz bu sənəd əsasında 1948-53-cü illərdə yüz minlərlə azərbaycanlı Ermənistandan sürgün edilmişdir.

1988-89-cu illərdə isə Ermənistan rəhbərliyinin vəhşicəsinə törətdiyi etnik təmizləmə nəticəsində 200 mindən çox azərbaycanlı ölkədən qovulmuşdur. Bu etnik təmizləmə zamanı yüzlərlə azərbaycanlı öldürülmüş, minlərlə insan ciddi bədən xəsarəti almış, onların milyardlarla ABŞ dolları məbləğində bütün əmlakı talanmışdır. Vaxtilə Ermənistan əhalisinin ən azı yarısını təşkil etmiş azərbaycanlılardan indi bir nəfər də olsun bu ölkədə qalmamışdır.
Bu görünməmiş ədalətsizliyə və haqsızlığa qarşı özünü sivil sayan bir çox dövlətlər, təəssüf ki, vaxtında adekvat reaksiya vermədilər, və bu gün də belə vəziyyət davam etməkdədir.

Ən acınacaqlısı isə odur ki, Azərbaycan iqtidarı da Ermənistanda deportasiya və etnik təmizləməyə məruz qalmış azərbaycanlıların hüquqlarının bərpasına biganədir. Məhz bunun nəticəsidir ki, Ermənistanda anadan olmuş azərbaycanlıların şəxsiyyət vəsiqəsində onların doğulduğu kəndlərin adı göstərilmir. Bu isə ermənilərə növbəti dəfə tarixin saxtalaşdırılmasına böyük şans verir və azərbaycanlıların Ermənistanda hüquqlarının bərpasına əngəl törədir.
Bu günlərdə "Deportasiya Qurbanları Cəmiyyəti" Azərbaycanın daxili işlər naziri R.Usubova müraciət edərək, Ermənistanda anadan olmuş azərbaycanlıların şəxsiyyət vəsiqələrində onların doğulduğu kəndlərin adının qeyd edilməsini tələb etmişlər.
Soydaşlarımızın bu tələbini tam ədalətli sayıram və bu müraciəti bütövlüklə dəstəkləyirəm.
Bundan başqa hesab edirəm ki, 23 dekabr Azərbaycanda "Ermənistan azərbaycanlılarının deportasiyası günü" kimi qeyd olunmalı, onların zorla deportasiya olunması və etnik təmizləməyə məruz qalması faktının digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınmasına nail olunmalı və buna hüquqi qiymət verilməlidir.

Ermənistandan 1948-53 illərdə deportasiya olunmuş və 1988-89-cu illərdə etnik təmizləməyə məruz qalmış azərbaycanlılar, onların övladları siyahıya alınmalıdır. Onlara vurulmuş maddi və mənəvi zərərin Ermənistan tərəfindən ödənilməsi üçün beynəlxalq məhkəmələrə müraciət edilməsinə dövlət hərtərəfli yardım etməlidir.

Hesab edirəm ki, Ermənistanın Çəmbərək (Krasnoselsk) rayonunun Azərbaycan ərazisi ilə əhatə olunmuş Başkənd (Artsvaşen) qəsəbəsində Ermənistan tərkibində "Göyçə-Zəngəzur Muxtar Respublikasının" (ad şərtidir) təsis olunmasına, onun hökumətinin yaradılmasına və azad iqtisadi zona elan edilməsinə iqtidar hər cür dəstək verməlidir.

Ermənistan-Azərbaycan hərbi münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlarda Ermənistan azərbaycanlılarının münaqişənin, danışıqların tərəfi kimi tanınması, bütün vətəndaş və insan hüquq və azadlıqlarının, tarixi Azərbaycan etnonim və toponimlərinin bərpası müzakirə predmetinə çevrilməlidir. Onlara Ermənistan ərazisində Dağlıq Qarabağ erməniləri ilə "simmetrik status"un verilməsi tələb edilməlidir.

Eyni zamanda onların Azərbaycanda vətəndaş hüquqları heç bir halda məhdudlaşdırılmamalı və Azərbaycan Konstitusiyasında buna qarantiya verən dəyişikliklər edilməlidir.