“Mən Zamin Hacının katibəsi deyiləm” – Müsahibə

men-zamin-hacinin-katibesi-deyilem-musahibe
Oxunma sayı: 4310




“Yeni Müsavat” qəzetinin əməkdaşı, istedadlı jurnalist Sevinc Telmanqızının “Qafqazinfo”ya müsahibəsi:


- Sizi müsahibəyə dəvət edəndə müsahibə vermək üçün heç nə etmədiyinizi deyərək imtina etmək istəyirdiniz. Sizcə, nüfuzlu bir qəzetin əməkdaşı və məşhur imza kimi müsahib olmağa layiq deyilsiniz? Bu təvazökarlıqdır, yoxsa müsahibə vermək üçün daha böyük işlər hədəfləyirsiniz?

- Bu, süni təvazökarlıq deyildi. Təbii, 13 ildir mətbuatdayam. Amma müsahibə verəcək qədər böyük iş gördüyümü düşünmürəm. Mən yazı yazıram və bu mənim işimdir. Hər işini görən adam yekə-yekə danışsa, nə oldu?

- İlk dəfədir müsahibə verirsiniz?

- İlk dəfə deyil, amma hər dəfə də həmkarlar müsahibə verməyimi istəyəndə bu sözləri deyirəm ki, uşaqlar, deyəcəklər ki, özləri-özlərini reklam edir. Deyə bilərlər ki, sənin işin yazı yazmaqdır, müsahibə vermək deyil. Yəni, redaktorlardan – medianı idarə edən şəxslərdən müsahibə götürmək fərqli məqamdır. Amma jurnalistlər bir-birindən müsahibə götürməyə başlayacaqlarsa, bəs yazıları kim yazacaq? Bir məsəl var, deyir, “sən ağa, mən ağa...”

- Bir az keçmişə qayıdaq jurnalistikaya ilk addımlarınız və “Yeni Müsavat”a qədər gələn yol, yoxsa elə yolunuz da “Yeni Müsavat”dan başlayır?

- Təbii ki, “Yeni Müsavat”a gələnə qədər bir sıra mətbuat orqanlarında işləmişəm. 1999-cu ildən “525-ci qəzet”lə bu yola başlamışam. Cəmi iki ay yarım işləyəndən sonra “Reytinq” qəzetinə getmişəm. Bu indiki “Reytinq” qəzeti deyil, Xalid Kazımlının “Reytinq”i idi. Bir müddət orda çalışandan sonra qəzet bağlandı, “7 Gün” qəzetinə getdim, 2001-ci ildə isə ordan “Yeni-Müsavat”a gəlmişəm. Jurnalistika fəaliyyətimin çox hissəsi elə “Yeni Müsavat”da keçib.

-13 ildə bəs bir qadın kimi hansı çətinliklərlə üzləşdiniz?

- Sözün düzü, çətinlik bütün jurnalistlər üçün var. Bunu cins kateqoriyasına ayırmaq istəməzdim. Kişi həmkarlarımız hansı çətinliyi yaşayırsa, biz də o çətinliyi yaşamışıq.

- Jurnalist müxalifətdə olarsa...

- Təbii ki, müxalif mətbuatda olmağın dəhşət böyük çətinliyi var. Elə zəng vurub kiməsə demək ki, “Salam, sizi narahat edən “Yeni-Müsavat”dan Sevincdir” böyük problemdir. Bu cümlədən sonra telefonu da üzünə qapadırlar, müsahibə verməkdən imtina da edirlər. Müxalifət mətbuatının jurnalistlərinin ən böyük çətinliyi müsahibəyə qədərki mərhələdir. Dünya jurnalistikasında müsahibə çətin janr hesab olunur. Bizim isə çətinliyimiz müsahibəni alana qədərdir. Müsahibəni alana qədər nə çətinlik çəkirik, onu bir Allah bilir. Bəzən düşünürəm ki, mən bu 13 ildə müsahibə almağın yolları, müsahibi razı salmaq üçün jurnalistin istifadə etdiyi üsullar barədə kitab yazsam, gənc nəslə ciddi köməyim dəyər.(gülür) Zarafatsız, biz öz uşaqlarımızın “kapriz”i ilə o qədər oynamırıq, nəinki müsahiblərin. Çünki Azərbaycanda müsahibə almaq çox çətindir.

