“Mən Heydər Əliyevin siyasi xəttini müdafiə edən təşkilatın sədri deyiləm”

men-heyder-eliyevin-siyasi-xettini-mudafie-eden-teskilatin-sedri-deyilem-
Oxunma sayı: 850





- Fərəc bəy, Milli Dirçəliş hərəkatı partiya kimi qeydiyyata alınıb. Belə deyirlər ki, iqtidar Sizə şərait yaradır. Buna səbəb nədir?
- Hesab edirəm ki, rəqabət aparanda düşüncə rəqabəti aparmaq lazımdır. Bizim məqsədimiz ictimai legitimlik qazanmaqdır və düşüncəmizin cəmiyyətdə hakim olmasını istəməkdir. Biz hesab edirik ki, bəzi məsələlərdə, qaydalarda dəyişiklik eləmək lazımdır. Azərbaycanda bütövləşmiş bir cəmiyyət qurmaq, qütbləşmədən imtina etmək lazımdır. Bunun da yolu fərdlərin, partiyaların ətrafında birləşməkdən keçmir. Bir düşüncə sistemi olmalıdı və cəmiyyət də onun ətrafında birləşməlidi. Məqsədimiz dünya görüşümüzü hakim eləməkdi. Bizim hakimiyyətə gəlmək üşün xüsusi marağımız yoxdur. Yəni, biz hakimiyyətə məqsəd kimi yox, vasitə kimi baxırıq. Gələcəyiksə hakimiyyətə, düşüncəmizi hakim edəcəyik. Bizimlə rəqabət aparmaq istəyənlər düşüncəmizlə rəqabət aparsınlar. Əgər bizim düşüncəmiz, istəklərimiz, maraqlarımız xoşlarına gəlmirsə, tənqid etsinlər. Yoxsa bizim partiyamız 6 ildən sonra qeydiyyatdan keçirsə, - 2005-ci ildən qeydiyyata alınmaq üçün müraciət etmişik – o sualı qoymaq lazımdır ki, bu partiya niyə bu vaxta qədər qeydə alınmırdı, niyə belə ögey münasibət var idi. Bizə şərait yaradırlarsa, desinlər hansı şərait yaradılıb? Bizə nə partiya olaraq qərərgah verilib, nə xüsusi bir imtiyazımız var, sadəcə olaraq bizim qeydiyyatımız 6 ildən sonra gerçəkləşib. Bizə indi sataşmaq istəyənlərin təşkilatları mövcuddur, qeydiyyatdan keçiblər, qurultayların da keçiriblər. Biz onlara irad da tutmuruq, bu normal bir şeydir. Sadəcə qınayırıq ki, bu tipli informasiyalarla, piarla bir şey etmək mümkün deyil. Bizimlə bərabər başqa təşkilatlar da qeydiyyatdan keçirildi. Amma niyə bizi təkcə hədəfə alırlar, onu bilmirəm.

- Fərəc bəy, Siz bir partiya sədrisiniz. Xalq hərəkatından çıxmış AXCP, Müsavat kimi təşkilatlar və AXCP-nin özündən çıxmış ona yaxın partiya var. Sizcə, bu cür partiyalaşma cəmiyyətə müsbət, yoxsa mənfi nələrsə verir?
- Hesab edirəm ki, çoxpartiyalı sistem normaldı. Yenə o fikirdə qalıram ki, istənilən milli məsələ ilə bağlı dövlət prinsiplərimizi, dövlətimizin stereotiplərini nəzərə alan bütün davranışlarda müqaviləmizin olub-olmamasından asılı olmayaraq hər kəsə dəstək verməyə hazırıq. İstər iqtidar, istər müxalifət, istərsə də xaricdəki diaspor təşkilat olsun fərq etməz, milli maraqlardan çıxış edərsə, biz onun yanındayıq. Bizim üçün milli maraq önəmlidi. İkinci bir tərəfdən biz hansısa blokda, hansısa birlikdə təmsil olunmağın ona görə əleyhinə deyilik ki, birlik istəmirik. Hesab edirəm ki, hansısa birlik yarananda insanlar və ya təşkilatlar üstlərinə öhdəliklər götürürlər, işlərini o çərçıvənin içərisində aparmaq məcburiyyətində qalırlar. Hesab edirəm ki, üstümüzə öhdəlik götürməyə ehtiyacımız yoxdur. Biz sərbəst fəaliyyətimizi göstərərik. Prinsiplərimizə, milli maraqlara uyğun davranışlar ortada olanda kimliyindən də asılı olmayaraq o məsələlərə dəstək verərik. Bu mənada ölkədə çoxlu partiyaların olmasına normal baxırıq. Hətta bizə rəqib, düşmən kimi baxan təşkilatlara da bizim düşmən münasibətimiz yoxdur. Düşmənimiz ermənilər və onlara dəstək verənlər, Azərbaycanın milli maraqlarının əleyhinə gedənlər, bizi zəif salmaq istəyənlərdir. Amma çoxpartiyalı sistem də ölkədə inkişafa xidmət etməlidi.

