Metro dilənçiləri

metro-dilencileri
Oxunma sayı: 667

Tağı Əhmədovu teatr binasında görmək çox qəribə mənzərə idi. Qəribə hisslər keçirirdim. Sanki antik yunan ədəbiyyatından qopmuş mifik bir varlıq tamaşaya baxmağa gəlmişdi. Tağı Əhmədovu yaxından görəndən sonra Bakı metrosunun fəaliyyət göstərməsi mənə möcüzə kimi görünməyə başladı. Bakı metrosunun fəaliyyət göstərməsi əsl möcüzədir. S. Moem deyir: “Teatrın ətrafında baş verən hadisələr, teatrın özündən qat-qat maraqlıdır”

Tağı Əhmədovu teatr binasında görəndən sonra Moemin nə demək istədiyini daha yaxşı dərk etdim. Həqiqətən də Tağı Əhmədovu teatr binasında görmək, istənilən tamaşaya baxmasından daha maraqlıdır.

xxx

İki növ metro dilənçiləri var. Birincisi, klassik metro dilənçiləridir. Onlar müxtəlif obrazlara girib adamlarda mərhəmət hissi oyatmağa çalışırlar. Biri deyir atam-anam yoxdur, biri deyir dərman almağa pulum yoxdur, biri özünü lal kimi göstərir, biri özünü kar kimi göstərir. Klassik metro dilənçilərindən bəziləri müqəddəslərin adlarını sadalayaraq adamlarda xof yaradırlar. Adamlar da qorxub onlara pul verirlər. Nə etsinlər. Biri nişan üzüyünün qayıtmasından, qaytarılmasından qorxur. Biri oğlunun hərbi xidmətdə “ehtiyatsızlıq edib özünü öldürməsindən” qorxur. Biri qorxur ki, nişanlısının atası ölər, toy təxirə düşər. Biri yanındakı qızdan utanıb klassik dilənçiyə pul verir. Biri maaşının azaldılmasından qorxur, biri işdən qovulmağından qorxur. Beləcə, hərə bir şeydən qorxub klassik dilənçilərə nəzir verir. Əslində buna nəzir demək bir az çətindir. Bu nəzirdən daha çox, vergiyə oxşayır.

İkincilər, daha müasir, moderin dilənçilərdir. Dayanırlar aparatların yanında, əllərində iyirmi qəpik, kartı olan adamlardan onları metroya keçirməyi xahiş edirlər. Basabas yaranır, aləm qarışır. Maşın sürən, metrodan istifadə etməyən adamların bu həngamədən xəbərləri yoxdur. Aparatın yanında dayanıb əlində iyirmi qəpik tutanlar şükürlüdürlər, elələri var ki, düz girişdə dayanırlar. Hətta bəziləri bir manat uzadıb, sonra xırdasını gözləyir. Yaxşı, tutaq ki, kimsə metro kartını unudub. Axı hər gün bu qədər adamın metro kartının evdə qoyub bayıra çıxması inandırıcı görünmür. Bəsdirin, lütfən özünüzə kart alın. Həm öz canınız qurtarsın, həm də başqalarının. Birdə görürsən ki. böyük bir ailə dayanıb girişdə, kartı olan adam gözləyirlər. Gəlin, baldız, uşaq, xalaqızı, xalaoğlu, əmiqızı, əmioğlu. Bilirsən şadlıq evindən çıxıblar, yoxsa xınayaxdı mərasimindən gəliblər. Başlarında lələklər, yanaqları zərli, çiyinlərində “pavarotnik”lər, kişilər qırmızı qalstuklu, uşaqları gələcəyin YAP-çısı kimi geyindiriblər. Deyirlər, gülürlər, amma metro kartı almaq heç həvəsləri yoxdur. Girişdə dayanıb kartı olan adam gözləyirlər. Bəli, Azərbaycanda hər yenilik özüylə təzə problemlər gətirir. Hər yenilik bizim davranışımızda təzə naxışlar əlavə edir. Xalqın ərkyana davranışından yaranan münasibəti mən iqnora qoyuram. Əlində pul mənə yaxınlaşan adamları eşitmirəm. Çox vaxt üzlərinə baxmıram. Bütöv bir ailə üzvlərinin bir kart almağa canları çıxırsa, qoy mən onların nəzərində olum pis adam. Hərçənd o gün nizamnaməni pozmalı oldum. Xətai stansiyasında 10-12 yaşlı bir uşaq mənə yaxınlaşıb onu metroya keçirməyimi xahiş etdi. Soruşdum ki, bəs mən gəlməsəydim nə edəcəkdin?
Dedi: “Mən bilirdim ki, sən gələcəksən”. Çox yaradıcı cavab idi. Baxdım uşağa, gördüm kitab oxuyan uşağa oxşayır. Ət yeyən quş dimdiyindən, kitab oxuyan insan danışığından, sifətinin ifadəsindən tanınar. Nizamnaməməni pozub onu metroya keçirtdim...