- Amma iqtidarı təmsil edən müsahibləriniz də çox olub...

- Əlbəttə, olub. Çünki mən çalışmışam qapıdan yol tapmayanda, bacadan girim, bacadan yol tapmayanda isə nə bilim göydən düşüm. Bilirəm ki, bir dəfə iqtidar məmurundan müsahibə götürsəm, o növbəti dəfə qapılarını mənə bağlamır. Çünki bilir ki, mən onun sözünü təhrif etmirəm, fikirlərini haçalandırmıram. Həmişə mən müsahiblərimə deyirəm ki, siz müsahibə verin, sonra peşman olmayacaqsınız. Amma bu, heç də bizim necə müsahibə götürməyimizlə bağlı deyil. Həmin adamın adının “Yeni Müsavat”da çıxması avtomatik ona problem yaradır. O da bizdən yox, bu problemdən çəkinir. Bir ara deputat Aydın Mirzəzadə veto qoymuşdu ki, sizə müsahibə verməyəcəyəm. O məqamda mən və həmkarım Elşən Balaxanlı şikayətçi kimi Milli Məclisə getdik. Gözlədik onu, məni üzdən tanımadığı üçün şikayətçi zənn etdi. Girdik otağına, sonra dedik ki, “Yeni Müsavat”danıq. Adam şoka düşdü, amma müsahibə verməyə razılaşdı. Necə deyərlər, demokrasilərdə çarə tükənmir.

- Bəs məmurlarla görüş və müsahibələrinizdə hansı maraqlı məqamları müşahidə etmisiniz?

- Mənim ən çox yadımda qalan hadisə Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əli ilə bağlıdır. 2004-cü ildə Yazıçılar Birliyi ilə onun arasında ciddi problem yaranmışdı, büdcə qalmaqalı vardı ortada. Mən də ona zəng edib, bu məsələnin axırına çıxmaq istəyirdim, o da suallardan qaçırdı. Bir gün çox möhkəm dalaşdıq, kobudluq etdi, üzümə telefonu qapadı. İki gün sonra mən onu Yazıçılar Birliyinin qurultayında gördüm və yaxınlaşdım. Özümü təqdim edəndə çox pərt oldu. Qayıtdı ki, “mən heç bilməzdim ki, siz belə uşaqsız. Danışanda lap yekə adam kimi danışırsız. Gərək xətrinizə dəyməyəydim, çox pis oldum”. (gülür) Ondan sonra nə vaxt zəng edirdimsə, danışırdı. Mən bir ara Əli Həsənovdan tez-tez müsahibə götürərdim. Bizim heç bir problemimiz olmurdu.

- Amma Əli Həsənov mətbuata açıq olan məmurdur.

- “Yeni-Müsavat”a açıq deyildi. Mətbuat və “Yeni-Müsavat” deyəsən bəzi məmurlar üçün tamam başqa-başqa şeylərdir (gülür).

- Xanım jurnalistlər üçün jurnalistika iki mərhələdən ibarət olur. Birinci başlanğıcdan evliliyə qədər, ikinci evlilikdən sonrakı mərhələ. Əsas çətinlik, durğunluq da bu məqamda olur. Siz də evli biri olaraq ikinci mərhələdə nə çətinliklərlə üzləşdiniz?

- Mən həmişə sizin kimi gənc jurnalistlərə baxanda qibtə hissi keçirirəm. Çünki vaxt, azadlıq baxımından məhdudiyyətiniz yoxdur, qrafikinizi özünüzə uyğun qurursunuz. Amma mən bura gələnə qədər uşağı məktəbə qoydum, o birinə yemək verdim, evi yığışdırdım, günorta yeməyini bişirdim. “Bəyin oğurlanması”ndakı Miriş kimi salam-sağ ol deyə-deyə evdən çıxdım. Evliliyə qədər və evlilikdən sonrakı mərhələ qadın jurnalistlər üçün keçərlidir. Kişilər üçün bunun xüsusi fərqi olmur. Mənim indi vaxt problemim var ki, onu həll edə bilmirəm. Vaxt mənim üçün dəhşətli dərəcədə qiymətlidir. Söz var ki, qəpiyə güllə atırlar, mən də dəqiqəyə güllə atıram. Saatın əqrəbləri hərəkət edəndə, mən stressə girirəm. Bəzən imkanım olsa, vaxtı bir az dayandırardım, bütün işlərimi həll edərdim kimi absurd arzularım da olur. Ümumiyyətlə ağbirçək olaraq məsləhət verirəm ki, xanım jurnalistlər gec evlənsinlər. (Gülür)

- Neçə yaşında evləndiniz?

