“Mətbuat Şurası mənə atıb” - Məktub

metbuat-surasi-mene-atib-mektub
Oxunma sayı: 690

Məktubların yetişməsindən bir neçə gün sonra isə - 15.09.2011-ci il tarixdə Şuranın Şikayətlər Komissiyasının sədri Müşfiq Ələsgərli “Xural” qəzetinin baş redaktoruna zəng edərək haqqımızda Şuraya olunan müraciətlərə görə, 16.09.2011-ci ildə Şuranın binasında yığışacaq Komissiyanın işində iştirak etmək xahişi edib. Bu məktublar, ümumən Mətbuat Şurasının şikayətlərə baxışı və qəzetlərə münasibəti barəsində düşüncələrimin bir daha yazılı olaraq Mətbuat Şurasına təqdim olunmasını vacib bildim. Əminəm ki, bu məktubun mətbuat həyatımızda müstəsna yeri olacaq və münasibətlərin aydınlaşmasına önəmli dərəcədə yardımı toxunacaq.

1. «Xural» qəzeti Mətbuat Şurasının üzvü deyil və Şuranın quruluşundan bəri, qurumun yanlış yaradıldığını, mətbuatın bütün spektlərinin burada iştirak etmədiyini vurğulayıb. İlk qurulduğu gündən Mətbuat Şurası təəssüf ki, bizim gözlədiyimiz və arzuladığımız qurum olmadı. Aradan illər keçdi, dəfələrlə və dəfələrlə bizlər qurumun düzələcəyinə ümid etsək də, Şura mətbuatın müstəqil və sözün bütün mənalarında azad olan hissəsindən ayrı düşdü. Şura rəhbərliyi bizi heç bir tədbirinə dəvət etmədi. Bir dəfə olsun ünvanımıza xoş və istiqanlı bir addım atılmadı. Heç bir görüşə dəvət olunmadıq və bütün kateqoriya qərəz və kinin hədəfində dayandıq. Mətbuat Şurası bir qurum olaraq heç bir zaman «Xural» qəzetinə qarşı ədalətli olmadı və hər zaman əlinə keçən ilk fürsətdə bizi cəzalandırmağa bəhanə axtardı. Bu baxımdan, biz üzvü olmadığımız qurum tərəfindən onun keyfi olaraq istədiyi vaxt gəlib hesabat verməyi düşünmürük və təpədən-dırnağa bizə qarşı qərəz və kin dolu insanların haqqımızda ədalətli qərar verəcəyinə inanmırıq. Biz üzvü olmadığımız qurumun haqqımızda qərar verməsinin əleyhinəyik və bu səbəblə dəvətinizi qəbul etməkdən imtina edirik.
2. Deyilə və irad tutula bilər ki, bir müddət əvvəl, daha konkret 2010-cu ilin avqustunda Mətbuat Şurasının iclasına qatılmış və onun dəvətini qəbul edərək toplantıda iştirak etmişəm. Doğrudur və mənim zaman-zaman Mətbuat Şurasının püskürən qərəzini anlamaq və özümün qərəzli olmadığımı sübut etmək üçün atdığım addımlar olub və bu addımlardan biri də «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə ötənilki mətbu atışmamız dövründə yaşanıb. Məlum olduğu kimi, o zaman Rauf Arifoğlu mətbuatda səsləndirdiyim fikirlərə görə, məni məhkəməyə vermiş, Mətbuat Şurasına da şikayət etmişdi. Biz o zaman hər iki tərəfin hörmət etdiyi «Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin arbitrliyini qəbul etmiş və onun ədalətli yanaşmasının nəticəsində razılaşmış, barışmışdıq. Mən o zaman Şuraya həm də Sizinlə söhbət etməyə, bu kin və nifrət yükünü ortadan qaldırmağa gəlmişdim. Amma nə ilə qarşılaşdım?! Rauf Arifoğlu və onun vəkili Vaqif Hüseynin barışdığımızı demələrinə və şikayətlərini geri çəkmələrinə baxmayaraq, Mətbuat Şurasının səlahiyyətlisi Müşfiq Ələsgərlinin təqdimatında nonsens baş verdi - şikayətin geri götürülməsinə rəğmən, «Xural»ın məsələsi müzakirə olundu və israrla başda Əflatun Amaşov olmaqla mənə qarşı tövsiyə xarakterli qərarın qəbul olunduğunu dedilər. Mən bir gün sonra Mətbuat Şurasının qəzetlərdə yayılan qərarından oxudum ki, sən demə, «Xural»a xəbərdarlıq edilib. Bu, nəyə bənzəyir, bilirsinizmi? Məhkəməyə şikayət ərizəsi təqdim edən bir adam öz ərizəsini geri götürdükdən sonra da qarşı tərəf haqqında məhkəmə çəkişməsi davam edir və adam məhkum edilir.
Bu, yalan və aldatma idi. Rauf Arifoğlu mənə qarşı şikayətini geri götürməsinə baxmayaraq, Şura mənə qarşı qərar vermişdi. Deməli, Mətbuat Şurası öz səlahiyyət həddini aşmış, səlahiyyətlərindən sui-istifadə etmiş, üstəgəl, məni aldatmış, orada olan insanlar isə yüngül desək, mənə atmışdılar. Belə olan halda, mənim bu quruma inanmağıma, haqqımda ədalətli qərar çıxarmağıma heç bir əsasım yoxdur. O baxımdan da, Mətbuat Şurasının iclaslarında iştirak etməyə ehtiyac da qalmır. Buradakı insanlar necə olsa da, haqqımda öz mənfi düşüncələrini diktə edəcəklər və yuxarıdakı Rauf Arifoğlu hadisəsində də bu, açıq-aydın görünür…