- Amma biz bir qədər fərqli sual vermişdik…
- Ölkədə bir düşüncənin ətrafında təşkilat qurmaqdansa, bir lider ətrafında təşkilat qurmaq ənənəsi var. Hesab edirəm ki, bu, bir az zərərli tendensiyadır. Dünyada analoqlar var, məsələn, Atatürk modelini götürsək, o zaman bir sistem, dövlət qurulubdu, Atatürk artıq yoxdur, amma düşüncə və o düşüncə ətrafında dövlət var. Məncə, çoxpartiyalı sıstem də çoxfikirlilik əsasında qurulmalıdır. Yoxsa baxırsan ki, hamısı standart nizamnamə, standart məramnamədi. Di gəl ki, qırğın gedir, hətta bir məsələ ətrafında belə birlik olmur. Mən arzulayıram ki, nəinki müxalifətdən olan təşkilatlar arasındakı münasıbətlər, hakimiyyətdə və müxalifətdə olan təşkilatlar arasındakı münasıbətlər də çox sivil formada qurulsun və normal şəkildə də hər iki tərəfin inkişafı bütövlükdə Azərbaycanın inkişafına xidmət eləsin. Başqa yolumuz yoxdur. Bilirsiniz, mən radikal müxalifətçi kimi tanınmışam, siyasi məhbus olmuşam, sinqnator deputatam. Bunları deməklə qəhrəmanlığımı təqdim etmək istəmirəm, amma sovet imperiyası ilə mübarizə metodları ilə bu gün müstəqil dövlətdəki mübarizə metodları tamam fərqli olmalıdır. Biz sovet imperiyası ilə mübarizə aparanda bütün metodlar normal və keçərli sayılırdı. Qanlı yollar da… Amma bu gün biz sivil bir toplumuq, bir dövlətimiz var. Hakimiyyət uğrunda mübarizə də normal bir məsələdir. Amma hansısa dünyagörüşü hakimiyyətə gətirmək üçün sivil yollar seçilməlidir. İstər hakimiyyətdəkilər, istərsə də müxalifətdəkilər bu qaydaları pozursa, zorakı metodlardan istifadə olunursa, bu arzuolunmazdı. Çoxpartiyalı sistem cəmiyyəti bölməyə yox, çoxtərkibli bir cəmiyyətin qurulmasına xidmət etməlidir.

- Siz Atatürkü misal çəkdiniz, Szin divarda Əbülfəz bəyin şəkli var. Bu partiya üçün Elçibəy kimdir?
- Başqa partiyalardan fərqli olaraq bizim məramnaməmizdə açıq şəkildə göstərilib ki, Azərbaycan üçün ədalətli status-kvo 1813 və 1828-ci illərdəki Türkmənçay və Gülüstan müqavilələrinin qüvvədən düşməsidir. Biz bütöv Azərbaycançıyıq və Elçibəy məktəbinin məzunları olduğumuz üçün o ideologiyanın, xəttin qorunmasında maraqlı qüvvələrik. Elçibəy mənim mənəvi liderimdi. Bizim təşkilatımızda olan üzvlərin hamısı Elçibəy məktəbini davam etdirməkdə maraqlıdılar. Bunu həm təbliğatlarında, həm işlərində göstərirlər. Həm də biz Elçibəy məktəbi yaratmışıq. Həftədə bir dəfə orta və ali məktəblərdən gənclər gəlib Elçibəy məktəbində iştirak edirlər. Biz Elçibəy düşüncəsin qəbul eləmişik. Elçibəy bütöv Azərbaycançıydı, Turançıydı, biz də bütöv Azərbaycançıyıq, Türk dünyasının bütövlüyün istəyən insanlarıq. Ona görə də başımın üstündə həm Elçibəyin, həm Səttarxanın, həm Şah İsmayılın şəkli var.