- Mən 22 yaşında bu səhvi etdim. (gülür).

- Amma gec evlənin deyə məsləhət verdiyiniz həmcinsləriniz sizi həmkarınızla evləndiyiniz üçün şanslı sayırlar. Çünki jurnalisti anlamaq o qədər də asan deyil. Özünüzü bu məqamda şanslı hesab edirsiniz?

- Əslində o mənim üçün avantajdır. Tutaq ki, mən bura müsahibəyə gəlmişəm, burdan çıxıb tədbirə gedəcəyəm. Yoldaşım bunları bilir və xüsusi izahata, hesabata ehtiyac yoxdur. O, mənim işimə hörmət edir sağ olsun və təbii olaraq mən də onun işinə hörmət etməyə çalışıram. Əks halda mənim karyera baxımından çox ciddi problemlərim yarana bilərdi. Jurnalistikadan başqa əlimdən bir iş gəlmir. Mən özüm Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişəm. Heç vaxt düşünməmişəm ki, məktəbdə, universitetdə müəllim işləyə bilərəm. Bu mənim üçün dünyanın ən böyük əzabı olar - gedib hansısa məktəbdə işləyim, direktora rüşvət verim, uşaqları, onların valideynlərini pul verin deyə bezdirim, YAP-a üzv olum. O çörəyi mən yeyə bilmərəm. Bu səbəbdən də görə biləcəyim yeganə iş jurnalistikadır.

- Karyeranızda sizə heç bir problem yaratmayan həyat yoldaşınız Zamin Hacı ev işlərində necə sizə heç dəstək olub?

- Sağ olsun, olub. Tutaq ki, mən indi burdayam, o, balaca oğlumuzu gəzintiyə çıxaracaq. Bilir ki, bir insanın eyni vaxtda bir neçə işi görməsi mümkün deyil. Bundan böyük kömək? O da görür ki, ikinci uşağımız olandan sonra, 3 ildir bir əlim kompüterdə, bir əlim uşaqların üstündədir – birinə yemək yedirirəm, o birinin dərslərinə baxıram. Artıq bu tempə, həyat tərzinə uyğunlaşmışıq. Ailə həm də komanda işidir, necə ki, futbolda 11 nəfər bir-birinə dəstək verərək qələbə qazanmaq üçün oynayır. Ailə də komandadır və üzvləri bir-birinə dəstək verməlidirlər. Xəstələnmək, bir-birimizdən küsmək, evin işini axsatmaq bizim üçün lüks sayılır və buna haqqımız yoxdur.

- Bəs tanışlığınız necə oldu? Jurnalistikada iki tanınmış imzanın bir araya gəlməsinin səbəbkarı “Yeni-Müsavat” dır?

- Bizim tanışlığımız “Yeni-Müsavat”da baş tutmayıb, artıq ora gələnə qədər tanış idik. Mətbuat bizim tanışlığımıza səbəb olmayıb. Ortaq tanışımız var – jurnalist Samirə Əhmədbəyli. Bizi o, “Gənc Tamaşaçılar Teatr”ında tanış etdi.

- Necə ki? Köhnə üsulla, dədə-baba qaydası ilə tanış oldunuz?

- Yox təsadüfən. Sadəcə o da eyni tamaşaya gəlib, biz də. Təbii ki, mən Zamini yazılarından tanıyırdım. Dediyinə görə, o da məni yazılarımdan tanıyırmış. Mən həmin vaxt “7 Gün”də işləyirdim. Hətta mənə dedi ki, Sevinc sənsən, mən sənin yazılarını oxuyuram. Aramızda maraqlı bir dialoq oldu. Beləcə, dostluq başladıq, təxminən 1 ildən sonra evləndik.

