“Məni məcbur aparma” - Şeirlər

meni-mecbur-aparma-seirler-
Oxunma sayı: 1012





***

Qal elə mələk kimi,
girmə şeytan donuna.
Ayaqlarım yerimir,
məni məcbur aparma
məhəbbətin sonuna...

***

Yuxusuzluq mənə
“pəncərədən bayıra bax” deyir...
Açıram pəncərəni...
Şəhərin hələ
insan ayağı dəyməyən
saf havası
atır özünü
taybatay açılan pəncərədən
evimizin
ağuşuna...
Dan yeri ilmə-ilmə
söküldükcə
şəhərin ayıbı açılır:
küçələrdə
insanlar gözə görünür,
maşınların arxasınca
tüstü sürünür...
Şəhər oyanır.
Yatmaq zamanıdır...


Yağış

Yaxaladın yenə məni küçədə,
Şıltaqlığın bəla oldu başıma.
Soyuqladım, üşüdüm gör necə də,
Damlaların qarışdı göz yaşıma.

İslanmağım tamam başqa gözəllik,
Düşünmə ki, bir gün səndən bezərəm.
Sən payıza yandırılan üzərlik,
Hər işvənə, hər nazına dözərəm.

Damlaların həyatıma bir naxış,
Çətin, özgə gözəlliyə meyl edim.
Narın-narın, asta-asta yağ, yağış,
Qoy mən səni pəncərədən seyr edim...


***
Sevməyi səndə gördüm,
dərd çəkməyi,
həsrətdən qovrulmağı,
nigarançılığı,
peşmançılığı da
səndə gördüm,
təkcə
günahı səndə görmədim...


Bu şəhərin nağılı

...Küçələri timsaha bənzəyir
bu şəhərin.
Yeriməyə də qorxursan.
Küçə udacaq səni elə bil...
Gecələri
nağıllardakı əjdahadır sanki
bu şəhərin...
Qaranlıq düşüncə
vahiməyə düşürsən,
gecə
üstünə şığıyır sənin.
Ağaclar da qol-budaq atmağa
qorxur bu şəhərdə.
Bir az boy göstərdimi,
boynunu vururlar ağacların...
Bu şəhərin
Şahı da var,
carçısı da,
hələ üstəlik dar ağacı da...
Amma bu şəhərdə
adamlar dar ağacından asılmır,
dar ağacı asılır
yekəqarın adamların
onu-bunu hədələyən
şəhadət barmağından...
Bu şəhərin nağılının sonunda
göydən asılı qalıb
üç alma...
Satılacağından
qorxduğu üçün...


Alın yazım

Ömrüm ömür köçündə,
Ötür qışım, payızım...
Ağ vərəqlər içində
Oxunmur alın yazım.

İnanmışam nağıla,
Yuxuya... bilməmişəm.
Alnıma yazılanı
Oxuya bilməmişəm.

Mən də bir oxucuyam,
Düşündüm dərin-dərin...
Şeiri oxucu duyar.
Öz alın yazısını
Oxumayan şairin
Şeirini kim oxuyar?..

***
Gözlərim baxa-baxa
dəfn etdilər
sənin ayaq izlərini
küçəmizə asfalt döşəməklə...
Ürəyim sızlayacaq
hər gün
ayaq izlərinin
məzarı üstündə
yeridikcə...