- Bəs Heydər Əliyevin niyə yoxdur?
- Mən Heydər Əliyevin siyasi xəttini müdafiə edən siyasi təşkilatın sədri deyiləm. Bu xətti Yeni Azərbaycan partiyası müdafiə edir və mən də bunu normal qəbul edirəm, bu onların partiyasıdı. Biz indiki hakimiyyətlə siyasi rəqiblərik, onlar H.Əliyev irsini və siyasi xəttini davam etdirir. Bizsə Ə.Elçibəy irsini və xəttini davam etdiririk. Amma biz bunu düşmənçilik səviyyəsində etmək tərəfində deyilik və cəmiyyət özü hansı xətti dəstəkləyərsə, qiymət verərsə, səsvermələrdə, seçkilərdə kimə üstünlük verərsə, bu dünyagörüşünün üstün olmasında maraqlı olarıq. Məncə, artıq Ə.Elçibəyin qoyduğu o xətt öz təsdiqini tapır. Elçibəy deyirdi ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdı, burda çoxluqda olan türklər söz sahibi olmalıdı, dünyadakı bütün türklərin inteqrasiyası olmalıdı. İndi şükür ki, dövlət xəttilə Türkiyə, Azərbaycan, Orta Asiya türkləri birgə mövqeyə yaxınlaşırlar. Artıq türk toplumunun bir araya gəlməsi üçün ən müxtəlif projelər həyata keçirirlər, ortaq parlamentlər, televiziyalar fəaliyyət göstərir. Bəy deyirdi ki, Azərbaycan bütövləşməlidir, Güney Azərbaycanda insanlarımız haqqını qazanmalıdır, bunu indi hər kəs deyir. Və buna görə hər gün İran üstümüzə gəlir ki, bunun qabağında durmaq lazımdır. Qısası, mən H.Əliyevin də, Elçibəyin də irsini davam etdirənlərə uğur arzulayıram. Hesab edirəm ki, kimin haqlı kimin haqsız olması ideoloji mübarizədə, dünyagörüş savaşında ortaya qoyulmalıdır.