- Həm həmkar və ən əsası bir həyat yoldaşı kimi Zamin Hacı oxuduğu yazarlar arasında sizin də adınızı çəkdi. Həyat yoldaşınız sizi oxuyur və üstəlik bəyənir. Sizin üçün bu nə hissdir?

- Sağ olsun oxuyur.

- Təkcə sağ olsun?

- Həqiqətən də bu onun mənə verdiyi dəyərdir. Moşunu tərifləyən Söylü kimi çıxmasın (gülür), amma hesab edirəm ki, o güclü yazardır. Onun diqqətində olan yazarların siyahısında olmağın özü də bir üstünlükdür. Zamin hər yazarı, hər qəzeti oxumur. Məni oxuyursa, demək ki, dəyərləndirir.

- Heç olub sizə üzünüzə desin ki, əla müsahibə idi, yoxsa elə mətbuatdan oxumusunuz?

- Çox nadir halda mənim üzümə deyir. Çünki xasiyyət etibarı ilə də, tərifə xüsusi səxavətli adam deyil. Sosial şəbəkədəki statusunda yazılarımı paylaşırsa, köşələrində tez-tez məndən sitat gətirirsə, demək ki, yazılarım onun üçün qiymətlidir. Bu da mənim üçün onun tərifidir. Mən isə hər gün onun yazılarını oxuyuram. Hesab edirəm ki, onun brend olmasında da üslubunun xüsusi rolu var. Onun kimi yazmaq istəyənlər, onu təqlid edənlər də var. Amma təqlidlər həmişə əslini yaşadırlar.

- Bizim tanıdığımız Zamin Hacı arasında sizin həyat yoldaşınız Zamin Hacı arasında nə fərqlər var? Bizim Zamin Hacı çox zarafatcıl, hədəfi gülə-gülə dəqiq nişan alan biridir.

- Həyatda yazılarındakı kimi zarafatcıl deyil. Deyim ki, günü lağlağı ilə, gülməklə, zarafatla keçir, bu doğru olmaz. Kifayət qədər ciddidir. Bəzən mən ona deyirəm ki, sən yəqin Almaniyada doğulmalıydın. Çünki alman kimi dəqiqliyi, vaxt, pul baxımından sərhədləri var və o sərhədləri keçməyə heç kəsə icazə vermir. Özü də heç kəsin də sərhədinə keçmir. Güclü zarafatları, dəhşətli dərəcədə iynələmələri var. Hərdən mübahisə edəndə ona deyirəm ki, gör sənin yazında hədəflədiyin insanlar səndən nələr çəkir. Gör adamı adi bir sözlə necə əsəbləşdirə bilirsən. Adi həyatda da söz vurmaq, kinayə, tənə ilə danışmaqda əvəzi yoxdur.

- Zamin Hacını çox yaxşı anladığınız məlum olur. Bəs nə zaman mübahisə yaranır aranızda və buna nə səbəb ola bilər?

- Mən 3 ildir redaksiyaya getmirəm, evdən yazıram. Rauf Arifoğlu ilə anlaşmamız var ki, həftədə 1 dəfə iclasda iştirak edim. Demək olar ki, bizim işimizlə evimiz birlikdədir. Eyni otaqda həm işimizi, həm də ailə həyatımızı qurmuşuq. Bizim anlaşmazlığımız daha çox jurnalistikaya görə olur. Mən onu jurnalist kimi anlayıram, amma çox arzulayıram ki, o daha çox ehtiyatlı olsun. Hesab edirəm ki, müəyyən yerlərdə sərhədlər var və orda dayanmağı bacarmaq lazımdır. Demirəm ki, qorxub geri çəkilsin və ya dünən dediyi sözü bu gün inkar etsin. Amma ailəsi, uşağı olan adam müəyyən qədər ehtiyatlı olmalıdır. Xüsusilə də ilin, günün bu vaxtında qarşındakı mübarizə apardığım tərəfin hansı mahiyyətdə olduğunu yaxşı bilirsənsə... Yeganə mübahisəmiz bu olur və o da hesab edir ki, mən öz işimi görməliyəm, onun işinə isə qarışmamalıyam. Hətta mən bu dediklərimi Zamin Hacıya cavab olaraq “Çay kənarındakı daxmada” adlı yazımda yazmışdım. Yəni, bizim mübahisəmiz bəzən köşə səviyyəsinə də çıxır (gülür).

