Masallıda dəhşətli yol qəzası oldu

masallida-dehsetli-yol-qezasi-oldu
Oxunma sayı: 718

APA-nın məlumatına görə, hadisə ötən gecə saat 22.30 radələrində Ələt-Astara magistralının 158-ci kilometrliyində - Masallının Alvadı kəndi ərazisində qeydə alınıb. “42 BX 855” dövlət nömrə nişanlı “KAMAZ” markalı yük maşını Masallı rayonunun Kalinovka kənd sakini Ələddin Əlihüseyn oğlu Hüseynovun idarə etdiyi “Mersedes” markalı, “10 RL 190” dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Nəticədə “Mersedes”in sürücüsü və maşındakı sərnişinlər – Lənkəran rayonunun Qumbaşı kənd sakini Rövşən Ərəstun oğlu İsmayılov, Masallının Xıl kənd sakinləri Qəhrəman Möhübbət oğlu Nağıyev və qardaşı Hamil Möhübbət oğlu Nağıyev hadisə yerində dünyasını dəyişiblər. Qəza yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri xüsusi alət və avadanlıqlar vasitəsilə ölənlərin meyitlərini deformasiyaya uğramış “Mersedes”dən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisənin “Mersedes” markalı avtomobilin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verdiyi bildirilir. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.