Milli Məclis “avtoş”ların işinə baxacaq

milli-meclis-avtoslarin-isine-baxacaq-
Oxunma sayı: 682

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfail Cəbrayılov cümə axşamı Trend-ə bildirib ki, bununla bağlı onun irəli sürdüyü təklif parlamentin builki payız sessiyasında müzakirəyə çıxarılacaq.

"Hazırda avtoxuliqanlıq edən, avtomobili ətrafdakı şəxslərə təhlükə törədəcək tərzdə idarə edən şəxslər yalnız kiməsə xəsarət yetirdikdə Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə məsuliyyətə cəlb olunur. Digər hallarda həmin sürücü yalnız cərimə edilir", - Cəbrayılov deyib.

Deputat qeyd edib ki, digər tərəfdən, işi ilə bağlı tələsən və ya ehtiyatsızlıqdan insanı vurmuş məsuliyyətli sürücü ilə avtomobili iki təkər üstə qaldıraraq piyadaya xəsarət yetirmiş şəxs eyni maddə və eyni qaydada məsuliyyətə cəlb olunur.

"Bu, ədalətli deyil və cinayət məcəlləsində öz əksini tapmalıdır", - o bildirib.
Hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 263-cü maddəsinə görə, nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məcəllənin bu maddəsi ilə nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda - beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.