- Bəs Zamin Hacının qadınlara qarşı mövqeyi sizi qane edir?

- Onun yazılarında nəinki qadınlara, hamıya qarşı istehza var. Bir də görürsüz, yazısında yazır ki, “arvadağa belə dedi”, və ya “bu yerdə arvad gəldi başıma qapaz vurdu”. İlk vaxtlar o elə yazı yazanda valideynlərim anlamırdılar ki, bu yumordur. Hətta anam məni danlayırdı ki, sən niyə onu vurursan? Amma həmkarlar bunun yumor olduğunu bilir. Soruşanda da deyirəm ki, onun yazılarındakı “arvad” obrazı mən deyiləm, o hər kimdirsə, bilmirəm, amma mən də deyiləm. Yəqin xəyallarındakı mifik obrazdır. (gülür)

- “Zaminə deyərsən” sözünü xoşlamadığınızı demisiniz. Bu sözü daha çox iqtidarda olanlar sizə deyir ki, çatdırın, yoxsa?

- İqtidardan o sözü mənə deyəsi adam yoxdur. Amma kimin deməsi fərq etməz. Lap yaxın adam olsun. Tutaq, Zamin tənqidi yazı yazır və kimsə mənə deyir ki, ona çatdırarsan ki, filan şeyi yazmasın, ayıbdır. Mən də qıcıqlanıram ki, ay adam, əgər sən Zamin Hacı yaxşı yazanda ona zəng vurub, “bəy, təşəkkür edirəm, əlinə sağlıq” deyirsənsə, indi də əziyyət çək, xoşuna gəlməyən yazı yazanda zəng vur özünə de. Belə bir hadisə başımıza gəlib. Səhv etmirəmsə, 2008-ci il idi, “Mətbəxdə” rubrikasında Akif Nağıdan bir müsahibə götürmüşdüm. Həmin gün də Zamin onun haqqında sərt üslubda yazı yazmışdı. Akif Nağı da mənə zəng vurub dedi ki, “ərinə denən ki, gəlib onu belə-belə edərəm və sənə də verdiyim müsahibəni də çap etməyə icazə vermirəm”. Həmin günün axşamı da onların arasında ciddi münaqişə oldu və bu, mətbuatda ciddi səs-küyə səbəb oldu, məhkəməyə qədər gedib çıxdı. Mənə görə, bu, yanaşmada səviyyə problemi vardı. Birincisi, yazını yazan bəlli, telefon nömrəsi də bəlli. Cəsarətin varsa, zəng elə üzünə denən ki, düzgün etməmisən. Amma sən onun həyat yoldaşına zəng vurub deyirsənsə, ərinə çatdır... Artıq bu heç bir normaya sığmır. Və jurnalist olaraq bundan sonra Akif Nağı göydən ulduz da tutub gətirsə, mən ondan müsahibə, açıqlama almaram. O mənim üçün müsahib olaraq bitib, çünki o sərhədləri ayıra bilmir. Çatdırarsan sözünün mahiyyəti də ordan qaynaqlanır. Zamin əlçatmaz deyil ki, telefonu var və mən də onun katibəsi deyiləm.

- Neçə uşağınız var?

- İki uşağımız var. Böyüyünün 9, balaca isə 2 yaş yarımdır.

- Böyük övladınız məktəbə gedir. Məktəbdə həmyaşıdları təbii ki, sizi tanımasa da, müəllimlər mütləq ki, tanıyır. Münasibətlərindən narazılığnız var?

- Münasibət deyəndə məktəbi nəzərdə tutursunuzsa, onlar fərqindədirlər ki, valideynləri jurnalistdir.

- Amma siz az öncə dediniz ki, mətbuatda olmaq başqa şeydir, “Yeni-Müsavat”da başqa?