- Siz çox maraqlı bir dairədən 31 saylı Suraxanı seçki dairəsindən deputat seçildiz. Bu gün öz parlament fəaliyyətinizi necə qiymətləndirirsiniz?
- Mən parlamentdə müdafiə və təhlükəsizlik komitəsinin üzvüyəm. Bu mənim prinsiplərimə çox yaxın olan bir komitədir. Bir az təvazökarlıqdan kənar olsa da, mən vətənin müdafiəsiylə bağlı silahlı dəstələr yaratmış və bunun üstündə həbsə girmiş adamam. Bu mənada mən ölkənin müdafiəsilə bağlı məsələlərin komitə səviyyəsində müzakirələrində maraqlıydım və ona görə bu komitədə təmsil olunmaq üçün ərizə yazdım. Həm də mən bu gün Euronest deyilən parlament assambleyasında təmsil olunuram. Bu Avropa Birliyilə Şərq tərəfdaşlığı ölkələrinin parlament assambleyasıdı. Və həmişə düşünürdüm ki, ölkəmizin müqəddəratı ilə bağlı məsələlərin ən müxtəlif beynəlxalq instansiyalarda səsləndirmək üçün çox cəsarətli davranışlar nümayiş etdirmək lazımdır. Sözüm bir az böyük çıxmasın, bu yaxınlarda Avropa İttifaqının prezidentı bura gələndə mən onunla görüşdə də çox açıq, net şəkildə bildirdim ki, bizim öhdəliklərdən başqa bir hüquqlarımız da var. Bu müraciət cəmiyyətə yayımlandı. Mən ona söylədim ki, beynəlxalq təşkilatlar beynəlxalq qanunların törəmə subyektidi. Bir misal gətirdim ki, Polşanın problemi var idi, Avropa evinin tanınmasına Polşa mane olurdu. Biz də Azərbaycanın ərazi bütövlüyünü təmin etmək istəyirik, buyurun, bu məsələlərə baxın. Mən parlamentdə kiçik məsələlərdən çox, ölkəmizin taleyilə bağlı işimizi qurmağın tərəfdarıyam. Bizim Suraxanının Qaraçuxur qəsəbəsində daimi fəaliyyət göstərən ofisimiz var. Hər şənbə günü mən orada seçicilərlə görüşürəm. Hesab edirəm ki, deputatın fəaliyyəti əsasən o istiqamətdə olmalıdır ki, ölkənin təhlükəsizlik və inkişaf doktrinasında özünün qanunvericilik təşəbbüslərilə iştirak etsin. İkincisi isə millət vəkili seçicilərlə mütamadi görüşüb işləməlidir. Çalışıram hər ikisinin öhdəsindən gəlim. Hər plenar iclasda çıxışlar edirəm, ən müxtəlif məsələlərə öz münasibətimi bildirirəm. Bəlkə yeganə parlamentar oldum ki, hökumətin 2010-cu ildəki fəaliyyətini ən sərt şəkildə tənqid etdim. Məncə, uğur və çatışmazlıqları parlamentdə səsləndirməklə təşkilatımın, tərəfdarlarımın və seçicilərimin iradəsinə uyğun davranış nümayiş etdirmişəm.

- Fərəc bəy, bayaq qeyd elədiniz ki, siz xalq hərəkatının məşhur insanlarından biri, belə demək mümkünsə, liderlərindən olmusunuz. Bu gün hərəkatdan çıxmış partiyalar içərisində AXCP və Müsavat daha qabarıq görsənir və İctimai Palata yaradıblar. Bir hərəkatçı olaraq, sizcə, İP-nin fəaliyyəti nə dərəcədə effektivdir?
- Bəzi ölçü və kriteriyalar götürürlər ki, mən bunu qəbul etmirəm. Tutaq ki, deyirlər ki, Müsavat və Xalq Cəbhəsi partiyası aparıcıdı, böyükdü. Nədə görsənir bu? Sabah “Azadlıq” və “Yeni Müsavat” qəzetləri olmasa, bunlar harda görünərlər mən istəyirəm onu bilim. Kütləvi tədbirlərdən söhbət gedirsə, bütün İctimai Palata 200-dən çox adam çıxara bilmədi. Özlərinin etirafıyla desələr, min nəfər civarında adam çıxarmışdılar. Əgər kəmiyyət müqayisə olunsa, başqa cür səslənməsin, bizim Qərbi Azərbaycan departamentinin bir qurultayqabağı konfransı oldu, orada elə üç yüzədək səlahiyyətli nümayəndəmiz var idi. İstər İctimai Palatadakı fərdlər, istər təşkilat rəhbərləri olsun, baxaq keçmişə, görək sərhəd hərəkatında, milli azadlıq hərəkatında nə qədər uğurları olub, ölkənin müdafiəsiylə bağlı hansı fəaliyyətləri olub, parlamentdə hansı fəaliyyət göstəriblər? Mən sərhəd hərəkatının ideoloqları və aparıcılarından biri olmuşam. Mən silahlı dəstələr yaradıb ölkəni müdafiə edənlərdən biri olmuşam. Mən sinqnator deputat olmuşam. Buna dünyada çox böyük önəm verirlər. Moldovada və başqa ölkələrdə bu şəxslərə milli qəhrəman adı və bütün imtiyazlar verilir. Axı bu elə-belə bir şey deyil. Bizdə də məncə buna xüsüsi önəm verilməlidi. Mən bunları fəaliyyətimizi xüsusi böyütmək məqsədilə demədim.