3. Bəs o hadisədən sonra bu məsələni, aldadılmağı, ədalətsizliyi və atılmanı niyə mətbuat səhifələrinə çıxarmadım? Rauf Arifoğlu israrla məndən bu məsələni ictimailəşdirməməyi xahiş etdi və bunu xoş niyyətlə etdiyinə məni inandırdı. Mətbuat Şurasının qeyd olunan iclasında normal bir söhbət olmuş, başda Əflatun Amaşov olmaqla hamının bir nəfər kimi mətbuatın, xüsusilə müstəqil mətbuatın vəziyyətinin düzələcəyinə dair rəsmi bəyanları səslənmişdi. Onlar məni israrla inandırmaq istəyirdilər ki, ədalətlidirlər və müstəqil qəzetlərə bütün gərəkən yardımları edəcəklər. Orada danışmış və təxminən anlaşmışdıq ki, Mətbuat Şurası müstəqil həftəlik qəzetlərin problemlərinin əks olunduğu dəyirmi masalar təşkil edəcək, arada olan problemləri həll etməyə çalışacaq.

Olmadı. Aradan keçən müddətdə ard-arda «Xural» qəzetinə məhkəmələr gəldi. Bunlardan biri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, o biri də KİVDF-nin icraçı direktoru Vüqar Səfərli idi. Ramiz Mehdiyev vəzifə səlahiyyətlərindən istifadə edərək «Xural» qəzetinin 10.000 manat həcmində cərimələtdi. Vüqar Səfərli isə ilkin məhkəmənin 500 manatlıq qərarını Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun yaxın yardımları sayəsində Apellyasiya mərhələsində 5.000 manata çıxardı və həmin qərar da qüvvəyə mindi. Ədalətsiz məhkəmələr «Xural» qəzetinə qarşı ard-arda cərimələr tətbiq etməyə başladılar. Şuradan səs çıxmadı. Amma hamı bilir ki, Mətbuat Şurası Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun kurasiyasında fəaliyyət göstərən bir qurumdur. Əli Həsənov da Ramiz Mehdiyevin ən sədaqətli adamıdır. Dolayısı ilə Mətbuat Şurası Ramiz Mehdiyev cənablarının birbaşa qurumudur. Onun tapşırıqları və sifarişləri bu qurum tərəfindən sözsüz və müzakirəsiz yerinə yetirilir. Vüqar Səfərliyə gəlincə, o, tam Şuranın adamıdır. KİVDF ilə Mətbuat Şurası siam ekizləridir və bunu da bilməyən yoxdur. Deməli, Mətbuat Şurası bir balaca ədalətli və xoşniyyətli qurum olsaydı, həm Ramiz Mehdiyev cənabları ilə, həm də Vüqar Səfərli həzrətləri ilə bizim məsələlərimizi həll edərdi. Olmadı və Mətbuat Şurası özünün iki yaxın adamı tərəfindən 15.000 manat həcmində cərimələnməmizə, qərarın icraya yönəldilməsinə, bütün redaksiya əmlakının siyahıya alınmasına göz yumdu.

Bizimlə maraqlanmadı. Bir parça bəyanat vermədi. Bir reaksiya göstərmədi. Allahın quru bir telefon zəngini açmadı. Bir tükünü belə tərpətmədi. Belə bir quruma inana, güvənə, bel bağlaya bilərikmi? Təbii ki, yox və gündəliyə keçmək öncəsində bu süni və mənasız şikayətləri gündəliyə götürməklə, hesab edirəm ki, Mətbuat Şurası özünün və hamilərinin bitməyən qərəz, kin və nifrətlərini yenə üzərimizə atmaq düşüncəsindədir.

Bir daha bəyan etməkdə fayda görürəm ki, Mətbuat Şurasının üzvü olmadığımız üçün Şura bizimlə bağlı şikayətlərə baxa bilməz. Şura ən yaxşı halda «Xural»la bağlı şikayətlərin qəzetə yönəldilməsinə çalışmalıdır. Bütün Azərbaycan mətbuatı bilir ki, əleyhimizə çox ağır ittihamlar səslənsə də, biz «cavab haqqı»nı tanıyır və dərc edirik. Bu baxımdan, Mətbuat Şurası bütün şikayətləri birbaşa KİV haqqında qanuna istinad edərək redaksiyanın özünə istiqamətləndirməlidir. Yox, bu məsələ qarşı tərəfin tərsliyi nəticəsində mümkün deyilsə, qarşı tərəf illah da «Xural» qəzetinin cəzalandırılmasını istəyirsə, bizim susdurulmağımızı tələb edirsə, o zaman Mətbuat Şurası qarşı tərəfi məhkəmələrə istiqamətləndirməlidir. Yəni mən qərarları nə qədər ağır olsa da, Azərbaycanın ədalətsiz və vicdansız məhkəmələrini Mətbuat Şurasının - Sizlərin istənilən qərarınızdan ədalətli hesab edirəm. Məni qınamamalısınız, bu şəraiti və «inam»ı özünüz qazanmısınız.

Hörmətlə
Baş redaktor, Əvəz Zeynallı

15.09.2011