- Hiss edirəm ki, o bilir atası jurnalistdir, şəklini görür qəzetdə, yolda gedəndə atasına yaxınlaşıb, yazılarına görə təşəkkür edirlər. Uşaqdır, hərdən deyir ki, sən atamdan daha çox yazırsan – həcmi nəzərdə tutur - ona görə də daha güclü jurnalistsən. (gülür) Müəllimlərə gələndə isə onlar bir az çəkinirlər, ehtiyat edirlər. Çox şeyi tələb edə bilmirlər. Qorxurlar ki, valideynləri sabah gedər qəzetdə nəsə yazar. Mən haqsızlıq olanda dərhal səsimi çıxaran valideynəm. “Palaza bürün, elnən sürün” söhbəti mənim üçün yoxdur.

- Bizdə belə dəb var axı müəllim uşağı müəllim, həkim uşağı həkim olmalıdır. Bəs jurnalist uşağı necə olmalıdır?

- Bunu gələcək göstərəcək. Mənim jurnalist olmağımı heç kim diqtə etməyib. Bəlkə, pafoslu səslənəcək. Amma mən onların seçiminə hörmət edəcəm. Bir neçə ildir, rəqsə gedir. Bəlkə, rəqqasə, rəqs müəllimi olmaq istəyər?

- Birdən müğənni olmaq istədi?

- Olmaq istəyəcək, olacaq. Mən onun qarşısına çıxa bilmərəm ki?

- Amma həyat yoldaşınız müğənniləri dəfələrlə topa tutub.

- Müğənnidən müğənniyə fərq var, söhbət manısdan getmir ki, həqiqi müğənnidən gedir. Bu istedadla bağlı olan bir şeydir və dediyiniz məsələyə hələ çox illər var.

- Müxalif mətbuatında işləyən jurnalistlərin iqtidar məmurlar və iqtidar mətbuatında işləyən jurnalistlərlə dostluq münasibətləri həmişə səs-küyə səbəb olub. Bəs sizin elə məmur və ya jurnalist yaxın dostunuz var?

- Yoxdur. Çünki mənim elə çevrəm yoxdur, həm də çevrəm bəllidir. Qohum-əqrabamın arasında da yüksək ranqlı məmur yoxdur ki, deyim onun vasitəsi ilə nəsə olsun.

- Bəs Əflatun Amaşov?

- Əflatun Amaşov mənim dayımdır.

- Düşünmürsünüz ki, dayınız yüksək ranqlı qurum rəhbəridir?

- Yəni o, bütün jurnalistlərə aid olan bir qurumun rəhbəridir, yüksək ranqlı məmur deyil ki. Mənim üçün Əflatun dayı ilə, Mətbuat Şurasının sədri Əflatun Amaşov arasında böyük fərq var. Mən onları bir-birindən ayırmağı bacarıram.

- Təbii ki, fərqlidir, amma ola bilməz ki, siz dayının dəstəyini hiss etməmisiniz?

- Bilmirəm siz hansı mənada deyirsiniz, amma mən heç bir yerdə və heç kəsin yanında “Əflatun Amaşovun bacısı qızıyam” cümləsini işlətməmişəm. Çünki buna ehtiyacım olmayıb. Kimsə bunu məxsusi qabardanda da demişəm, bunun mətləbə dəxli yoxdur. Siz necə bir mətbuat qurumunda işləyirsinizsə, mən də elə. Sıravi jurnalistəm, qonorara baxıram - yazım olanda qonorar alıram, olmayanda da almıram. Yəni onun heç bir imtiyazını, üstünlüyünü yaşamamışam və yaşamaq da istəmirəm. Digər tərəfdən, kimsə Amaşovdan yaxşılıq görəndə necə ki, gəlib mənə təşəkkür etmir, əziyyət çəksin, narazı olanda da gəlib mənim yanımda deyinməsin.

- Anladım. Bəs dayı bacıqızı kimi şəxsi münasibətləriniz necədir? Mətbuatda baş verən hansısa hadisəni müzakirə edirsiniz?

- Fikir mübadiləsi olur.

- Ola bilər sizə hansısa yazınıza irad tutsun?

- Yox, irad tutduğunu xatırlamıram. Amma jurnalistlərin problemləri barədə biz tez-tez danışırıq. Nələri həll etmək olar? Ya da hansısa məsələdə tutduğu mövqeni, verdiyi açıqlamanı sorğulayıram. Tənqidə dözümlüdür, atdığı addımların da izahatını verir. Bu, məni bir jurnalist, bir bacıqızı kimi nə dərəcədə qane edir – bu, başqa məsələdir.