- Narahat olmayın, siyasətçinin vəzifəsi fəaliyyəti bir az böyütməkdi…
- Yox,yox… Ölkənin problemlərinin həlli üçün adekvat davranış lazımdır. Bizim partiyamızın Qarabağ, Qərbi Azərbaycan, Güney Azərbaycan, Bakı və ətraf kəndlər, diaspora, Dərbənd, Borçalı, türk dünyasıyla işlər üzrə departamentlərimiz var. Bizim “Davam” qəzeti çıxır. Həftəlik çıxsaq da, orda səhidlərimiz haqqında, Qarabağ, Güney Azərbaycan səhifələri var. Dörd səhifəlik “Təbriz” qəzeti buraxırıq, bu qəzet içində qəzetdir. “Dərbənd” və “Borçalı” səhifələri buraxırıq. Açın o partiyaların qəzetlərini, onlarda ayda-ildə bir dəfə şəhid haqda bir yazı getsə böyük işdir. Dərbənd haqda ümumiyyətlə yazı yoxdu. Güney Azərbaycan haqda çox təsadüfi yazı ola bilər və s.

- Bir sey də var ki, Sizin qəzetinin reytinqi “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin reytinqindən qat-qat aşağıdır.
- Çox-çox aşağıdır.Amma biz ideoloji qəzetik.Biz pul qazanmaq üçün qəzet buraxmırıq.

- Bəlkə elə buna görə fərqli məzmunlu yazılar çap edirlər?
- Hakimiyyətə hər kəs gəlmək istəyər, bu normaldır, amma sən nəyi gətirirsən, bu sual qoyulmur. O kəsimin ciddi bir şeylərə nail olacağını sanmıram. Gerçəkdən bunu qərəz naminə demirəm, onları rəqib də hesab eləmirəm. Çünki bizim düşüncəmiz cəmiyyəti qütbləşmədən xilas etmək və düşüncəmizin legitimliyinə nail olmaqdı. Bizim marağımız deyil ki, o yerdə kim olsun, bu yerdə kim olsun. Mübarizə apardıqları günün birində deyirlər ki, bizə beş nazir yeri deyirlər verəcəklər. Bu nə siyasətdir axı? Və yaxud deyirlər parlamenti tanımırıq, amma təkrar seçkilərdə üç-dörd yer olsa, baxarıq… Necə olur sən olanda normal olur, olmayanda anormal? Söhbət iqtidar-müxalifət münasibətlərində dialoqdan gedirsə, mən təbii ki, dialoqun tərəfdarıyam. Məhbəsdən çıxanda da mənə çoxlu daş atdılar, kölgəmi qılınclamağa başladılar ki, Fərəc Quliyev deyir ki, dialoq lazımdır. Mən onda deyirdim ki, dalaşmaqdan əvvəl danışmaq lazımdır. Bunlar tərs elədilər, dalaşdılar, uduzduqdan sonra gəldilər danışmağa. Dalaşıb uduzanla kim danışar axı? Cəmiyyətdə dialoq göstəri üçün olmamalıdı. Cəmiyyət güclü olmalıdır. Çünki Azərbaycanın vəziyyəti bu gün elədir ki, kimsə net şəkildə bizim arxamızda dayanmayıb. Təbii ki, müttəfiqlərimiz var və Türkiyə bizim strateji müttəfiqimizdir, amma hər dövlətin öz maraqları var. Heç bir dövlət öz maraqların buraxıb bizim maraqlardan çıxış etməyəcək. Azərbaycan cəmiyyətinin bütöv və güclü olması lazımdır. Bu da ki, dialoqdan keçir. Mən hətta Qarabağ məsələsiylə bağlı bir çıxış etmişdim, bunu ermənilər tətbiq elədilər. Sarkisyanla Petrosyan orada bir araya gəldilər, indiyə qədər olmayan bir uzlaşma oldu. Nə təklif edirdim ki, Qarabağla bağlı bir çərçivə sənədi müəyyənləşdirilsin, bütün ictimai təşkilatlar, hətta aparıcı fərdlər belə hamısı yığışsın bir araya, Qarabağla bağlı bir anlaşma olsun ki, biz bax bu çərçivədə baxırıq Qarabağ məsələsinin həllinə. Orda bizim üç uduşumuz olardı. Bir hakimiyyət arxayın olardı ki, Qarabağ kartından müxalifət istifadə edib ara qarışdırmayacaq. Müxalifət və cəmiyyət arxayın olacaqdı ki, hakimiyyət bu çərçivədən kənara çıxmayacaq. Və ən böyük avantajımız da o olacaqdı ki, xaricdən təzyiqlər olanda bu razılaşma müqavimət üçün əsas olacaqdı. Hökumətə xarici təzyiqlər olanda deyiləcəkdi ki, bu prinsiplər cəmiyyətlə, müxalifətlə raşılaşdırılıb, ortada memorandum var. Bizdə bunu etmədilər, amma ermənilər bunu etdilər. Amma dialoqu da alver predmetinə çevirmək olmaz. Milli məsələlər ətrafında düşüncə lövhələri olmalıdır. Bizim cəmiyyətdə müəyyən dialoq da var və bu dialoqun bir hissəsi parlamentə daşınıbdı. Kimin xoşuna gəlsə də, gəlməsə də ən müxtəlif partiyaların rəhbərləri orda iştirak edir və ordakı müzakirələr, hakimiyyət və müxalifətin etdiyi təkliflər, bölüşmələr artıq dialoqun bir növüdü. Mən parlamentdə təmsil olunmayan və cəmiyyətdə sözü keçən, istər kiçik bir qüvvə, istərsə də qeyri-hökumət təşkilatı olsun, təkliflə gələn hər bir kəsin masa ətrafında bu məsələləri çözməsinin tərəfdarıyam.

