Milçəyin başı

milceyin-basi-
Oxunma sayı: 701

Bu cümləni Viktor Hüqonun “Paris Notr-Dam Kilsəsi” romanından iqtibas etmişəm. Keşiş Klod Frollo ilə filosof Pyer Qrenquarın dialoqundandır. Bu gün publisist - Seymur Baycan, yazıçı - Aqşin Yenisey, Əli Əkbər, köşə yazarı - Zamin Hacı və adını çəkmədiyim bir sıra yazıçılar bütün məhrumiyyətlərə baxmayaraq cəmiyyətimizdəki eybəcər cəhətləri çəkinmədən yazırlar. Onları susdurmaq mümkün deyil. Fədakardırlar. Əgər bu gün kitab mağazalarına gənclərin axını varsa, az da olsa, gənclərimiz kitab, qəzet oxuyursa, bunda adını sadaladığım yazarların rolunu inkar etmək qeyri-mümkündür. Bu gün o qədər yazıçılar var ki, şirin quyruğudurlar. Hansı biri gənclər arasında Seymur Baycandan, Aqşin Yeniseydən daha çox sevilir? Hansı birinin romanı gənclər arasında daha çox müzakirə olunur? Bəli, nə qədər çətin olsa da, adını sadaladığım yazarlar milçəyin başı olmağı, şirin quyruğu olmaqdan üstün tuturlar. Məhz buna görə də onlar daha çox sevilməyə layiqdirlər...

Dörd ildə iki dəfə oxunan kitab

Mən özüm Mingəçevirdə oluram. Hər həftə kitabxanaya gedib, bir kitab götürüb, gəlib evdə yatağıma uzanıb, mütaliə etməyi çox sevirəm. Dövlət kitabxanalarından kitab götürənlər bilər: kitabın üz qabığının içəri hissəsinə şaquli istiqamətdə bir kağız yapışdırılır. Həmin kağızda kitabın geri qaytarılması müddəti göstərilir. Yəni, həmin kağıza baxaraq, indiyə kimi, neçə nəfərin kitab oxuduğunu müəyyənləşdirmək mümkündür. Məsələn, elə bu şənbə Viktor Hüqonun “Paris Notr-Dam Kilsəsi” və “Səfillər” romanını təkrarən mütaliə etmək üçün götürdüm və çox məyus oldum. Təsəvvür edin, 2007-ci ildə kitabxanaya təqdim olunmuş “Paris Notr-Dam Kilsəsi” romanı cəmi iki nəfər tərəfindən oxunub. Tarixləri olduğu kimi verirəm:

21. VIII.08
20. VIII.10

Necə deyərlər, şərhsiz. Kitabın rayonlarda, digər şəhərlərdə təbliğinə daha çox ehtiyac var, nəinki paytaxtda. Ona görə də, rayonlarda da özəl kitab mağazalarının açılması üçün Seymur Baycan, Aqşin Yenisey kimi yazarlarımız təbliğat aparsa, zənnimcə, çox böyük effekti olar.

O ki qaldı mənə... Mən hər həftə öz yazarlarımız da daxil olmaqla, klassik dünya yazarlarının əsərləri haqqında məqalələr yazmağa çalışacam. İstərdim ki, mənim də gənclərimizin kitaba həvəs göstərməsində azacıq da olsa, xidmətim olsun.

Bu tribunadan öz sözümüzü deməyə şərait yaratdığına görə Qafqazinfo-ya öz təşəkkürümü bildirirəm. Hər həftə yeni yazılarla görüşmək ümidilə...