- Sizin daima müsahibələrinizi izləyən və oxucunuz olaraq deyim ki, çox gözəl müsahibə alırsınız. Bunun sirri sizdədir, yoxsa müsahiblərinizdə?

- Çox utandım, təşəkkür gözəl sözlər üçün. Etiraf edim ki, mən hər şeyə mövzu kimi baxıram. İndi bura taksi ilə gəldim və biz yolboyu 10-15 dəqiqə sürücü ilə həmsöhbət olduq. Mən bu söhbətdən nə qədər mövzu çıxartdım. Uşağı məktəbə, həkimə aparıramsa oradan mövzu çıxarıram. Dil kursuna gedirəm, ordan müsahib tapıram. Mən hər şeyə mövzu kimi baxıram - uçana, qaçana... Digər tərəfdən çalışıram çox oxuyum, öz üzərimdə işləyim.

- Elə taksi demişkən axı bu gün jurnalistlərin qonorarı çox deyil ki, taksiylə getsinlər. Necə çatdırırsınız?

- Mənim ən ağrılı yerimdir. Mən qonorarımın yarısını taksi sürücülərinə xərcləyirəm. Çünki mən vaxt baxımından heç yerə çatdırmıram. Həftəlik qonorarımı və xərclərimi hesablayanda görürəm ki, yarısını taksiyə vermişəm və buna görə özümü şiddətlə qınayıram. Amma növbəti həftə yenə eyni hadisə baş verir. Çünki müsahibəyə çata bilmirəm və müsahibi gözlətmək, onun vaxtını oğurlamaq tərbiyəsizlikdir. Biləcəridə yaşayıb da hər yerə zamanında çatmaq üçün başqa yolum yoxdur. O tərbiyəsizliyi etməkdənsə, öz cibimə ziyan vurmağı tərcih edirəm.

Bir şeyi xüsusilə qeyd edim ki, analıqla jurnalistika arasında bir sərhəd var. O sərhəddə bir yer var, orda durmağı bacarmaq lazımdır. Mən yaxşı jurnalist olduğum həftə yaxşı ana ola bilmirəm və ya əksinə. Yaxşı ana olmaq üçün uşağı gəzdirməliyəm, məktəbinə getməliyəm, dərsi ilə məşğul olmalıyam. Bunları edəndə isə avtomatik olaraq keyfiyyətli yazı ortaya çıxara bilmirəm. Yaxşı yazı yazanda da, tədbirlərə gedəndə də uşaqları ihmal edirəm.

- Nə zamansa, iqtidar qəzetində işləyə bilərsiniz?

- Yox işləyə bilmərəm. Mən elə şeylərin altına imza qoya bilmərəm. Mən müsahibələrimdə müsahiblərə verdiyim sualları, reportajlarımda toxunduğum sosial problemləri iqtidar qəzetində yaza bilmərəm. Buna icazə verməzlər. Onda nə yaza bilərəm ki? Heç nə. Altına imza qoyduğum şeyə cavabdeh olmalıyam. Utanmamalıyam bundan, əgər utanacağamsa, orda işləmərəm.

- Bəs sona qədər jurnalistikada qalmaq istəyirsiniz. Rəhbər olmaq və ya başqa işə keçmək. Gələcək planlarınızda belə bir şeyləri nəzərdə tutmusunuz?

- Mən hələ ki, özümü jurnalistikadan fərqli yerdə görə bilmirəm, əlimdən gələn iş budur. Jurnalistikada status dəyişikliyi deyirsinizsə, hələlik özümü buna da hazır görmürəm ki, sayt, qəzet açım. Nəzərə alsaq ki, Azərbaycanda bu çətin məsələdir. Qəzet açmaq üçün güclü pulun olmalıdır, pulun olması üçün güclü dəstəyin olmalıdır, dəstəyin olması üçün də sponsorun olmalıdır. Bu isə nə deməkdir? Çox çətin məsələdir və mən o yükün altına girməyi düşünmürəm. Hələ ki, yerimdən məmnunam, qazandığım az olsa belə yaşamaq üçün bəs edir. Bir insana bundan artıq nə lazımdır? Sağlam olaq, sevdiyimiz işi vicdanla görək. Bu, bizə kifayət edir.

Günel Əbilova