- Sizcə iqtidar dialoqa hazırdırmı?
- Hesab edirəm ki hazırdır. Dialoq üçün məsuliyyətin çoxu hakimiyyətin üzərinə düşür. Onların da çox ciddi arqumentləri vardır və normal baxıram məsələlərə. Tutaq ki, günün birində adam narıncı köynəkdə çıxır ortaya və başlayır inqilab şüarları səsləndirməyə. Əbülfəz Elçibəyə kimsə narıncı köynək geydirib küçələrə çıxara bilərdi? Bu mümkün olan bir şey deyildi. Ölkədə dəyişiklik lazımdırsa, pozitiv mənada hər bir dəyişikliyi etmək lazımdır. Kiminsə göstərişilə ölkədə dəyişiklik etmək istəmək anormal bir məsələdi. Günün birində o liderlərdən biri qələbə meydanına çıxdı dedi ki, Qərb bizi aldatdı. Demək Qərb sizə nəsə vəd vermişdi də aldatdı. Hakimiyyətdəkilər də düşünürlər ki, başqa dövlətlərin marağından burda çıxışlar, etirazlar olursa, mən bunu yatızdırmalıyam. Yəni ölkədə hər hansı bir dəyişiklik etmək üçün iqtidarda olanlara real və alternativ təkliflər vermək lazımdır. Onlar da Azərbaycan xalqının üzvləridir. Orada yaxşısı da var, pisi də var, bacarıqlı- bacarıqsız kadrlar da var, korrupsiyaya qurşananı da, normal işləyəni də var. Hər cür adam müxalifətdə də var təbii ki. Hakimiyyət hazırdır, amma müxalifətdən də normal addımlar gözlənilir və o addımlar atılmalıdır. Hansı təkliflər qoyuldu ortaya ki, ona baxılmadı, təklif qoyulmur axı. Adam deyir ki, dünən ərəblər inqilab etdi, bu gün mən də əmmaməni bağlayıb inqilab edirəm. Kim səni qoyar inqilab eləməyə? Sən hakimiyyətdə olsan icazə verərsən? Ona görə də təkcə iqtidarı qınamaq olmaz.