Milli Məclisin üzvləri niyə 1300 manata məhkum edilib? - Təzad

milli-meclisin-uzvleri-niye-1300-manata-mehkum-edilib-tezad-
Oxunma sayı: 746





Milli Məclis dövlət büdcəsinə əlavə də dəyişikliyi qəbul etdi. Məlum olduğu kimi büdcəyə əlavə və dəyişikliklər zamanı bir sıra sahələrdə xərclər artırıldı, bəzi layihələrin maliyyələşdirilməsi dövlət sənədinə daxil edildi. “Qafqazinfo”nun məlumatına görə, təkcə dövlət investisiya xərclərinə 2 milyard 400 milyon manat ayrılması qərara alındı. Yeri gəlmişkən, deyək ki, bu fantastik məbləğ “Eurovizion-2012”yə ev sahibliyi etmək üçün xərclənəcək vəsaitlərə daxildir. Yəni müsabiqənin keçirilməsi üçün arenanın tikintisi, otellər və digər zəruri vasitələrin hazırlanmasına hesablanıb. Sosial sahəyə 305 milyon manat, müdafiə sahəsinə 39 milyon 735 min ayrılıb. Məlum olduğu kimi ayrılan vəsaitlərin bir hissəsi maaşların artımına sərf olunacaq. Bu arada maraq üçün qeyd edək ki, hazırda ölkənin valyuta ehtiyatları 30 milyarda çatıb. Elə bir neçə gün əvvəl Milli Məclisdə dövlət büdcəsinə edilən əlavə və dəyişikliklə 2011-ci il dövlət büdcəsinin gəlirləri 3 milyard 493 milyon manat məbləğində artaraq 15 milyard 554 milyon manat təşkil edib.

Göründüyü kimi Azərbaycanın dövlət büdcəsi hər il dinamik templə artır. Və bu artım büdcədən maliyyələş təşkilatlarda çalışanların əmək haqlarında özünü göstərir. Lakin maraqlıdır ki, bu artım Milli Məclisin deputatlarının maaşlarında hiss olunmur. Dəfələrlə millət vəkilləri tərəfindən deputatların maaşlarının artırılması qaldırılsa da, bu fakt nəzərə alınmayıb. Maraq üçün qeyd edək ki, hazırda Milli Məclisin deputatları təxminən 1300 manat civarında əmək haqları alır. Onların maaşları sonuncu dəfə 2007-ci ildə cəmi 25 faiz artıb. Hazırda Azərbaycanda bir çox sahələrdə əmək haqları yüksəkdir, o cümlədən məhkəmə, prokurorluq sistemi, digər hüquq-mühafizə orqanlarında vəzifə tutan şəxslər yüksək əmək haqları alırlar. Bu əmək haqlarının məbləği orta hesabla 1500 manat təşkil edir. Bu sıraya əksər nazirliklərin, icra hakimiyyətlərinin səlahiyyətli şəxslərini də aid etmək olar. Hətta Azərbaycanda bir çox hallarda qeyri-dövlət sahəsində çalışanlar 1500-2000 min manat məvacib alır. Bəs onda maraqlıdır ki, niyə öz statusuna görə heç də yuxarıda sadalanan sahələrdə çalışan şəxslərdən geri qalmayan, cəmi sayı 125 nəfər təşkil edən, ali qanunverici orqan kimi hakimiyyətin üç əsas qolundan birini tutan Milli Məclisə münasibət belə aşağıdır? Bayaq dediyimiz kimi bu məsələ dəfələrlə deputatlar tərəfindən qaldırılsa da, nəzərə alınmayıb. Hazırda bəzi dairələrdə söhbətlər var ki, deputatların maaşları payız sessiyası başlayanda artırılacaq. Ancaq bu da inandırıcı görünmür.

Bu yerdə bir məqamı da vurğulayaq ki, millət vəkilləri bu gün ən çox xərcləməyə məcbur olan vəzifə sahiblərdir. Onların əksəriyyəti demək olar ki, hər gün seçildiyi ərazilərdə insanların xeyir-şərində iştirak etmək məcburiyyətində olurlar. Bəzən qəbul etdikləri seçicilərinin problemlərini həll etmək üçün istər-istəməz əllərini ciblərinə salmalı olurlar ki, bütün bunlar da qeyd etdiyimiz kimi 1300 manatla başa gəlmir. O zaman necə çatdırırlar bunları? Axı bu gün hər kəs etiraf edir ki, Bakı olduqca bahalı şəhərdir və bizim paytaxtda üzdə olan insan üçün 1300 manatla baş girələmək mümkün deyil... O zaman deputatlarımız necə və nəyin hesabına dolanır? Təkcə bir faktı deyək ki, onların hamısı sürücü saxlayırlar... Belə olan vəziyyətdə sizcə 1300 manatla dözmək mümkünmü?

Lakin bir məsələ də var ki, deputatların böyük bir hissəsi əlavə vəzifə və iş sahibləri olduğundan heç Milli Məclisdən aldıqları maaşa ehtiyac görmürlər. Bildiyimiz kimi hazırkı deputatların bir hissəsi partiya sədrləri, rektorlar, iş adamları, başqa vəzifə sahibləridir. Və onların gəlirləri yetərli olduğu üçün səslərini çıxarmırlar.

1300 manatın ümidinə qalan bir qrup deputatın isə ayrı formada maliyyələşdirildiyi haqda cəmiyyətdə kifayət qədər informasiyalar var. Bu da həmin deputatların aylıq paketlər alması ilə bağlıdır. Və belə bir situasiya onları qane etdiyi üçün maaş davası etmək istəmirlər.

Bəlkə elə bu amilləri nəzərə alıb onların maaşlarını artırmırlar, hə?..